“Güvən” Təhsilin İnkişafına Dəstək Fondu ali məktəblərə yüksək balla qəbul olunan tələbələr üçün daha bir maarifləndirici tədbir keçirib.
Fondun “Bir addım öndə: Qlobal düşüncə üçün xaricdə təhsil” adlı təlimi zamanı iştirakçılar bir çox ölkələrin tanınan universitetlərində keyfiyyətli təhsil almaq imkanları barədə məlumatlandırılıblar.
Estetik görünüşü, orijinal interyeri və qonaqpərvərliyi ilə seçilən "Atelier 61" restoranında təşkil olunan təlimdə gənclər üçün aktual mövzular müzakirə olunub, faydalı diskussiyalar aparılıb.
Təlimin məqsədi tələbələrə xaricdə təhsil almağın sadəcə diplom əldə etmək deyil, eyni zamanda fərqli mədəniyyətləri tanımaq, yeni düşüncə tərzləri ilə tanış olmaq, qlobal əmək bazarında öz yerini tapmaq ideyasını aşılamaq idi.
Tədbirin əsas tərəfdaşı xaricdə təhsil sahəsində illərin təcrübəsinə malik olan “Azstudy” şirkəti olub. Şirkətin ekspertləri — Gültən Camal və Xanım Şahinqızı tələbələrə xaricdə təhsil prosesinin bütün mərhələləri barədə ətraflı məlumat veriblər:
- Universitetlərin seçilməsi;
- Sənədlərin hazırlanması və rəsmi müraciətlər;
- Viza dəstəyi və konsulluq prosedurları;
- Yaşayış, qeydiyyat və digər təşkilati məsələlər
Bundan əlavə, təlimdə iştirak edən gənclər real nümunələr və təcrübələr əsasında xaricdə təhsil zamanı qarşılaşa biləcəkləri çətinliklər və onların həlli yolları barədə də praktik tövsiyələr əldə ediblər.
İştirakçılar yalnız texniki məlumatlarla deyil, həm də motivasiyaedici çıxışları dinləyiblər. Təlim boyu vurğulanıb ki, xaricdə təhsil insana təkcə bilik qazandırmır, həm də fərd olaraq böyümək, daha çevik düşünmək və fərqli mühitlərə uyğunlaşmaq bacarığını formalaşdırır.
Fondun dəstəyi ilə bu gün xaricdə təhsil alan və öz yolunu tapan tələbələrin hekayələri, gənclərə ilham verən ən real nümunələr kimi təqdim olunub.
Tədbir çərçivəsində həmçinin fondun fəaliyyəti və yeniliklər barədə müzakirələr aparılıb, Fondun yaxın aylarda təqdim edəcəyi yeni loqo və brandbook konsepsiyası barədə məlumat verilib. Qeyd olunub ki, yeni loqo təkcə dizayn deyil, həm də ideya baxımından maraqlıdır.
Hər xətt və rəng "Güvən" Təhsilin İnkişafına Dəstək Fondunun əsas dəyərlərini təcəssüm etdirir: Etibarlılıq, İnkişaf, Şəffaflıq.
Fondunun növbəti maarifləndirici tədbiri isə bu ilin sentyabr ayında keçiriləcək. Bu dəfə diqqət rəqəmsal dövrdə marketinqin rolu, brend dəyərinin formalaşdırılması və kommunikasiya strategiyaları mövzusuna yönələcək. Təlimdə ölkənin aparıcı marketoloqları, brend menecerləri və sahibkarlıq ekspertləri çıxış edəcək, iştirakçılarla praktiki bilik və təcrübələrini bölüşəcəklər.
Qeyd edək ki, “Güvən” Təhsilin İnkişafına Dəstək Fondu 2023-cü ilin dekabr ayında Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçmiş qeyri-kommersiya təşkilatıdır. Fondun əsas məqsədi Azərbaycanın müxtəlif bölgələrindən olan, ali məktəblərə yüksək balla qəbul olunan istedadlı gənclərin dəstəklənməsi, onların təhsil imkanlarının genişləndirilməsi və şəxsi inkişafının stimullaşdırılmasıdır.
Hazırda Fond 22 tələbəni himayə edir. Onlardan 2-si xaricdə, digərləri isə Azərbaycanın nüfuzlu ali məktəblərdə təhsil alırlar. Fond bu tələbələrin təhsil haqqı, hazırlıq kursları, kirayə, sağlamlıq və idmanla bağlı xərclərini tam şəkildə qarşılayır.