Ru
15:17 / 10 Avqust 2022

Dağ başında qurulan sehirli məkanda üç gün... - Yaylaq təəssüratı

8410
Naibə Şahməmmədova,
Sənətşünaslıq üzrə fəlsəfə doktoru,
Milli Konservatoriyanın dosenti,
Əməkdar Müəllim









Göygölün Hacıkənd qəsəbəsində keçiriləcək II Yaylaq festivalına çalışdığım Azərbaycan Milli Konservatoriyasının dəvətli olduğunu biləndə çox sevindim. Çünki Hacıkəndin nə qədər füsünkar gözəlliyə malik olduğunu bir gəncəli kimi bilirdim. Axı, uşaqlıq illərim orada keçmişdi...


Hər həftənin altıncı və bazar günləri atam ailəmizi Hacıkəndə dincəlməyə aparardı. Biz orada moruq, çiyələk, kəklikotu, qoz, fındıq, zoğal yığar, sonra evə gətirib anamla qışa hazırlıq üçün kəklikotu qurudar, zoğal, moruq, qoz mürəbbəsi hazırlayardıq. Bir sözlə, həm dincələr, həm gəzər, həm də Hacıkəndin gözəl dağ havasından zövq alardıq. Beləcə uşaqlıq xatirələrimə qayıdaraq Yaylaq festivalının məhz Hacıkənddə necə möhtəşəm keçiriləcəyini xəyalımda canladırıb, 29-31 iyulda nəzərdə tutulmuş bu festivalı görməyi səbirsizliklə gözləyirdim.


Bəli, zənnim məni aldatmamışdı. Festivalın birinci günü günorta saatlarında Yaylağa çatar-çatmaz kiçikdən böyüyə çoxsaylı insan axınının, çoxlu sayda maşın növbələrinin şahidi olduq. Hamı böyük həvəslə dağ başında qurulmuş o sehirli məkanı görməyə tələsirdi. Lakin maşın sıxlığı həddən artıq çox olduğu üçün biz vaxt itirmədən Azərbaycanın dilbər güşələrindən olan Göygölün füsünkar gözəlliyini seyr etmək üçün Göygölə qalxdıq. Əzəmətli Kəpəzin aynası adlandırılan, Azərbaycanın ən gözəl təbiət müzeyi sayılan Göygöl hər zamanki kimi çox gözəl idi. Suyu o qədər duru idi ki, yuxarıdan baxanda gölün dibi aydın görünürdü. Nanə-yarpızlı samovar çayı içib, xamalı göy kətəsi yedikdən sonra xeyli gəzdik və Yaylağa rahat çatmaq üçün festivalın ikinci günü səhər tezdən getməyi planlaşdırdıq.





Səhər saatları olmasına baxmayaraq, şənlik çal-çağırı, musiqi sədaları artıq hər yerə yayılmışdı. Milli Konservatoriyamızın “Naz-Nazı” milli alətlər qrupu (rəhbəri xalq artisti Malik Mansurov) öz çıxışına hazırlaşana qədər bizə ayrılmış üstüörtülü bir guşədə yer aldıq və orada müşahidə etdiklərimi, təəssüratlarımı sizinlə bölüşmək istəyirəm.
İlk dəqiqələrdən Yaylağın heyrətamiz gözəlliyi və dağ havası adamı valeh edirdi. Sanki başqa bir aləmdə idim. Təsəvvür edin, dağın ətəyində bu günkü zaman, dağın başında tarixi keçmişimiz... Bu təzadı yalnız orada görmək olardı. Uşaqlıq illərimdən efirlərimizdə gördüyüm Azərbaycanını tarixi film səhnələrinin göz önündə olması sözün əsil mənasında məni uzaq tarixi keçmişimizə aparmışdı. ”Nəsimi”, ”Dədə Qorqud”, “Babək”, “Dəli Kür” və s. kimi tarixi filmlərimizdə yer almış möhtəşəm səhnələr, el şənlikləri... At çapma yarışına qatılan kim, oxatma yarışında qalib olan kim, aşıq deyişməsində söz sahibliyini qazanan kim, qol gücü sınağında özünü sınayan kim, pəhlivanlıq edən kim... Çoxsaylı alaçıqlar, ağ çadır, qızılı, yaşıl, qırmızı çadır, nəhayət lap zirvədə Xan çadırı. Bir sözlə, keçmişimizi xatırlayan nə vardısa, göz oxşayırdı. Cıdır düzü, yaylaq bazarı, Aşıq Ələsgər ocağı və bir çox tematik sahələr güşəsi diqqəti cəlb edirdi. Sənətkarlıq güşələrində Gəncə səbətləri, misgərlik nümunələri, nənələrimizdən bizə miras qalan kəlağayı mədəniyyətinin təbliği məqsədi ilə 150 dən artıq rəngbərəng çeşidli kəlağayı nümayişi və s. Xüsusi qurulan guşələrdə insanlar milli mətbəx yeməklərindən və milli şirniyyatlarımızdan dadırdılar. Xüsusən əl işləri nümayişləri mənim diqqətimi çəkdi. Çünki onların əksəriyyəti xeyirriyyə məqsədi ilə satışa çıxarılmışdı.


Onu da qeyd edim ki, Azərbaycanın kifayət qədər məhşur simalarını da burada görmək olardı. Diqqəti cəlb edən məqamlardan biri də festivalda çoxlu yerli və xarici turistlərin iştirakı idi. Belə ki, xarici turistlərin burada olması Azərbaycanımızın milli-mədəni dəyərlərinin təbliği, yaylaq və elat mədəniyyətinin yaşadılması və beynəlxalq miqyasda tanıdılması baxımından önəmli idi. Onlar yerli jurnalistlərə müsahibələrində öz ölkələrinə qayıdarkən, Azərbaycan mədəniyyətinin bir hissəsini, bir parçasını aparacaqlarını və bizim xalqımızın necə sülhsevər, qonaqpərvər bir xalq olduğu barədə danışacaqlarını deyirdilər.




Festivalda 22 ölkədən - qardaş Türkiyədən, Rusiyadan, Ukrayinadan, Özbəkistandan, Qırğızıstan, Qazaxıstan, Monqolustan, İrandan və digər ölkələrədən qonaqlar yer almışdı. Azərbaycan Milli Konservatoriyasının “Naz-Nazı” milli alətlər qrupu öz çıxışını Nüşabə Kərimova və Məhərrəm Həsənovun ifasında “Xüdayar təsnifi” ilə başladı. Böyük alqışlarla qarşılanan ifaçılar daha sonra çıxışlarını “Gəncədən fayton gəlir” xalq mahnısı, Fikrət Əmirovun “Gülür ellər”mahnısı və ”Qarabağ şikəstəsi” ilə davam etdirdi. Milli alətlərimizin ahəngi xarici qonaqların marağına səbəb olmuşdu. Digər ölkələrdən gələn kollektivlərin də maraqlı, rəngarəng çıxışları yaylağa xüsusi rəng qatırdı.


Xeyli gəzərək əsl Yaylaq ab-havası ilə axşama doğru biz artıq şəhərə qayıtdıq. Beləcə Yaylaq festivalı haqqında təəssuratlarımın yalnız bir qismini sizinlə bölüşdüm. Onu da qeyd edim ki, bir pianoçu kimi ölkəmizdə və bir neçə xarici ölkərdə keçirilən musiqi festivallarında solist, yaxud müşaiətçi kimi iştirak etmişəm. Ancaq II Yaylaq festivalı qədər genişmiqyaslı, təntənəli, yaddaşlardan silinməyəcək, möhtəşəm, fərqli festivalı heç yerdə görməmişdim. Belə gözəl tədbirdə iştirak etmək üçün dəvət aldığımız Gəncə Mədəniyyət İdarəsinin rəhbərliyinə və onun əməkdaşlarına, İcra Hakimmiyətinə dərin minnətdarlığımı bildirməyi özümə borc bilirəm.Və gələn illərdə yenə də belə festivalın keçirilməsini arzulayıram.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər