Ru
17:30 / 01 İyul 2025

Milli mənsubiyyətə görə sınan qabırğalar, hematoma, plevra...

Milli mənsubiyyətə görə sınan qabırğalar, hematoma, plevra...
Eye

"Rusiya Federasiyasının Sverdlovsk vilayətində bir qrup Azərbaycan vətəndaşı saxlanılıb. Onlardan ikisi – Səfərov qardaşları bir qədər sonra evlərinə tabutla qaytarılıb. Rəsmi Rusiya ölüm səbəbi kimi “ürək çatışmazlığı” və “küt travma”nı göstərib. Azərbaycan məhkəmə-tibbi ekspertizası isə tamamilə başqa nəticələr açıqlayıb: sınmış qabırğalar, hematomalar, plevra, beyin qanaxmaları. Qardaşlardan biri sözün əsl mənasında döyülərək öldürülüb".


Bakupost.az xəbər verir ki, bunu Ukrayna Baş prokurorunun sabiq müavini, əməkdar hüquqşünası, hüquq üzrə fəlsəfə doktoru Gündüz Məmmədov bildirib.

Onun fikrincə, baş verənlər təsadüfi deyil:


"Bu, təsadüf deyil. Bu, sistemlidir. Eyni iş üzrə saxlanılan digər şəxslər ifadələrində bildiriblər ki, onları döyüb, elektroşokla işgəncə verib, boğublar və etmədikləri cinayətləri etiraf etməyə məcbur ediblər. Sadəcə milli mənsubiyyətə görə. Çünki azərbaycanlıdırlar. Çünki “qafqazlı”dırlar.

Rusiya illərdir etnik cinayətkar obrazı yaradır. Solovyov, Skabeyeva və digər Kreml təbliğatçılarının proqramlarında hər bir cinayət hadisəsinə milli mənsubiyyət əlavə olunur. Media “qonaqlar”dan, “diaspora"dan, “inteqrasiyadan uzaq” insanlardan qorxu və nifrət obrazı formalaşdırır. Hüquq-mühafizə orqanları isə bu ritorikanı dəyənəyə və elektroşoka çevirir.

Ukrayna bunu çox yaxşı anlayır. Lefertovo, Olenovka və Krımda ukraynalılara işgəncə verilib, onlar zorlanıb, alçaldılıb. Amma nə isə etdiklərinə görə yox, sadəcə ukraynalı olduqlarına görə. Pasportuna, dilinə, ləyaqətinə görə.

Əgər sənin vətəndaşın, soydaşın işgəncə otağında öldürülübsə, susmaq olmaz. Bu, Rusiyanın daxili məsələsi deyil. Bu, beynəlxalq cinayətdir. İşgəncə və nəticədə ölüm. Bu, ilk hadisə deyil. Və əgər reaksiya göstərilməsə, sonuncu da olmayacaq".

Gündüz Məmmədov bildirib ki, Azərbaycanın bu məsələdə hüquqi baxımdan bütün alətləri var:

"Azərbaycan sadəcə, etiraz bəyanatı verməklə kifayətlənməyib, vətəndaşlarını qorumalıdır. Dövlətin vəzifəsi budur:

- Cinayət Məcəlləsinin 12-ci maddəsinə əsasən, öz vətəndaşlarına qarşı törədilmiş işgəncə və qətl faktı üzrə cinayət işi başlatmaq (eksterritorial yurisdiksiya ilə);

- İşgəncə və etnik zəmində təqib faktına görə BMT-nin İşgəncələrə qarşı Komitəsinə və ya İrqçiliklə Mübarizə Komitəsinə dövlətlərarası şikayət təqdim etmək;

- İşgəncələrə qarşı Konvensiya və İrqçiliklə Mübarizə Konvensiyasına əsasən BMT Beynəlxalq Məhkəməsinə müraciət proseduruna başlamaq.

Bütün dünyaya göstərmək lazımdır: vətəndaşın həyatı onun soyadından və ya harada öldüyündən asılı olmamalıdır. Vətəndaşlıq sadəcə möhür yox, müdafiədir".

Aysel, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar