Ru
23:30 / 06 May 2025

4 milyondan baha satılan mənzilin SİRRİ AÇILDI – Buna görə...

4 milyondan baha satılan mənzilin SİRRİ AÇILDI – Buna görə...
Eye

Bakının mərkəzində yerləşən və “premium” statusu ilə təqdim olunan “Şəhər Bağları” yaşayış kompleksində satışa çıxarılan 720 kvadratmetrlik dubleks mənzil 4 milyon 500 min manat qiymətlə təklif olunur. Yüksək mərtəbədə yerləşən, tam təmirli və Avropa brendli mebellərlə təchiz edilmiş bu mənzil panoramik şəhər mənzərəsi və dünya səviyyəli dizayn iddiası ilə diqqət çəkir. Lakin bu qiymətin real bazar dəyərinə uyğun olub-olmadığı sual doğurur.




Məsələ ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc “Yeni Sabah”a açıqlama verib:



“Bəzi tikinti şirkətləri (MTK-lar) var ki, onların inşa etdiyi binalar tikinti mərhələsindən etibarən bazara olduqca yüksək qiymətlərlə təklif olunub. Bu halın bir neçə əsas səbəbi var. İlk növbədə, binanın yerləşdiyi ərazi faktoru ön plana çıxır. Şəhərin prestijli, əlverişli və mərkəzə yaxın yerlərində tikilən binalar təbii olaraq daha baha qiymətlərlə satışa çıxarılır. Eyni zamanda, həmin MTK-nın bazardakı nüfuzu, əvvəlki layihələrindəki keyfiyyət və müştəri məmnuniyyəti də qiymət siyasətinə birbaşa təsir edir.



Çox zaman nəzərdən qaçırılan mühüm məqamlardan biri isə bu tip mənzillərin əşyalı təqdim olunmasıdır. Belə ki, satış elanı verilərkən göstərilən qiymətə mövcud mebel, texnika və digər interyer əşyaları da daxildir. Lakin nəzərə almaq lazımdır ki, belə mənzillərin real bazar dəyəri əşyasız halda bu qədər yüksək olmur”.



Ekspert bildirib ki, bu mənzillərin baha qiymətə təklif edilməsinin digər bir səbəbi isə onların dubleks tipində olmasıdır:



“Çoxsaylı alıcılar belə mənzillərə üstünlük verir, çünki onlar həm sahə baxımından geniş olur, həm də funksionallığı ilə fərqlənir. Dubleks mənzillərdə bir neçə sanitar qovşaq, geniş və funksional mətbəx sahəsi, fərqli dizayn elementləri və rahat yaşam üçün nəzərdə tutulmuş əlavə imkanlar olur ki, bu da qiymətə birbaşa təsir edir.



Bununla belə, bu o demək deyil ki, həmin binada və ya ərazidə yerləşən bütün mənzillər bu qədər yüksək qiymətə satılır. Burada söhbət spesifik və fərqli təklifdən gedir. Yəni qiymətin yüksək olması fərqliliyin nəticəsidir. Məsələn, “Şəhər bağları” kimi brend yaşayış komplekslərində bu amil daha qabarıq şəkildə görünür. Brendin yaratdığı dəyər mənzilin qiymətinə əlavə olunur və alıcılarda eksklüzivlik təəssüratı formalaşdırır.



Hazırda premium seqmentə daxil olan mənzillərin bir kvadrat metrinin qiyməti orta hesabla 4 min manatdan başlayır və bəzi hallarda 10 min manata qədər yüksələ bilir. Bu isə həmin binanın şəhərin hansı hissəsində yerləşməsindən, infrastruktur təminatından və dizayn səviyyəsindən asılı olaraq dəyişir.



Bununla yanaşı, yüksək qiymətə satışa çıxarılan mənzillərin alıcı bazası nisbətən dar olur. Bu səbəbdən onların likvidliyi – yəni tez və asan satılma ehtimalı – aşağı olur. Məhz bu səbəbdən, belə mənzillərə investisiya yönəltmək maliyyə baxımından o qədər də sərfəli hesab edilmir. Xüsusilə də şəhərin mərkəzində yerləşən, lakin yüksək qiymətə görə bazarda çətin satılan mənzillər investorlar üçün riskli seçim ola bilər.



Kirayə bazarına gəlincə, əhalinin böyük bir hissəsi daha münasib qiymətə ev axtarışında olur. Bu səbəbdən kirayə məqsədilə mənzil seçənlər əsasən mərkəzdən kənarda yerləşən, daha əlçatan və münasib şərtlərə malik ərazilərə üstünlük verirlər”.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar