Ru
15:33 / 24 Yanvar 2022

Dünyanın gələcəyinə uçanlar... - Şahbaz Xuduoğlu Dubaydakı möcüzəvi sərgidən yazır - FOTO - VİDEO

3704

Şahbaz Xuduoğlu,

"Qanun” Nəşrlər Evinin rəhbəri



Bizimlə dünyanın gələcəyinə uçun




Dubay bu gün dünyanın ən cazibəli məkanlarından biridir. Ona görə yox ki, 50 il ərzində ağlagəlməz sürətli bir inkişaf yolu keçib, həm də ona görə ki, Expo 2020-yə ev sahibliyi edir.


Sərgi böyük ərazidə, açıq havada yerləşir.


Əksər dövlətlər sərbəst tikili ilə təmsil olunur. Yəni, iştirakçı dövlətə yer ayrılıb, o öz tarixinə, arxitekturasına uyğun sıfırdan bina inşa edib. Bu mənada buna həm də memarlıq sərgisi demək olar.

Yuxarıdan baxsan, sərgi alanı dəniz ulduzunu xatırladır. Ulduzun ortasında əsas tədbirlər üçün qurulan pavilyon isə yad qalaktikadan xəbər verir.

Adam burada özünü gələcəyə düşmüş kimi hiss edir. Günəş və hava enerjisi ilə işləyən avadanlıqlar, günəşə boylanan nəhəng lokatorlar...




Küçələrdə gəzən Robot mühafizə polisləri tez- tez "mən mühafizəyəm, yol verin!", sifarişlə pavilyonlara yemək daşıyan xidmətçi robotlar isə qarşısına çıxanlara "mane olmayın, sifariş aparıram"- deyir. Pavilyon arası adamları daşıyan havayla çalışan nəqliyyat havanı çirkləndirmir, nə qaz, nə neft, nə də elektrik xərcləyir.

Elə ölkələr var, onlar daha çox özlərini, tarixlərini təsdiqə hesablanan ideyalara yükləyiblər. Elələri də var ki, onları daha bəşəri problemlər narahat edir. Su qıtlığı, hava bulanıqlığı, istiləşmə, insan əməyinin istismarı və sair.

Sinqapur pavilyonu yalnız yaşıllıqlardan ibarətdir. Əsasən diqqəti ekoloji problemə yönəldib.

Lüksemburq su əsasdır deyir, həm də ən keyfiyyətli şüşə istehsalçısı olduğunu önə gətirib.

Mərakeş ilk insanın orda yarandığına iddialıdır. İsveçrə isə havanı zəhərləməyək deyir, sülh və əmin-amanlıqla yaşayaq.
Pakistan keçmişini, bu gününü və gələcəyini çox yaddaqalan bir formada, iddialı bir şəkildə nümayiş etdirir. İndoneziya hər kəsin diqqətini qoxuların üstünə cəm edir. Min cür otların qoxusu adamı havalandırır.

Yaponiya, Amerikaya düşmək üçün gərək, öncədən bilet alasan. Onların qarşısında növbə çox uzundur.

Azərbaycan pavilyonu dünyəvi ideyalara çox yaxın bir mövzu seçib. Ağac gövdəsini xatırladan pavilyonun ortasından yaşıl bir xətt keçir, bu da axmaqda olan həyat mənbəyi sudur.

Həmişə olduğu kimi Skandinaviya ölkələri iddiaları olmayan, amma sənət kimi adamı valeh edən pavilyon qura biliblər.

Bir günə bu pavilyonları gəzmək mümkün deyil. Azı gərək, bu möhtəşəmliyi görə bilmək üçün bir həftə lazımdır.

Mənim kimi bir günə 18 km yol qət etsən belə…



Dubay Expo 2020 nədir?

Dubay Expo 2020 Birləşmiş Ərəb Əmirliklərinin 7 əmirliyindən biri olan Dubayda öncədən planlaşdırılan Dünya Ticarət Sərgi mərkəzidir. Bu ticarət sərgisi ərazi, həcm, müddət və ziyarətçi sayına görə beynəlxalq bir meqa tədbirdir.

Dünyanın hər yerindən gələn insanların görüşüb fikir mübadiləsi aparmaq, əlaqə və işbirliyi qurması üçün platformadır.

Müxtəlif sektorlardan olan insanları bir-birinə tanıtmaq, incəsənət, elm və texnologiya sahəsində yeniliklər barədə yeni düşüncələri paylaşmaq, insanlığın gələcəyinə güzgü tutan böyük fürsətdir.



Expo 2020 Dubayın ana teması nədir?

Düşüncələri birləşdirmək və gələcəyi yaratmaq.

Dünya Expo sərgisi 5 ildə bir dəfə keçirilməklə 6 ay davam edir

Son 170 ildə 35-ci sərgi olan Expo 2020 dünyanın problemləri ilə məşğul olan düşüncələri və yenilikləri tanıtmaq üçün təşkil olunub.
182 gün boyunca dünyanın dörd bir yanından gələn 25 milyon ziyarətçinin iştirakı gözlənilir.

20 oktyabr 2020-də açılmalı idi, pandemiya səbəbindən 2021-ci ilə keçirildi, amma sərginin adı dəyişilmədi, Expo 2020 qaldı.
Dünyada ilk sərgi 1851-ci ildə Londonda keçirilmişdi. O vaxtdan dünyanın müxtəlif səmtlərində keçirməklə elmi, mədəni, texno-kültüroloji biliklərin inkişafına təkan verir. Son sərgi 2015-ci ildə Milanda olmuşdu. Fokus mövzu planetin qida təminatı idi.

200 restoran və 50 ölkənin mətbəxi yeməklər təqdim edir. Hər gün 50-dən çox canlı şou proqramlar olur. Bunlar da turist axını üçün çox cazibəlidir.






Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər