Ru
16:09 / 20 Noyabr 2026

Bakıda söküntülər başlayır: həyət evləri və torpaq bahalaşacaq

Bakıda söküntülər başlayır: həyət evləri və torpaq bahalaşacaq
Eye

Bakıda köhnə və qəzalı binaların sökülməsi, ərazilərin yenidən qurulması daşınmaz əmlak bazarında yeni qiymət dəyişikliklərinə səbəb ola bilər. Söküntülər nəticəsində kompensasiya alan sakinlərin alternativ mənzil axtarışına çıxması, yeni tikililərin sayının artması və infrastrukturun yenilənməsi bazarda tələb-təklif balansına təsir göstərəcək.

Bəs bu proses həyət evlərinə və torpaq sahələrinə tələbatı artıracaqmı? Qarşıdakı dövrdə bu əmlak növlərində bahalaşma gözlənilirmi?

"Bakupost" xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc Musavat.com-a açıqlamasında söküntülər genişləndikcə və yenidənqurma işləri aparıldıqca köhnə mənzil fondu öz yerini yeni mənzil fonduna verdiyini bildirib

Onun sözlərinə görə, köhnə yaşayış binalarının istismar müddətinin başa çatması, eyni zamanda qəzalı binaların sökülməsi və ərazilərin yenidən qurulması daşınmaz əmlak bazarına birbaşa təsir göstərir:

“Bu proses mənzil fondunun yenilənməsi ilə yanaşı, paytaxtda yaşayış ərazilərinin dəyərinə, torpaq bazarına və insanların mənzil seçiminə təsir edən amillərdən biri kimi çıxış edir. Sökülən binanın sakinlərinə ödənilən kompensasiya onların əvvəlki yaşayış ərazilərində mənzil əldə etməsinə imkan verməlidir. Köhnə binada yerləşən mənzillər ilk növbədə inventarlaşdırılır, bundan sonra qiymətləndirmə prosesinə başlanılır və kompensasiya məbləği müəyyən olunur. Kompensasiya məbləği müəyyən edildikdən sonra həmin vəsaiti alan köhnə bina sakinləri daşınmaz əmlak bazarına üz tuturlar. Belə olan təqdirdə, təbii ki, bazarda dinamika və aktivlik artır”.

Ekspert qeyd edib ki, digər tərəfdən, yeni binaların tikilməsi bazara əlavə təkliflərin daxil olmasına və tikinti sektorunun genişlənməsinə səbəb olur. Bu da öz növbəsində daşınmaz əmlak bazarına birbaşa təsir göstərir. Vüqar Orucun sözlərinə görə, yenidənqurma işləri, ərazilərin abadlaşdırılması və infrastrukturun yaxşılaşdırılması həmin ərazilərdə qiymət fərqi yaradır:

“Əgər hər hansı ərazi infrastruktur baxımından kifayət qədər inkişaf etməyibsə, yaxınlığında marketlər və ya ictimai iaşə obyektləri yoxdursa, küçə və yolları genişləndirilməyibsə, həmin ərazidə mənzillər bazara daha ucuz təklif olunur. Dəyişikliklərdən, abadlaşdırma işlərindən və Bakı şəhərinin Baş Planının 2040-cı ilədək müəyyən edilmiş mərhələlərlə həyata keçirilməsindən sonra yenilənən ərazilərdə qiymət artımı ilə qarşılaşırıq”.

Vüqar.jpg (340 KB)


O bildirib ki, bu proses bütövlükdə həmin ərazilərin iqtisadi dəyərinə təsir göstərir:

“Artıq əmlakın yenilənməsi, yəni köhnə mənzil fondunun yeni fondla əvəzlənməsi ölkəmizdə daşınmaz əmlakın ümumi dəyərinin yüksəlməsi ilə nəticələnir. Çünki yeni binalar yeni xərclər, yeni iş yerləri deməkdir. Yeni istehsal və istehlak həcminin artması da iqtisadi aktivliyə təsir göstərən amildir. Bütün bunlar daşınmaz əmlak bazarına, ölkə iqtisadiyyatına və bank sisteminə birbaşa təsir göstərən amillərdir. Daşınmaz əmlak ölkə iqtisadiyyatı üçün çox ciddi faktordur. Bunu dəfələrlə demişəm. Bu istiqamətdə qəbul olunan istənilən inzibati qərar, eləcə də bazarın özünün müvafiq qaydalarına uyğun müəyyən etdiyi prinsiplər təbii ki, daşınmaz əmlakın qiymətinə, daha sonra isə ölkə iqtisadiyyatına birbaşa təsir göstərir”.

Həyət evləri və torpaq sahələrinə tələbatın artması ehtimalına gəlincə, Vüqar Oruc bunun qaçılmaz olduğunu düşünür. Ekspertin fikrincə, kompensasiya məbləğləri bir çox hallarda vətəndaşlara sökülən ərazidə yenidən mənzil almaq imkanı vermir:

“Bir çox hallarda kompensasiya məbləği vətəndaşa həmin ərazidə yenidən mənzil almaq imkanı vermir. Məsələn, yataqxanalarda yaşayan vətəndaşlar kifayət qədər yüksək kompensasiya alsalar belə, ərazinin dəyərindən və binanın vəziyyətindən asılı olaraq, məbləğ təxminən 2500-3000 manat arasında müəyyənləşdirilə bilər. Yataqxanalarda mənzillərin sahəsi, bildiyiniz kimi, təxminən 26-30 kvadratmetrdir. Bu sahəni 3000 manatla hesablasaq, 90 min manat edir. Hazırda bu məbləğə şəhər mərkəzində, mərkəzə yaxın ərazilərdə, hətta ucqar yerlərdə belə mənzil tapmaq çox çətindir. Buna görə də əlində həmin məbləğdə kompensasiya olan vətəndaş böyük ehtimalla torpağa üz tutacaq, müvafiq ərazidə özünə yeni həyət evi tikəcək. Bu da həyət evləri bazarının inkişafına gətirib çıxaracaq”.

Ekspert əlavə edib ki, həyət evi tikintisinə tələbatın artması torpaq sahələrinə də marağı yüksəldəcək:

“O cümlədən, həyət evi tikmək üçün torpaq sahəsi lazımdır. Analoji olaraq, torpağın da qiymətində dəyişikliklər baş verəcək”.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar