Mədəniyyət Nazirliyinin kitabxana əməkdaşları arasında keçirdiyi attestasiya cəmiyyətdə bir kitablıq söz-söhbət yaradıb. Onlarla kitabxanaçı illərlə bu sahədə çalışdıqlarını, lakin İKT üzrə suallara görə peşəkar hesab edilmədiklərini deyir. Sosial şəbəkələrdə emosional paylaşımlar edilir, nazirlik tənqid olunur, uzun illərini kitabxana işinə həsr etmiş insanların taleyindən danışılır.
Bu narahatlığı başa düşmək çətin deyil. İş yerini itirmək hər bir insana ağır zərbədir. Xüsusilə söhbət ömrünün 20-30 ilini eyni sahəyə vermiş insanlardan gedirsə, onların başqa gəlir mənbəyi yoxdursa... Hələ himayəsində uşaq, ata-ana olanı varsa.
Amma məsələyə yalnız duyğusal tərəfdən yanaşsaq, əsas sualı görməyəcəyik.
Əsas sual budur: Azərbaycanda kitabxanalar doğrudan da yaşayırdı, yoxsa dövlət illərdir “kitabxana” adlandırdığımız, əslində isə oxucusunu, missiyasını və nəfəsini itirmiş bir sistemi maliyyələşdirirdi?
Sovet dövründə kitabxana kəndin, rayonun ən vacib mədəniyyət ocaqlarından biri idi. İnternet yox idi, elektron kitab yox idi, yəni məlumat əldə etməyin əsas yolu kitabxanadan keçirdi.
Bu gün isə məsələ tamamilə dəyişib. İnsanlar kitabı telefonunda oxuyur, elmi məqaləni internetdən tapır, audiokitab dinləyir, süni zəkadan istifadə edərək saniyələr ərzində axtardığı məlumata çatır.
Kitabxanalar isə bu dəyişikliklərin harasındadır?
Kitabxanaların böyük hissəsi illərdir əvvəlki missiyasını itirib. Elə kitabxanalar var ki, aylarla qıfılı açılmır. Oxucudan isə söhbət gedə bilməz. Gənclərin axtardığı müasir Azərbaycan yazıçılarını, dünya bestsellerlərini, yeni elmi nəşrləri bir çox kitabxanada tapmaq mümkün deyil.
Belə olan halda oxucu niyə kitabxanaya getsin?
Kitabxananın qapısı aylarla açılmırsa…
Yeni kitab alınmırsa…
Yalnız statistika üçün yaşayırsa…
Onda problem attestasiya deyil, problem həmin modelin özüdür.
İyunun 10-da Milli Məclisin Mədəniyyət komitəsində keçirilən “Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda
ictimai dinləmədə təqdim olunan hesabat əslində illərdir danışılan problemləri rəqəmlərlə ortaya qoydu.
Adil Kərimli təsadüfi olaraq bildirmədi ki, mövcud kitabxana şəbəkəsi ölkənin tələbatının cəmi 35 faizini qarşılayır.
Nazirin səsləndirdiyi 35 faizlik göstərici onu deməyə əsas verir ki, problem ayrı-ayrı kitabxanalarda və ya əməkdaşlarda deyil, bütövlükdə sistemdədir.
Hesabatda diqqət çəkən başqa bir məqam da var. Mədəniyyət Nazirliyi bildirir ki, monitorinqlər zamanı bəzi kitabxanalar tərəfindən faktiki kitab fondu və real oxucu sayı barədə düzgün məlumat təqdim edilməyib.
Kitabxana fondlarında 18 milyon 894 min 915 nüsxə kitab var. Qeydiyyatda isə 954 min 260 oxucu görünür.
Nazirliyin təqdim etdiyi statistikaya görə, ölkədə fəaliyyət göstərən kitabxanaların 90 faizindən çoxu bina, struktur və xidmət baxımından beynəlxalq standartlara cavab vermir. Kitabxanaların cəmi 20 faizində internet var. 96 faizində müasir avtomatlaşdırılmış kitabxana idarəetmə sistemi tətbiq edilməyib. Ümumi kitab fondunun 57,6 faizi hələ də kiril qrafikasındadır. 6461 əməkdaşın isə cəmi 7,7 faizi kitabxanaçılıq üzrə ali ixtisas təhsili alıb.
Məhz buna görə Mədəniyyət Nazirliyi kitabxana sistemini rəqəmsallaşdırmaq istəyir.
Bəziləri bunu təhlükə kimi görür. Əslində isə bu, dünyanın artıq keçdiyi yoldur.
Finlandiyada kitabxanalar rəqəmsal xidmətlərin əsas mərkəzlərindən biridir. Türkiyədə son illər ictimai kitabxanalar yenidən qurulur, səyyar kitabxana xidməti genişləndirilir. ABŞ və İngiltərədə kitabxanalar artıq təkcə kitab oxunan məkan deyil, təhsil, innovasiya və icma mərkəzləri kimi fəaliyyət göstərir. Yaponiyada isə müasir texnologiyalar ənənəvi kitabxana mədəniyyəti ilə birləşdirilib. Mədəniyyət Nazirliyinin təqdimatında da məhz bu ölkələrin təcrübəsi nümunə kimi göstərilir.
Elektron kitabxana nə verir?
Əslində məqsəd kitabxananı bağlamaq yox, kitabı kitabxanadan çıxarıb oxucunun cibinə yerləşdirməkdir.
Yeni modeldə bütün kitabxanaların vahid elektron idarəetmə sisteminə qoşulması, vahid elektron kataloqun yaradılması, elektron kitabxana xidmətlərinin 24 saat əlçatan olması, kitabların poçt vasitəsilə oxuculara çatdırılması, ucqar kəndlər üçün səyyar kitabxanaların təşkili, şəxsiyyət vəsiqəsi ilə ölkənin bütün kitabxanalarından istifadə imkanının yaradılması nəzərdə tutulur.
Yəni:
Ucqar dağ kəndində yaşayan məktəbli Bakıda olan kitaba çıxış əldə edir; nadir əlyazmalar rəqəmsallaşdırılaraq gələcək nəsillər üçün qorunur; oxucu saniyələr ərzində istədiyi kitabı tapa bilir; fiziki olaraq kitabxanaya gələ bilməyən insanlar da xidmətlərdən istifadə edir.
Amma islahat təkcə kompüter almaq və ya proqram təminatı qurmaq deyil. İslahat ilk növbədə insan hazırlamaqdır.
İlərlə kitabxanada çalışmış əməkdaşın qarşısına yeni tələblər qoyulursa, dövlət onu bu tələblərə hazırlamalıdır. Təlim keçməli, yeni proqramları öyrətməli, keçid dövrü yaratmalıdır. Ədalətli islahat yalnız nəticə tələb edən yox, nəticəyə çatmaq üçün imkan yaradan islahatdır.
Bir vaxt müəllim diplomunu alıb ömrünün sonuna qədər eyni biliklə işləyə biləcəyini düşünürdü. Müəllimlərin sertifikatlaşdırılması başlayanda ən sərt etirazlar da həmin düşüncədən doğurdu. Bu gün isə cəmiyyətin böyük hissəsi qəbul edir ki, müəllim daim öyrənməlidir. Daha çox çalışan, özünü inkişaf etdirən, sertifikasiyadan keçən müəllim daha yüksək maaş alır və daha yaxşı məktəbdə işləyir. Tibb işçiləri də elə. Hakimlər, prokurorlar, bank işçiləri, jurnalistlər, mühəndislər yeni texnologiyalara uyğunlaşmaq üçün mütəmadi təlimlər alırlar. Peşəkar inkişaf artıq bütün sahələrdə iş həyatının ayrılmaz hissəsinə çevrilib. Kitabxanaçılar da bu prosesdən kənarda qala bilməz.
XXI əsrin kitabxanaçısı elektron kataloqla işləməyi, rəqəmsal bazaları idarə etməyi, oxucunu elektron resurslara yönləndirməyi bacarmalıdır.
Bu gün islahatı tənqid edənlərin cavab verməli olduğu əsas sual budur: biz keçmişin kitabxanasını qorumaq istəyirik, yoxsa gələcəyin kitabxanasını qurmaq? Bu gün attestasiyadan keçən kitabxanaçılar yox, əslində, bütövlükdə Azərbaycan kitabxana sistemidir. Bu sistem ya XXI əsrin tələblərinə uyğun yenilənəcək, ya da köhnə modelin yükü altında daha da batacaq...
Azər,
BakuPost