Ru
15:25 / 30 İyul 2026

“İKT bilməyən kitabxanaçını işdən çıxarmaq düz deyil” - Deputatdan ETİRAZ

“İKT bilməyən kitabxanaçını işdən çıxarmaq düz deyil” -  Deputatdan ETİRAZ
Eye

Mədəniyyət Nazirliyinin kitabxana işçiləri üçün keçirdiyi attestasiya ilə bağlı müzakirələr davam edir. Kitabxanaçılar bildirirlər ki, onlara əvvəlcədən təlim keçirilmədən İKT (İnformasiya və Kommunikasiya Texnologiyaları) ilə bağlı texniki suallar verilib, nəticədə yüzlərlə əməkdaş işdən çıxarılıb.

Onlar bir sıra kitabxanalarda internet, kompüter və digər texniki imkanların olmadığını vurğulayaraq belə şəraitdə multimedia və texnologiya üzrə biliklərin tələb edilməsindən narazılıq edirlər. İşdən çıxarılanlar arasında onkoloji xəstəliyi, əlilliyi olanlar və təqaüd yaşına çox az vaxt qalan əməkdaşların olduğu da qeyd edilir.

Məsələ ilə bağlı Milli Məclinin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Bakupost”a bildirdi ki, attestasiya işçilərin peşə biliklərini, ixtisas səviyyəsini və praktik bacarıqlarını müəyyənləşdirmək məqsədi daşıyır. Onun sözlərinə görə, attestasiya komissiyasının qərarı tövsiyə xarakterlidir və həmin qərarın icra olunub-olunmaması müəssisə rəhbərinin və ya işəgötürənin səlahiyyətindədir:

“Kitabxanaçılıq spesifik və hazırda islahatlara ehtiyac olan bir sahədir. Amma şikayətlərin əsas hissəsi İKT (İnformasiya və Kommunikasiya Texnologiyaları) sahəsi ilə bağlı verilən suallarla əlaqədardır. Bu suallara cavab verə bilməmək insanların sonrakı taleyinə təsir göstərir. Hesab edirəm ki, burada praktik yanaşma olmalıdır”.

Musa Quliyev vurğulayıb ki, uzun illər kənd və rayonlarda kitabxanalarda çalışan, praktiki təcrübəsi və bacarığı olan şəxslərin yalnız İKT biliklərinə görə qiymətləndirilməsi doğru deyil:

“İKT sahəsini həmin insanların qısa müddətdə öyrənə bilməsi də böyük sual doğurur. Onlara müəyyən qədər vaxt verilməsi daha doğru olardı. Eyni zamanda aydınlaşdırılmalıdır ki, bu insanlar attestasiya öncəsi İKT sahəsində biliklərinin artırılması üçün kurslara cəlb olunublarmı, həmin kursların davamiyyəti necə olub. Mədəniyyət Nazirliyi, yəqin, bununla bağlı açıqlama verər”.

Deputat bildirib ki, yalnız İKT biliklərinin olmaması kitabxanaçıların işdən azad edilməsi üçün əsas olmamalıdır:

“Bir çox kəndlərimizdə, rayonlarımızda normal internet işləmir. Belə şəraitdə elektron kitabxanaçılıqdan danışmaq çətindir. Əvvəlcə maddi-texniki baza yaradılmalı, daha sonra işçilərdən bunlar tələb edilməlidir. Karl Marksın gözəl bir sözü var: “Şərait insanın şüurunu müəyyənləşdirir” və yaxud “ictimai varlıq ictimai şüuru müəyyənləşdirir”. Bu gün uzun illərini kitabxanaçılıq sənətinə həsr etmiş insanı İKT sahəsini bilmir deyə işdən azad etmək doğru deyil. Onları başqa vəzifəyə keçirmək, vaxt vermək olar. Bu insanların bu şəkildə işdən çıxarılması onların sosial vəziyyətini ağırlaşdırır və yenidən iş tapmalarını çətinləşdirir”.

Musa Quliyev Mədəniyyət Nazirliyini məsələyə humanist yanaşmağa çağırıb:

“Hesab edirəm ki, bütün bunları hörmətli mədəniyyət nazirimiz də nəzərə almalıdır. Qərar verərkən bir az humanist yanaşmaya ehtiyac var. İşçilər də bilməlidirlər ki, bundan sonra zamanın tələbi olan İKT sahəsini öyrənmək vacibdir. Narazı olan şəxslər əvvəlcə nazirliyin rəhbərliyinə müraciət edə bilərlər. Qaneedici cavab almadıqları halda mediasiya xidməti və məhkəmələr vasitəsilə hüquqlarını tələb edərlər”.

Deputat sonda attestasiyaların insanyönümlü keçirilməsinin, işçilərin bilik və bacarıqlarının artırılması üçün şərait yaradıldıqdan sonra onların qarşısına tələb qoyulmasının tərəfdarı olduğunu bildirib.

Lalə Novruz,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar