Ru
09:00 / 07 May 2025

İŞİD-ə pul göndərən azərbaycanlılardan şok ifadələr

İŞİD-ə pul göndərən azərbaycanlılardan şok ifadələr
Eye

Azərbaycanda terrorçuluğun maliyyələşdirilməsi ittihamı ilə bağlı üç nəfər - Xəqani Ömərov, Anar Salamzadə və Elçin Əzizovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, mütəşəkkil dəstənin üzvləri Şükür Həmidli və Elşən Mustafayev İraq Şam İslam dövlətinin tərkibində çoxsaylı silahlı münaqişələrdə iştirak edib, Suriya Ərəb Respublikasının ərazində terrorçu qruplaşmaların tərkibində silahlı birləşmələrə qoşulublar, Suriya silahlarına qarşı döyüşüblər.

Azərbaycanın hüdudlarından kənarda insanları vahiməyə salan partlayışların həyata keçirilməsi və digər cinayətlərdə iştirak ediblər. Bundan başqa, təqsirləndirilən şəxslər - Xəqani Ömərov, Anar Salamzadə və Elçin Əzizov sosial şəbəkələrdə terrorçuluğun maliyyələşdirilməsinə yönələn çağırışlar ediblər.

Onlar imkanı aşağı olan şəxslərə sədəqə toplamaq adı ilə pul toplayıblar. Bu yolla terrorçuluğun maliyyələşdirilməsi üçün topladıqları pulları mütəşəkkil dəstənin digər üzvlərinə verməklə terrorçuluğun maliyyələşdirilməsinə yönələn hərəkətlər ediblər.

Xəqani Ömərov, Anar Salamzadə və Elçin Əzizov DTX-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıblar. İstintaq orqanı müəyyən edib ki, təqsirləndirilən şəxslər terrorçuluğa dəstək məqsədilə xarici ölkədə fəaliyyət göstərən müəyyən şəxslərə maliyyə vəsaitləri köçürüblər.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğun maliyyələşdirilməsi) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə ilə təqsirli bilinən şəxslər 10 ildən 14 ilədək azadlıqdan məhrum edilə bilərlər.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Anar Salamzadə bildirib ki, dostu Şükür Həmidli Suriyada yaşayıb, orada ailə qurub: "Onun imkanı yaxşı olmayıb. Mən də onun dolanışığı üçün sədəqə toplamışam. Şükür Həmidlini Şəkidən tanımışam, məktəb illərindən dostluq münasibətlərimiz olub. 2015-ci ildə ibadət edərək Suriyaya gedib və orada yaşayıb. Mən onunla danışan zaman imkanı yaxşı olmadığını, müharibə getdiyini deyirdi. Oranın foto və videolarını çəkərək mənə göndərib. Mən də onların yaşayış tərzlərinə baxmışam. Məndən dolanışıq üçün pul istəyirdi. Deyirdi ki, müharibə gedir, burada qaçqınlar var, düşərgələrdə qalırlar. Mən də ona pul göndərmişəm. O, da həmin pula çadır alıb. Mən onun İŞİD üzvü olduğunu bilməmişəm, heç o, həmin terrorçu dəstənin üzvü olmayıb. O başqa silahlı qruplaşmada olub. "Abdulvahab" ləqəbini özünə götürüb. Suriya hökumət qüvvələrinə qarşı döyüşdüyünü bilmişəm. Mən onlara sədəqə adı ilə maddi yardım göndərmişəm".

Anar Salamzadə bildirib ki, Şəki şəhərində "Şəki paxlavası" satmaqla məşğul olub: "Şəkinin özündə də sədəqə verməyə xeyli insan var. Bacardığım qədər onlara da yardım etmişəm. Suriyada, Əfqanıstanda olanlar da bizim qardaşlarımızdır. Onlara da yardım etməyi özümə borc bilmişəm. Bundan başqa, Rusiya, Türkiyədə olan yoxsul insanlara da yardım etməyə çalışmışam. Mən nə etmişəm, Allah qarşısında cavab verəcəm. Mənə video göndəriblər, deyiblər ki, vəziyyətimiz ağırdır. Mən də demişəm ki, Allah köməyiniz olsun. Nə qədər pul atmışam, videolara baxıb atmışam. Həbs olunanda da nə olduğunu demişəm. Maddi ehtiyacları ödəmək üçün pulu göndərmişəm. Mənə yazılı hesabat göndərməyib. Mən Şükürü 14-15 ildir tanıyıram. Ona görə də ondan hesabat istəməmişəm. Amma demişəm ki, aldığınız dərman, ərzaqların videosunu at, burada göstərim ki, yığdığım pulu cibimə qoymuram. Şükür Həmidli də çadırın qabağında videolar atıb, həmin videolardan görünür ki, ərzaq, dərman alıblar. Özünün də üç azyaşlı uşağı var idi. Pulu da uşaqlarına, həmçinin çadırlarda yaşayan imkansız insanlara xərcləyirdi".

Təqsirləndirilən şəxs deyib ki, işdə adı keçən Elşən Mustafayevi tanımayıb. Onun sözlərinə görə hərbi sursatları haradan almaları ilə maraqlanmayıb və Şükür Həmidli ilə heç bir söhbət aparmayıb: "Amma mən özüm bunları internetdən axtarıb maraqlanmışam".

Təqsirləndirilən şəxs qeyd edib ki, Şükür Həmidli və digər tanışları İŞİD yox, digər silahlı qruplaşmanın üzvləri olublar: "Onlar da İŞİD-ə qarşı döyüşüblər. Şükür Həmidlinin özünün kartı olmayıb. Çünki Suriyada bank işləmirdi. Mən xarici ölkədə Şükürün tanışı olan şəxslərin kartına pulu atmışam, çeki də çəkərək Şükürə göndərmişəm. Həmin xarici ölkədə olanlarla Suriyada olan şəxslər şərik olublar. Həmin ölkədəki şəxs Suriyadakı tanışına deyib ki, pul köçüb, bundan sonra həmin şəxsdə pulu Şükürə çatdırıb. Onlar orada biznes qurublar. Misal üçün 90 dollar göndərmişəmsə, 10 dollar götürüb, 80 dolları Şükürə çatdırıblar".

Digər təqsirləndirilən Xəqani Ömərov bildirib ki, işdə adı keçən Elşən Mustafayev onun yeznəsi olub: "Elşən kart lazım olduğunu dedi və ailəsini dolandırmaq üçün pul yığmaq lazım olduğunu bildirdi. Mən də öz adıma kart aldım, həmin karta müxtəlif şəxslər pul atıb. Ümumilikdə 30 min dollar pul toplandı".

Xəqani Ömərov qeyd edib ki, bacısı 2013-cü ildə birinci həyat yoldaşı Elxan ilə Suriyaya köçüb: "Orada bacımın birinci ailəsi dağıldı. Sonra bacım Elşən Mustafayev ilə ailə qurub. Bacım orada özünə ev alıb. Mən də buna görə bacıma pul göndərmişəm. Amma nə qədər pul göndərdiyimi unutmuşam. Bacım Elşən Mustafayev ilə ailə qurandan sonra pul göndərmişəm. Elşən də öz işi ilə məşğul olan şəxs olub. Orada müharibə getdiyi üçün bacımı geri göndərməsini xahiş etmişəm. Amma onunla Sumqayıtda ev almaq barədə söhbətimiz olmayıb. Amma Elşənin anası, bacısı Sumqayıtda yaşayıblar. Onlar da Elşənə yardım ediblər. Yardım üçün toplanan pulları kartdan çıxarmışam və özümdə saxlamışam. Bu da 30 min dollar olub, mən də həmin pulu onlara vermişəm. Üstünü düzəldən sonra orada ev aldılar. Pulu kimin göndərməsini bilməmişəm və tanımamışam. Xeyirxah insanlar göndərib".

Xəqani Ömərov bildirib ki, terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı Elşən Mustafayev ilə aralarında söhbət olmayıb. Onun sözlərinə görə, yeznəsinin ləqəbi olub: "Onu "Elşən Abu Usama" adı ilə tanıyıblar. Hazırda bacım Suriyadadır, Elşənlə birlikdə yaşayır. Elşənin nə işlə məşğul olmasını bilməmişəm. Bacımın birinci əri Elxan həbs edilib".

Növbəti proses mayın 27-də davam edəcək

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar