“Son günlər bəzi vətəndaşlar onlara sürücülük hüququ olmadan və ya bu hüququ məhdudlaşdırılmış olduğu halda nəqliyyat vasitəsini idarə etməyə görə DYP-nin mərkəzi informasiya sistemi üzərindən cərimə yazılır. Şikayət edənlərin bəziləri deyirlər ki, məhdudlaşdırma barədə heç bir məlumatları olmayıb. Bəziləri isə deyirlər ki, maşını özləri yox, konkret qohumu və ya başqa birisi sürüb və.s. Məsələ ilə bağlı açıqlamalar verilib. Bu məsələdə qanundan kənar məqamlar var”.
Bunu nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov Bakupost.az -a açıqlamasında deyib.
Onun sözlərinə görə, araşdıranda aydın olur ki, elektron qaydada rəsmiləşdirilən qayda pozuntusu, məsələn, sürət həddini aşma, dayanma qaydasını pozma və s. törədən avtomobil istifadəçisinin sürücülük hüqunun olmadığı sistemdə görünürsə, DYP həmin şəxsə həm də İnzibati Xətallar Məcəlləsinin müvafiq maddəsi üzrə cərimə (100 və ya 300 manat) yazır. Özü də cəriməni sürücü ilə təmas qurmadan, sistem üzərindən yazır. Bu isə həm qanuna, həm də avtomobildən istifadənin sadə məntiqinə ziddir:
“Qanuna uyğunsuzluq ondan ibarətdir ki, İnzibati Xətallar Məcəlləsinin maddəsində elektron qərarla rəsmiləşdirilə bilən qayda pozuntuları sırasında sözügedən maddə yoxdur. Deməli, bu maddələr üzrə heç bir halda avtomobili idarə edən şəxslə bilavasitə təmas olmadan, onunla görüşmədən cərimə yazıla bilməz. Hətta yol hərəkəti təhlükəsizliyinə nəzarət kamerasından tam aydın görünsə ki, sürən şəxs hüququ olmayan şəxsdir, yenə də protokolun və ya qərarın yazılması onun iştirakı ilə olmalıdır. Belə bir ünsiyyət olmadan, avtomobili kimin idarə etdiyi dəqiqləşdirilmədən Xətallar Məcəlləsinin 332.2ci və 332.3-cü maddəsi üzrə cərimə yazıla bilməz. Məntiqsizlik isə odur ki, avtomobili təkcə adı sistemdə onun sahibi kimi keçən adam yox, başqa şəxslər də idarə edə bilər. Məsələn, 90 yaşlı nənənin adına olan avtomobili onun nəvələri də idarə edə bilər və s. Ona görə də sistemdə avtomobilin sahibi kimi görünən şəxsin sürücülük hüququnun olmadığı göründükdə DYP əməkdaşı həmin şəxslə mütləq ünsiyyət qurmalı, kimin sürdüyünü dəqiqləşdirməli, yalnız bundan sonra uyğun addım atmalıdır. Bunun edilməməsi qanun pozuntusudur”.
Sevinc
BakuPost