“Ermənistan Konstitusiyasında dəyişiklik ediləcəyi təqdirdə Azərbaycanla sülh sazişinin bir neçə gün ərzində imzalanması mümkün olacaq".
"Bakupost" xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan bildirib.
"Azərbaycanla danışıqlarda iştirak edirəm və mənim hisslərimə görə, Konstitusiyanın dəyişdirilməsi halında sazişin imzalanması bir neçə gün məsələsidir", - Simonyan deyib.
Konstitusiya dəyişikliyindən qısa müddət sonra sülh sazişinin imzalanması nə dərəcədə realdır? Yoxsa hazırlıq prosesi daha çox vaxt aparacaq?
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov
“Bakupost”a bildirib ki, Ermənistanda konstitusiya dəyişikliyi qanunvericiliyə uyğun olaraq, bir neçə mərhələdən ibarət olacaq:
“İndiki mərhələdə əsas məsələ referendumun keçirilməsinə nail olmaqdır. Referendumun reallaşması üçün ən azından parlamentdə 6 müxalif deputatın da Paşinyana dəstək verməsi lazımdır. Digər tərəfdən, referenduma çıxarılacaq konstitusiya dəyişikliyi üzrə yeni mətn hələ ki, ictimaiyyətə çatdırılmayıb. Ardınca referendumun özü keçirilməli və qüvvəyə minməlidir. Yalnız bundan sonra sülh sazişinin imzalanması məsələsi gündəmə gələ bilər”.
Bu əsasda müsahibimiz qeyd edir ki, hazırkı mərhələdə Simonyanın belə bir bəyanatla çıxış etməsi mənasız və yersizdir:
“Referendumun elan olunması, ona hazırlıq və keçirilməsinin özü azı bir neçə ay çəkəcək”.
Eks nazirin sözlərinə görə, bu mənada Simonyanın verdiyi bəyanat sadəcə olaraq, daxilə hesablanmış təbliğat məqsədi daşıyır:
“Bununla demək istəyir ki, müxalif qüvvələr sülhün bərqərar olmasına imkan vermir”.
Rüfət Sultan,
BakuPost