Bakı ilə London arasında geniş tarixə malik münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyur.
Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında imzalanan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə belə nəticəyə gəlməyə əsas verir.
Qeyd edək ki, sözügedən sənəd noyabrın 12-də Dublində Azərbaycan Prezidenti İlham Əliyevlə Böyük Britaniyanın Baş naziri Endi Börnhem arasında imzalanıb.
İmzalanan bəyannamə bir neçə əsas istiqamətlərdən ibarətdir. İstiqamətlərdən biri müdafiə və təhlükəsizlik (müdafiə ptensialının artırılması, təlimlər, müdafiə sənayesi və sərhəd təhlükəsizliyi) məsələsinə aiddir. Digər mühüm istiqamətlər isə ticarət, investisiya, iqtisadi artım, habelə təhsil, innovasiya və mədəni əlaqələri əhatə edir.
Tərəflər həmçinin bəyannamənin icrasını izləmək və prioritetləri müəyyən etmək üçün hər il Strateji Tərəfdaşlıq görüşləri keçirmək barədə razılığa gəliblər.
Xatırladaq ki, iki ölkə arasında 23 fevral 1994-cü il tarixində Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamə, 21 iyul 1998-ci il tarixində isə Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb. 12 noyabr tarixində imzalanan sənədlə isə tərəflər ikitərəfəli münasibətləri artıq strateji tərəfdaşlıq səviyyəsinə qaldırırlar.
İki ölkə arasında imzalanan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə Azərbaycana hansı üstünlüklər qazandıracaq?
Milli Məclisin deputatı Arzuxan Əlizadə
“Bakupost”a bildirib ki, Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanmasını iki ölkə arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoyması kimi qiymətləndirilməlidir:
“Azərbaycan Prezidenti İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Endi Börnhəmin noyabrın 12-də Dublində imzaladığı bu sənəd uzun illər ərzində formalaşmış siyasi və iqtisadi əlaqələrin daha geniş əməkdaşlıq platformasına çevrilməsinə xidmət edir. Azərbaycan və Böyük Britaniya arasında münasibətlərin möhkəm təməli hələ 1990-cı illərdə qoyulub”.
Deputatın fikrincə, həmin münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi Azərbaycanın beynəlxalq əlaqələrinin şaxələndirilməsi və xarici siyasətində balanslı əməkdaşlıq xəttinin davam etdirilməsi baxımından əhəmiyyətlidir:
“Sənədin əhəmiyyətini bir neçə istiqamətdə qiymətləndirmək olar. İlk növbədə, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, Böyük Britaniya investisiyalarının Azərbaycana cəlb olunması və yeni birgə layihələrin həyata keçirilməsi üçün əlavə imkanlar yaranır. Xüsusilə bərpa olunan enerji, infrastruktur, nəqliyyat və logistika sahələrində əməkdaşlığın genişləndirilməsi ölkəmizin iqtisadi inkişafına töhfə verə bilər. Orta Dəhlizin inkişafına verilən dəstək də xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Şərqlə Qərb arasında mühüm nəqliyyat və logistika qovşağına çevrilmək istiqamətində fəaliyyətini davam etdirir. Böyük Britaniyanın bu prosesdə iştirakı həm investisiya imkanlarını, həm də beynəlxalq iqtisadi əlaqələrimizi genişləndirə bilər”.
Müsahibimizin sözlərinə görə, digər mühüm istiqamət müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıqdır:
“Bəyannamədə hərbi kadrların hazırlanması, təcrübə mübadiləsi, müdafiə sənayesi üzrə əməkdaşlıq, sərhəd təhlükəsizliyi və hüquq-mühafizə sahələrində əlaqələrin gücləndirilməsi nəzərdə tutulur. Bununla yanaşı, təhsil, elm, innovasiya, rəqəmsallaşma və süni intellekt sahələrində əməkdaşlıq da sənədin əsas istiqamətlərindəndir. Bu imkanlardan düzgün istifadə olunması Azərbaycan gənclərinin müasir bilik və bacarıqlara yiyələnməsinə, universitetlər və elmi müəssisələr arasında əlaqələrin genişlənməsinə şərait yarada bilər. Sənəddə diqqət çəkən digər mühüm məqam burada Azərbaycanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına xüsusi önəm verilməsidir. Eyni zamanda, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və regionda davamlı sülhün təmin olunması istiqamətində ikitərəfli dialoqa dəstək də ifadə edilir. Bu, Cənubi Qafqazda sülh və əməkdaşlıq gündəliyinin inkişafı baxımından əhəmiyyətlidir”.
A.Əlizadə hesab edir ki, ümumilikdə, bu bəyannamə Azərbaycanın beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişlənməsinə, iqtisadi potensialının güclənməsinə və regional mövqelərinin möhkəmlənməsinə xidmət edə biləcək mühüm sənəddir:
“Lakin burada bir məqamı da qeyd etmək lazımdır: sənədin real nəticələri onun müddəalarının nə dərəcədə ardıcıl və konkret layihələrlə həyata keçirilməsindən asılı olacaq. Tərəflərin hər il strateji tərəfdaşlıq görüşü keçirməyi nəzərdə tutması da bu baxımdan vacibdir. Əsas məqsəd imzalanmış sənədi real investisiyalara, yeni iş yerlərinə, texnoloji yeniliklərə və qarşılıqlı faydalı iqtisadi layihələrə çevirməkdir. Azərbaycanın qazancı məhz bu əməkdaşlığın praktik nəticələrində özünü göstərəcək”.
Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, Azərbaycan Böyük Britaniya münasibətləri normal inkişaf xəttilə gedir:
“Müxtəlif sahələrdə əməkdaşlıq mövcuddur. Ən böyük əməkdaşlıq isə Britaniyanın dünyaca məşhur bp şirkətinin Azərbaycan neft kontraktlarında iştirakıdır”.
Müsahibimizin sözlərinə görə, Azərbaycanın dünyada artan nüfuzu, ölkəmizə məxsus bazarın perspektivliyi və Bakı ilə birgə əməkdaşlıq məsələləri dünyanın diqqətini cəlb edir:
“Belə bir münasibətlər son dövrlər Böyük Britaniya ilə yaranıb. Bundan başqa, Hindistan Bakı ilə əməkdaşlığa böyük maraq göstərir. Dost, qardaş Özbəkistanla strateji əməkdaşlıq, sazişi imzalanıb. Deməli bu gün dünya Azərbaycanla əməkdaşlıqda maraqlıdır”.
Deputat qeyd edir ki, bu əməkdaşlıqdan hər iki tərəf qazanır, çünki qarşılıqlı faydalı əməkdaşlıqdır:
“Bu təkcə energetika sahəsini deyil, ağır və yüngül sənayenin bərpasını, bankçılığı, elm, təhsil və s. sahələri də əhatə edir. Bir sözlə, əməkdaşlıq üçün Londonla Bakı ciddi niyyətlərini ortaya qoyub. Ardınca əlavə danışıqlarla ayrı-ayrı istiqamətlər üzrə konkret nəticələr barədə də razılığa gəlinəcək. Yəqin ki, bu nəticələr də zaman-zaman artan ticarət dövriyyəsində, genişlənən əlaqələrdə, qarşılıqlı investisiya qoyuluşu və hər iki ölkənin üçüncü ölkədə hansısa bir layihə üzrə birgə fəaliyyətində özünü göstərəcək”.
Rüfət Sultan,
BakuPost
Məqalə Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" istiqamətində hazırlanıb.