ABŞ Prezidenti Donald Tramp Suriya rejiminə tətbiq olunmuş sanksiyaların götürülməsi ilə bağlı fərman imzalayıb. Bu addım Suriya ilə İsrail arasında tarixi razılaşmaya doğru atılmış ciddi addım kimi qiymətləndirilir.
Bakupost.az Oxu.Az-a istinadən xəbər verir ki, ilkin mərhələdə tərəflər arasında hücum etməmə haqqında müqavilənin hazırlanması nəzərdə tutulur. Sənədin tərkibinə təhlükəsizlik sahəsində koordinasiya, iqtisadi əməkdaşlıq və ərazi mübahisələrinin mümkün həlli daxil ediləcək.
Qeyd olunur ki, bu təşəbbüs Yaxın Şərqdə sabitlik istiqamətində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir.
İsrail və Suriya arasında mümkün razılaşmanın detalları açıqlanıb
Suriya ilə İsrail arasında danışıqların aparıldığı barədə yayılan məlumatlar fonunda tərəflər arasında hələlik tamhüquqlu sülh müqaviləsindən deyil, hücum etməmə barədə razılaşmadan söhbət getdiyi bildirilir.
Məlumata görə, razılaşmanın ilkin konturları aşağıdakılardır:
- 1974-cü il tarixli qüvvələrin ayrılması haqqında sənədin yenilənmiş versiyası əsasında Colan təpələri sərhədində yeni təhlükəsizlik sisteminin yaradılması;
- İki ölkə arasında kəşfiyyat və təhlükəsizlik sahəsində koordinasiya - əsas diqqət İranın Suriyanın cənubundakı təsiri və "Hizbullah"ın fəaliyyəti ilə mübarizəyə yönəlib;
- İsrailin Şebaa fermalarını Suriya ərazisi kimi tanıması - bu qərarın "Hizbullah" tərəfindən kəskin reaksiya ilə qarşılanacağı ehtimal edilir;
- İqtisadi əməkdaşlıq sahəsində təşəbbüslər - o cümlədən İsrail qazının Suriyaya ixracı və Yarmuk çayı hövzəsi üzrə İordaniya ilə üçtərəfli su razılaşmasının əldə olunması;
- Suriya rejiminin İsraillə münasibətlərin de-fakto normallaşdırılmasını qəbul etməsi - bu xüsusda ölkənin cənub bölgəsində yaşayan təqribən 500 min druz icmasının vəziyyəti diqqət mərkəzindədir;
- Hazırda iki ölkə arasında bölünmüş olan Hermon dağında birgə xizək kurortunun yaradılması imkanlarının nəzərdən keçirilməsi.
Qeyd olunur ki, bu istiqamətdə hələlik heç bir rəsmi sənəd imzalanmayıb. Bununla belə, ekspertlər baş verənləri Yaxın Şərq regionunda diplomatik münasibətlər sistemində ciddi dönüş nöqtəsi kimi qiymətləndirirlər. Mütəxəssislər bildirirlər ki, bu cür ssenari bir neçə ay öncə qeyri-real hesab olunurdu.