Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putin ilə Moskvada keçirilən son danışıqlardan sonra brifinqdə deyib ki, “Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətini bərpa etməsini gözləmək real deyil”.
Ermənistan tərəfinin Moskvadakı danışıqlardan sonra KTMT-ylə bağlı mövqeyini dəyişib-dəyişmədiyi ilə bağlı suala cavab olaraq deyib ki, keçmişə boylanmağa ehtiyac yoxdur.
Paşinyan Rusiya liderinə KTMT məsələsinin kifayət qədər müzakirə olunmuş hesab edilməsini və digər mövzulara keçməyi təklif etdiyini bildirib.
Nikol Paşinyan Vladimir Putin ilə görüşdə İkinci Qarabağ Müharibəsi dövründə Ermənistanın üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ölkəsinə dəstək verməməsinə, hətta Cənubi Qafqazda cərəyan edən hərbi əməliyyatlara hər hansı reaksiya göstərməməsinə etiraz edib. Ona görə də, KTMT-nin İrəvana münasibəti ilə bağlı Ermənistan cəmiyyətinə hər hansı normal, doğru-düzgün izah verə bilmir. Bu səbəbdən də rəsmi İrəvan təşkilatdakı fəaliyyətini dondurmağa üstünlük verir.
Putin isə bunun cavabında bildirib ki, Praqa görüşündə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiqləyib. Bu halda KTMT-nin bu məsələ ilə bağlı hər hansı müdaxiləsi hüquqi baxımına mümkün deyildi.
Mövzu ilə bağlı politoloq
Elçin Xalidbəyli Bakupost.az-a açıqlamasında bildirdi ki, hər iki tərəf bir-birini ittiham etməyə, günahkar çıxartmağa çalışıb:
“Son nəticədə də belə anlaşılır ki, Paşinyan Ermənistanın KTMT-də fəaliyyətini istəmir, mövqeyini dəyişmək niyyətində deyil və rəsmi İrəvan təşkilatdakı fəaliyyətini dondurulmuş vəziyyətdə saxlamağı düşünür. Təbii ki, bu istər-istəməz Cənubi Qafqazdakı geopolitik, geostrateji situasiyaya birbaşa təsir göstərə bilər. Yəni, Rusiyanın patronajlığı altında olan KTMT-nin əhatə dairəsi Ermənistan ərazisi boyda kiçilmiş olur”.
Politoloqun sözlərinə görə, Ermənistan yeni təhlükəsizlik modeli ilə bağlı alternativlər axtarmağa başlayıb:
“Bunların arasında Ermənistanın Avropa Birliyi ilə yaxınlaşma siyasəti, eyni zamanda ABŞ ilə münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması, paralel olaraq Tramp marşrutunun reallaşdırılması kimi addımlar mövcuddur. Rəsmi İrəvan hesab edir ki, bu marşrut reallaşarsa, Ermənistanın hərbi təhlükəsizlik maraqları da təmin olunacaq. Çünki ABŞ Tramp marşrutunun fəaliyyətində birbaşa iştirak edəcək və eyni zamanda Cənubi Qafqazda da müəyyən geopolitik oyunçu roluna sahib olacaq. Bu da Ermənistanın hərbi təhlükəsizliyi üçün önəmli hesab olunur. Bütün bunları nəzərə aldıqda hesab etmək olar ki, Ermənistan Baş naziri Kremldə Putinə geriyə dönmək niyyətinin olmadığına yönəlik müəyyən üstüörtülü mesajlar verdi”.
Cavid, BakuPost