Milli Məclisin iclaslarında danışmayan deputatların adları açıqlanıb.
Bakupost.az xəbər verir ki, bununla bağlı modern.az Parlament Jurnalistləri Birliyinin üzvləri arasında sorğu keçirib.
Sorğu zamanı jurnalistlər parlamentin iclaslarında çıxış etməyən bir sıra deputatların adlarını çəkiblər. Siyahıda adı olan deputatlardan bir neçəsi ilə əlaqə saxladıq.
Millət vəkili
Elnarə Akimova Bakupost.az -a açıqlamasında jurnalistlərin iradları ilə razılaşmadığını bildirib. O, iclaslarda daha yaxşı bələd olduğu mövzularda danışdığını deyib:
“Mən hüquqi və siyasi mövzulara qarışmıram. Daha çox ədəbiyyat, mədəniyyətyönümlü işlərdə, komitə iclaslarında, televiziyalarda daim öndəyəm. Populist çıxışları sevmirəm, daha dərindən bildiyim mövzularda söz deməyi xoşlayıram. Gündəlikdə olan məsələlərələ bağlı çıxış yazıb orda oxumağa nə var ki?! Mən bu yolu seçmirəm.”
Millət vəkili Şahin Seyidzadə də sorğuya dair öz mövqeyini bildirdi:
"Millət vəkilinin səsi sadəcə Milli Məclisin Plenar sessiyası ilə məhdudlaşmır. Millət vəkili xalqla dövlət arasında bir körpüdür. Və bu vəzifəni yalnız parlament tribunasından edilən çıxışlarla məhdudlaşdırmaq, millət vəkili anlayışını dar çərçivədə təsəvvür etmək deməkdir. Reallıqda isə bu vəzifənin əhatə dairəsi daha genişdir. Millət vəkili həm qanunverici, həm də ictimaiyyətin sözçüsü və müdafiəçisi kimi çıxış edir. Millət vəkili yalnız parlamentdə deyil, həm də ictimai rəyin formalaşdığı mətbuatda da fəal iştirak etməlidir. Eləcə də millət vəkilinin əsas vəzifələrdən biri də seçicilərlə daimi təmasda olmaqdır. Müntəzəm olaraq qəbul günləri keçirtmək, vətəndaşların müraciətlərini dinləmək, onların problemlərini araşdırmaq və aidiyyəti qurumlara rəsmi şəkildə yönəltmək onun vəzifəsidir. Bu məktublar və müraciətlər sadəcə yazışma deyil, vətəndaşın səsinin dövlət orqanlarına çatması üçün bir vasitədir."

Bununla belə, siyahıda adı olan bəzi deputatlar yalnız iclaslarda səssiz qalmaqla kifayətlənmirlər. Onlardan əksəriyyətinin əlaqə vasitələri də jurnalistlərə məlum deyil. Belə ki, 850-dən çox jurnalistin birləşdiyi “Az-Media” müzakirə qrupu üzvlərində həmin deputatların telefon nömrələri yoxdur.
Aysel,
BakuPost