Ru
16:30 / 20 Noyabr 2026

14 illik Praqa formatı bitdi: Tiflis Moskvanın təsir dairəsinə qayıdır?

14 illik Praqa formatı bitdi: Tiflis Moskvanın təsir dairəsinə qayıdır?
Eye

Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin Gürcüstanın baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin birinci müavini Georgi Zurabaşvili ilə görüşüb. Görüş Belarusun paytaxtı Minskdə baş tutub.

"Bakupost" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilir.

Görüşdə ikitərəfli əməkdaşlıq, ticari-iqtisadi və mədəni-humanitar sahələrdə əməkdaşlıq, regional təhlükəsizlik məsələləri müzakirə edilib.

Görüşün yekununda bir sıra praktiki razılaşmalar əldə olunub. Amma həmin razılaşmaların konkret nələri əhatə etdiyi açıqlanmır.
İştirakçılar gələcək maraqlar naminə təmasları davam etdirmək barədə razılığa gəliblər.

Görəsən, Tiflislə Moskva arasında ilk görüşdən hansı nəticələr hasil ola bilər?

Siyasi şərhçi Abutalıb Səmədov “Bakupost”a bildirib ki, Rusiya Gürcüstan danışıqlarının Minskdə keçirilməsi Tiflisin böyük uğursuzluğu kimi dəyərləndirilir:

“Çünki danışıqlar 2012-ci ildən Çexiyanın paytaxtında keçirilirdi və Praqa formatı adlanırdı. Görüşün Minskdə keçirilməsi isə güman ki, Praqa formatının sonunun gəldiyi deməkdir. Bundan başqa, ərazi məsələlərilə bağlı Cenevrə formatı da var ki, onun da təhlükə altına düşdüyü etiraf olunmalıdır. Bu mənada görüşün Minskdə keçirilməsi təbii ki, Rusiyanın uğurudur”.

Müsahibimiz hesab edir ki, Minsk görüşündən sonra Gürcüstana Rusiyadan turist axını daha da artacaq:

“Praqa formatında daha çox ticarət-iqtisadi, humanitar məsələlər müzakirə olunurdu. Bundan əvvəl qarşılıqlı ticarət həcminin artması, reyslərin açılması, həbs olunanlar məsələsi əsas müzakirə predmeti idisə, bu dəfə digər məsələlər müzakirə edildi. Tərəflər iqtisadi-ticari əlaqələri bir qədər də artırmaq qərarına gəliblər. İlk növbədə turist axını məsələsi ətrafında müzakirələr aparıldı. Çünki Rusiya Gürcüstan üçün turizm baxımından mühüm ölkədir. Ötən il Gürcüstana gələn turistlərin 25 faizini ruslar təşkil edib. Tərəflər görünür həm də mədəni əlaqələrin genişləndirilməsi qərarına gəliblər”.

Ekspertə görə, bütün bunlar onu göstərir ki, Tiflis Rusiyanın təzyiqləri qarşısında tab gətirməkdə çətinlik çəkir:

“Rusiya əsas ticarət tərəfdaşı olduğundan Gürcüstan müəyyən mənada ondan asılıdır. Bundan əvvəl Rusiya Gürcüstandan gətirilən şərab məmulatları və mineral suların təxminən 80 faizinə qadağa qoydu. Bu səbəbdən Tiflis güzəştlərə getmək məcburiyyətindədir”.

Müsahibimiz düşünür ki, Gürcüstan Avrasiya İttifaqına yaxınlaşmaq kursu götürə bilər:

“Belə görünür ki, bundan sonrakı addımlar artıq Gürcüstanın NATO, Avropa İttifaqı(Aİ) ilə bağlı planlardan imtina etməsi və Avrasiya İttifaqına yaxınlaşmasına gətirib çıxaracaq. Bu da Gürcüstan müxalifətini ciddi şəkildə narahat edir”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar