Ru
20:10 / 23 Dekabr 2025

İsa Əzizov yenidən məhkəmə qarşısında

İsa Əzizov yenidən məhkəmə qarşısında
Eye

Adı qalmaqallarda hallanan idmançı İsa Əzizov hakim qarşısına çıxarılıb.

Bakupost.az Oxu.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən İsa Əzizova sərbəst ifadə vermək üçün söz verilib. O isə yaddaş pozuntusu yaşadığını, baş verən hadisəni xatırlamadığını bildirib.

Daha sonra məhkəmə iclası zərərçəkənin ifadəsi ilə davam etdirilib.

Zərərçəkən K. V. bildirib ki, İsa Əzizovu hadisəyə qədər tanımayıb:

"İş görmək üçün "Sea Breeze"ə A. adlı dostumun yanına getmişdim. Ayxan telefonunda nasazlıq yarandığını deyərək mənim telefonumu istədi, sonra kənara çəkilib kiməsə zəng etdi. Az sonra telefonuma zəng gəldi. Zəng edən şəxs (sonradan adının İsa olduğunu bildim) kobud şəkildə Ayxanı soruşdu. Dedim ki, yatmağa gedib. Bir qədər sonra İsa dostu Mahurla birlikdə Ayxanın mənzilinə gəldi. Aralarında mübahisə yarandı, mübahisə isə davaya çevrildi. Mən İsadan məni tanımadığı halda niyə kobud danışdığını soruşdum. Bu zaman o, məni nalayiq ifadələrlə təhqir etdi. Üstümə cumanda onun əlindən tutmaq istədim və yerə yıxıldım. Yıxılan zaman Mahur əlindəki paketin içindən baltaya oxşar bıçaq çıxararaq, sol qolumdan iki dəfə zərbə endirdi, vətərlərim parçalandı. Daha sonra başımdan da zərbə aldım. Mən şikayətçi deyiləm, Azərbaycan vətəndaşıyıq, düşmən deyilik ki?".

Bundan sonra məhkəmədə sənədlərin tədqiqi mərhələsinə başlanılıb. Bildirilib ki, İsa Əzizovun əməli anlaqsız vəziyyətdə törətməsi ehtimal olunur və onun barəsində stasionar psixoterapiyanın təyin edilməsinin zəruriliyi qeyd edilib.

Növbəti məhkəmə prosesi qeyri-müəyyən vaxta təyin olunub.

Qeyd edək ki, İsa Əzizov 2025-ci ilin sentyabr ayında "Sea Breeze" istirahət mərkəzində xuliqanlıq zəminində hadisə törətməkdə təqsirləndirilir. İlkin olaraq onun barəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılsa da, ibtidai istintaqın sonrakı mərhələsində əməlləri Cinayət Məcəlləsinin 126.2.1-ci (sağlamlığa qəsdən ağır zərər vurma) və 234.1-ci (satış məqsədi olmadan narkotik maddələrin saxlanılması) maddələri ilə tövsif edilib.

Həmçinin qeyd olunur ki, İsa Əzizov bir neçə il əvvəl Bakıda yanacaqdoldurma məntəqəsinin mühafizəçisini döydüyünə görə də cinayət məsuliyyətinə cəlb edilərək həbs olunub. Azadlığa çıxdıqdan sonra, 2019-cu ildə Bakının mərkəzində baş verən silahlı insidentdə iştirak etdiyinə görə yenidən məsuliyyətə cəlb edilib. Həmin vaxt əməliyyatçılar onu polisə tabe olmağa çağırarkən, o, bıçaqla hədə-qorxu gəlib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar