Hansı bank etibarlıdır? - SORĞU
Ru
17:09 / 29 Yanvar 2024

Daşkənddə “Heydər Əliyevin həyatının 100 anı” kitabının təqdimatı oldu - FOTOLAR

18587
Özbəkistanın paytaxtı Daşkənd şəhərində “Ulu Öndər Heydər Əliyevin irsinə həsr olunmuş kitabların nəşri” beynəlxalq layihəsi çərçivəsində rus dilinə tərcümə olunaraq işıq üzü görmüş “Heydər Əliyevin həyatının 100 anı” kitabının təqdimat mərasimi keçirilib.


Bakupost.az xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Hüseyn Quliyevin başçılığı ilə səfirliyin əməkdaşları, “Heydər Əliyevin həyatının 100 anı” kitabının müəllifi, “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirli və digər qonaqlar Ulu Öndər Heydər Əliyevin səfirlikdəki büstü önünə gül və çiçək dəstələri qoyublar.


Daşkənd şəhərində Nizami adına Daşkənd Dövlət Universitetində yerli hakimiyyət nümayəndələri, yerli ictimaiyyət və Özbəkistanda fəaliyyət göstərən Azərbaycan diaspor nümayəndələrinin, ictimai-siyasi xadimlərin, elm, təhsil və mədəniyyət işçilərinin iştirak etdiyi təqdimat mərasimi Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rəhbərliklərinin, Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Hüseyn Rzaqulu oğlu Quliyevin təşkilati dəstəyi və kitabın müəllifi, “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirlinin təşəbbüsü ilə təşkil olunub.



Tədbirdə Ulu Öndər Heydər Əliyevin və canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Əvvəlcə təqdimat mərasiminin moderatoru Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov tədbir iştirakçılarını salamlamış və çıxış üçün sözü Nizami adına Daşkənd Dövlət Universitetinin rektoru professor Abduqaffar Qırğızbayevə verib. Rektor professor Abduqaffar Qırğızbayev iki ölkə arasında dostluq və əməkdaşlığın günü-gündən inkişaf etdiyini, möhkəmləndiyini, Özbəkistan dövlət rəhbərliyinin Azərbaycanla sıx əlaqələrin qurulmasına xüsusi diqqət yetirdiyini qeyd edib. O, rəhbərlik etdiyi təhsil ocağının fəaliyyəti haqqında danışaraq, 25 minə yaxın tələbənin oxuduğu Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin Özbəkistanda müqəddəs bir missiyanı həyata keçirdiyini, pedaqoji kadrlar hazırlayaraq ölkənin tərəqqisinə töhvə verdiyini söyləyib. Professor Abduqaffor Qırğızbayev Heydər Əliyev şəxsiyyətinin böyüklüyündən söz açıb, onun təkcə Azərbaycan üçün deyil, Özbəkistan üçün də çox böyük və dəyərli şəxsiyyət olduğunu bildirib. Abduqaffor Qırğızbayev Heydər Əliyevin Sovetlər dönəmində özbək xalqına qarşı həyata keçirilən Pambıq işi və başqa faciə və təxribatların qarşısının alınmasında fədakarlığını xatırladıb.


Sonra tədbirdə çıxış edən Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Hüseyn Quliyev Ulu Öndərin nəsillərə örnək olan həyat yolu, Azərbaycan dövlətinin möhkəmləndirilməsi və dünyada öz layiqli yerini tutması istiqamətində göstərdiyi siyasi fəaliyyət barədə geniş məlumat verib. Səfir Hüseyn Quliyev qeyd edib ki, Azərbaycanda Ulu öndər Heydər Əliyev haqqında çoxlu kitablar yazılıb, yazılır və bundan sonra da uzun illər Heydər Əliyevə həsr olunan böyük, maraqlı, dəyərli əsərlər yaradılacaqdır: “Heydər Əliyev haqqında yazılan hər bir əsəri mən yüksək qiymətləndirirəm. Və ilk növbədə hesab edirəm ki, müəllif Emil Nəsirlinin Heydər Əliyevə həsr olunan bu kitabı, hər şeydən əvvəl, ulu öndərin şəxsiyyətinə böyük hörmətin və ehtiramın ifadəsidir. Heydər Əliyevə həsr olunan “Heydər Əliyevin həyatının 100 anı” kitabında bu hörməti və ehtiramı müşahidə etmək, görmək, duymaq mümkündür. İkinci bir tərəfdən, Heydər Əliyevə həsr olunan bu kitabı mən hər şeydən əvvəl, eyni zamanda, Heydər Əliyevin şəxsiyyətinin, miqyasının və böyüklüyünün etirafının yeni bir nümunəsi sayıram. “Güman edirəm ki, xüsusilə də gənclərin Heydər Əliyevin zəngin irsinin, o cümlədən də, elmi irsini öyrənməsinə bu kitab böyük bir töhfə verəcək” – deyə Səfir xüsusi qeyd edib.




Təqdimat mərasimində çıxış edən yazıçı, alim-tərcüməçi Babaxan Şərif, Qadınlar Komitəsinin eksperti, Özbəkistan Respublikası Mənəviyyat və Maarifçilik Mərkəzinin üzvü Jamilya Şermuxamedova, yazıçı-tərcüməçi Şokir Dolimov, Mirzo Uluqbek adına Özbəkistan Milli Universitetinin kafedra müdiri, fəlsəfə elmləri doktoru Niginaxon Şermuxamedova Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ictimai-siyasi fəaliyyətindən, iki qardaş respublika arasında həm Sovet dövründə, həm də müstəqillik əldə etdikdən sonra münasibətlərin qurulması və inkişafında Heydər Əliyevin tarixi rolunun olduğunu qeyd edərək Azərbaycanla münasibətlərin daim Özbəkistan üçün prioritet olduğunu, Heydər Əliyev tərəfindən möhkəm təməli qoyulan münasibətlərimizin bu gün onun layiqli davamçısı, Azərbaycan prezidenti İlham Əliyev və Özbəkistan prezidenti Şavkat Mirziyoyev tərəfindən uğurla davam etdirildiyin vurğulayıblar.


Təqdimat mərasimində “Heydər Əliyevin həyatının 100 anı” kitabının müəllifi, “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirli çıxış edib. Müəllifi olduğu “Ulu Öndər Heydər Əliyevin irsinə həsr olunmuş kitabların nəşri” beynəlxalq layihəsi çərçivəsində Azərbaycan, ingilis, rus, rumın və ivrit dillərində işıq üzü görmüş “Heydər Əliyevin həyatının 100 anı” kitabı haqqında geniş məlumat verən Emil Nəsirli vurğulayıb ki, müasir və müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinin keçirilməsi haqqında dövlətimizin başçısının Sərəncamı ölkə ziyalıları və elm xadimləri tərəfindən sevinclə qarşılanıb: “Bu dahi şəxsiyyətin yubileyini qeyd etməklə biz dövlətçiliyimizin tarixi ənənəsini yaradırıq. Bu ənənəni gənc nəsil əsrlər boyu davam etdirəcək və gələcəkdə Azərbaycan dövlətini Heydər Əliyev kimi fenomen bir şəxsiyyətin yaratdığını biləcək, Onun irsini daha dərindən öyrənəcəklər”.




Müəllif Emil Nəsirli onu da diqqətə çatdırıb ki, Ümummilli Lider Heydər Əliyevin siyasi, elmi, mənəvi irsi bütövlükdə Azərbaycanın dövlətçilik məfkurəsinin formalaşmasına, Azərbaycanda praktik siyasətin formalaşıb, müəyyənləşib, həyata keçirilməsinə böyük töhfələr verib, bu gün də verməkdədir. Və uzun illər, nə qədər ki, Azərbaycan olacaq həmişə Azərbaycanın inkişaf yoluna bir mayak kimi işıq saçacaqdır. Kitabın çox mühüm məziyyətlərindən biri təbii ki, Heydər Əliyevə sevgi, hörmət və ehtiramı özündə ehtiva etməsi sayılmalıdır. Emil Nəsirli onu da deyib ki, bu kitab dahi şəxsiyyət Heydər Əliyev irsini öyrənmək istəyən gənclərimiz üçün xüsusi önəm daşıyır: “Biz nəzərdə tutmuşuq ki, gələcəkdə kitabı həm də çin, fransız, ispan və başqa dillərə tərcümə edək ki, mümkün qədər dost ölkələrin hamısında yayılsın. Artıq kitabın ivrit dilinə tərcüməsi başlanılıb. Əsərin məzmunu təxminən Ulu öndər Heydər Əliyevin bütün fəaliyyəti, münasibətlər sisteminin, eləcə də, Onun quruculuq, yaradıcılıq fəaliyyətinin əsaslarını əhatə edir. “Bütün bunlar onu deməyə əsas verir ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi kursu Prezident İlham Əliyevin çox uğurla davam və inkişaf etdirməsi, eləcə də dinamik, çoxşaxəli və milli maraqlara əsaslanaraq həyata keçirilən xarici siyasət nəticəsində Azərbaycanın çox böyük uğurlara imza atması ölkəmizin dünya birliyində mövqelərinin yüksəlməsini təmin etmişdir. Güman edirəm ki, xüsusilə də gənclərin Heydər Əliyevin zəngin irsinin, o cümlədən də, elmi irsini öyrənməsinə bu kitab böyük bir töhfə verəcək” – deyə Emil Nəsirli bildirib.
Çıxışının sonunda Emil Nəsirli deyib: “ Fürsətdən istifadə edərək Özbəkistanda yaşayan bütün soydaşlarımızı Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun yeganə uğurlu davamçısı, ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti, həmçinin əsrə bərabər 20 ilin zirvəsində işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsində xalqımıza Qarabağ Zəfəri qazandiraraq adını qəhrəmanlıq tariximizə qızıl hərflərlə yazdıran Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verməyə çağırıram!”.


Təqdimat mərasimində tanınmış özbək publisisti, şair və yazıçısı, “Heydər Əliyevin zəfəri” və “Azərbaycanın zəfəri” kitablarının müəllifi İsmət Kuçiyev də çıxış edib. Çıxışında İsmət Kuçiyev deyib ki, Heydər Əliyevin xalqına, dövlətinə, milli-mənəvi dəyərlərinə olan münasibəti əbədi olacaq: “Xalqın varlığı üçün onun milli-mənəvi dəyərləri qorunmalıdır. Ümummilli lider Heydər Əliyevin də məhz milli-mənəvi dəyərlərin qorunmasında müstəsna xidmətləri olub”.




Mərasimdə həmçinin Emil Nəsirli bildirib ki, “Azərbaycanım” beynəlxalq jurnalının redaksiya şurasının qərarı ilə tanınmış özbək publisisti, şair və yazıçı İsmət Kuçiyev beynəlxalq jurnalın fəxri üzvü seçilib və ona fəxri üzvlük sertifikatını təqdim edib.


Təqdimat mərasimində Heydər Əliyevin xarici siyasətində xüsusi yer tutan Azərbaycanın dünyanın bütün güc mərkəzləri ilə, qonşu və qeyri-qonşu dövlətlərlə yeni, qarşılıqlı faydalılığa əsaslanan münasibətlərin formalaşdırılması, inkişaf etdirilməsi, Cənubi Qafqazda maraqları və təsir imkanları olan böyük və regional dövlətlərlə münasibətləri barədə geniş fikir mübadiləsi aparılıb.


Tədbirin sonunda kitabın müəllifi, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirli “Heydər Əliyevin həyatının 100 anı” kitabını tədbir iştirakçılarına hədiyyə edib.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar