Ru
16:39 / 20 Noyabr 2026

Məleykə Abbaszadədən sonra nə baş verəcək? – DİM nazirliyə birləşdirilir?

Məleykə Abbaszadədən sonra nə baş verəcək?  – DİM nazirliyə birləşdirilir?
Eye

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və onun xələfi olan Dövlət İmtahan Mərkəzinin (DİM) 26 il ərzində rəhbəri olmuş Məleykə Abbaszadənin Bakı Dövlət Universitetinə rektor təyin edilməsi təhsil sistemində mümkün struktur dəyişikliklərini yenidən gündəmə gətirib.

Bu əsasda DİM-in ayrıca, müstəqil qurum kimi fəaliyyət göstərməkdə davam etməsi, yoxsa onun Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi məsələsi yenidən diskussiya mərkəzinə çevrilib.

Mövcud şəraitdə DİM-in hansı funksiyada fəaliyyət göstərməsi daha məqsədəuyğundur?

Fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov “Bakupost”a bildirib ki, DİM-in müstəqil qurum kimi fəaliyyət göstərməsi təhsildə obyektivliyin və şəffaflığın qorunması baxımından ən məqsədəuyğun modeldir:

“Təhsil idarəçiliyinin təməl prinsiplərinə görə, tədrisi təşkil edən qurumla biliyi qiymətləndirən qurum ayrı-ayrı mərkəzlərdə cəmləşməlidir. İmtahanları Elm və Təhsil Nazirliyi özü keçirərsə, bu, təhsilin keyfiyyətinə məsul olan qurumun öz fəaliyyətini özünün qiymətləndirməsi demək olacaq ki, nəticədə də maraqların toqquşması yaranacaq. Müstəqil qiymətləndirmə mərkəzi isə təhsil sisteminin real mənzərəsini kənardan obyektiv şəkildə ölçən güzgü rolunu oynayır və təhsilin keyfiyyətinə ictimai nəzarəti təmin edir”.

Ekspert qeyd edir ki, bu yanaşma qabaqcıl dünya təcrübəsində də öz təsdiqini tapıb: “Məsələn, ABŞ-də universitetlərə qəbul imtahanlarını (SAT və ACT) Təhsil Departamenti deyil, tamamilə müstəqil qeyri-kommersiya təşkilatları olan "College Board" və ACT qurumları həyata keçirir. Böyük Britaniyada imtahanların keçirilməsi və qiymətləndirilməsi müstəqil imtahan komissiyaları tərəfindən aparılır, dövlət qurumu olan "Ofqual" isə sadəcə standartlara nəzarət edir. Türkiyədə də ali məktəblərə və dövlət qulluğuna qəbul imtahanlarını Milli Təhsil Nazirliyi deyil, ayrıca qurum olan ÖSYM (Ölçmə, Seçmə və Yerləşdirmə Mərkəzi) təşkil edir”.

Müsahibimiz Azərbaycan reallığında DİM-in funksiyalarının yalnız orta və ali təhsil pillələri ilə məhdudlaşmadığı, qurumun həm də dövlət qulluğuna qəbul, prokurorluq, hakimlik, vergi və gömrük orqanlarına işə qəbul kimi strateji sahələr üzrə mərkəzləşdirilmiş imtahanlar keçirdiyini və bu sahələrin Elm və Təhsil Nazirliyinə aidiyyəti olmadığını əsas gətirməklə DİM-in Nazirliyin tabeliyinə verilməsini funksional baxımdan da düzgün hesab etmir: “Ən optimal yol DİM-in müstəqil publik hüquqi şəxs statusunu qoruyub saxlaması, lakin Elm və Təhsil Nazirliyi ilə əməkdaşlığın daha da dərinləşdirilməsidir. Bu əməkdaşlıq təkcə formal koordinasiya ilə məhdudlaşmamalı, tətbiq olunan tədris və qiymətləndirmə metodologiyalarının tam sinxronlaşdırılmasını əhatə etməlidir. Çünki məktəbdəki summativ qiymətləndirmə mexanizmləri ilə DİM-in buraxılış və qəbul imtahanlarındakı ölçmə standartları eyni metodoloji xətt üzərində qurulduğu təqdirdə şagirdlər və müəllimlər vahid tələblərlə işləyə biləcəklər”.

Cəmiyyət sədrinin fikrincə, müasir dövrdə DİM-in qarşısında duran əsas vəzifələr əldə olunmuş yüksək texniki şəffaflığı və innovativ təcrübəni daha da inkişaf etdirərək, qiymətləndirmə metodologiyasını səriştəyönümlü kurikulumlarla, tənqidi təfəkkürün ölçülməsi ilə və rəqəmsal imtahan modelləri ilə tam uzlaşdırmaqdır:

“Bu istiqamətdə davam etdiriləcək sistemli addımlar dərslik məzmunu ilə imtahan sualları arasındakı metodoloji vəhdəti daha da möhkəmləndirəcək və şagirdlərin əlavə hazırlıq yükünü əhəmiyyətli dərəcədə azaldacaq”.

Təhsil eksperti Sona Əliyeva da hesab edir ki, Azərbaycan şəraitində DİM-in ayrıca qurum kimi qalması daha doğrudur:

“Bu, nazirliyə etimadsızlıq deyil, sadəcə səlahiyyətlərin düzgün bölgüsüdür”.

Ekspert qeyd edir ki, təhsil sistemində mövcud olan qaydaya görə, məktəbi idarə edən, proqramı hazırlayan və müəllimi işə götürən qurum öz işinin nəticəsini özü qiymətləndirməməlidir:

“İmtahan təhsilin güzgüsüdür. Bu güzgü nə qədər müstəqil olarsa, gördüyümüz mənzərə də bir o qədər real olar. Əgər imtahan nəticələri zəifdirsə, bu, nazirlik üçün də vaxtında xəbərdarlıq siqnalıdır. Eyni qurumun içində isə belə siqnallar çox vaxt səssiz qalır.

İkinci məqam etimaddır. İllər ərzində cəmiyyət qəbul imtahanlarına inanmağı öyrənib. Bu inam asan qazanılmayıb və onu qorumaq qurumun statusunu dəyişməkdən daha vacibdir. Qəbul mövsümü ərəfəsində edilən struktur dəyişikliyi valideynlər və abituriyentlər arasında lazımsız narahatlıq yarada bilər”.

DİM-in artıq yalnız təhsil qurumu olmadığı, dövlət qulluğuna qəbul, peşəkar sertifikatlaşdırma və digər sahələr üzrə imtahanların da onun üzərində olduğunu əsas gətirən həmsöhbətimiz bildirir ki, bu funksiyaları bir nazirliyin tabeliyinə vermək idarəetməni sadələşdirməyəcək, əksinə mürəkkəbləşdirəcək:

“Bununla belə, qonşu ölkələrin təcrübəsi göstərir ki, nazirliyin tabeliyində olan imtahan mərkəzi də uğurla işləyə bilər. Gürcüstan qəbul sistemində korrupsiyaya qarşı mübarizədə məhz nazirliyin nəzdindəki yarımmüstəqil mərkəz vasitəsilə nəticə əldə edib. Deməli, əsas məsələ qurumun harada yerləşməsi deyil, onun qərarlarının müstəqilliyinin nə dərəcədə qorunmasıdır”.

Bütün hallarda, ekspert DİM ilə nazirlik arasında daha sıx əməkdaşlığa ehtiyac olduğu qənaətindədir:

“Məktəb kurikulumu ilə imtahan modelinin uyğunlaşdırılması, buraxılış imtahanlarının məzmunu, nəticələrin birgə təhlili və elektron imtahanlara keçid kimi məsələlər hər iki qurumun ortaq məsuliyyətidir. Rəhbər dəyişikliyi bu əməkdaşlığı yeni mərhələyə çıxarmaq üçün yaxşı fürsət ola bilər. Bir sözlə, DİM-i nazirliyin tabeliyinə vermək yox, onun daha ahəngdar işləməsini təmin etmək lazımdır. Ən uğurlu model müstəqil, amma bir-birini tamamlayan iki qurumdur. Bu halda həm təhsilin keyfiyyəti, həm də cəmiyyətin imtahanlara olan etimadı qorunmuş olar”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar