Azərbaycana gətirilən süd və qaymağın qiyməti bahalaşıb. Belə ki, bu ilin yanvar ayında ölkəyə 3 milyon 428,77 min dollar dəyərində 2 min 145,18 ton süd və qaymaq idxal edilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə idxal dəyəri 1 milyon 603,08 min dollar və ya 87,8%, miqdarı isə 700 ton və ya 48,43% artıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar ayında ölkəyə 1 milyon 825,69 min dollar dəyərində 1 min 445,18 ton süd və qaymaq idxal edilmişdi.
Bu ilin yanvar ayının nəticələrinə görə idxal olunan süd və qaymağın 1 kiloqramının orta idxal qiyməti 1,60 dollar (təxminən 2 manat 72 qəpik) təşkil edib. 2025-ci ilin eyni dövründə isə bu göstərici 1,26 dollar (təxminən 2 manat 14 qəpik) idi. Bu da illik müqayisədə 0,34 dollar (təxminən 58 qəpik) və ya təxminən 27% artım deməkdir.
Mövzu ilə bağlı
Bakupost.az -a açıqlamasında iqtisadçı Akif Nəsirli bildirib ki, süd və qaymaq idxalı həm miqdar, həm də dəyər baxımından artıb, amma dəyərin daha sürətlə yüksəlməsi orta qiymətin qalxmasına səbəb olub:
“Yəni Azərbaycan daha çox süd idxal etməklə yanaşı, onu əvvəlkindən daha baha qiymətə alır. Bu bahalaşmanın əsas səbəbləri qlobal bazarda süd məhsullarının qiymətinin artması, yem, enerji və logistika xərclərinin yüksəlməsidir. Bu da ixrac qiymətlərinə birbaşa təsir edir. Eyni zamanda bəzi ölkələrdə istehsalın azalması və iqlim faktorları da təklifin məhdudlaşmasına səbəb olur”.
A.Nəsirli bildirib ki, daxili tələbatın artması da idxalı genişləndirir. Onun sözlərinə görə, yerli istehsal bu tələbi tam qarşılamadıqda, idxaldan asılılıq artır və bu da xarici qiymət dəyişikliklərini daxili bazara daha tez ötürür:
“Nəticə olaraq, idxal qiymətlərindəki artım daxili bazarda süd və süd məhsullarının bahalaşmasına təzyiq yaradır. Bu tendensiya davam edərsə, yaxın dövrdə qiymətlərdə sabitləşmə yalnız qlobal bazarda ucuzlaşma və ya yerli istehsalın artması ilə mümkün ola bilər”.
Lalə, BakuPost