Ru
14:51 / 16 Sentyabr 2022

Erməni lobbisinin qisas kampaniyası: Avropa Azərbaycan qazından imtina edə bilər? - AÇIQLAMA

Erməni lobbisinin qisas kampaniyası: Avropa Azərbaycan qazından imtina edə bilər? - AÇIQLAMA
Eye

Ermənistanın 13 sentyabr təxribatından sonra xaricdəki erməni lobbisi geniş əlaqələrindən istifadə edərək, Azərbaycana qarşı qaralama kampaniyasına start verib. Düşmənə endirilən ağır zərbələrdən sonra onlar Azərbaycandan bu yolla qisas almaq istəyir. ABŞ Konqresinin bir sıra üzvləri, Avropa Parlamentinin müəyyən deputatları Azərbaycana qarşı çağrışları artırıb. Bu arada Avropa Parlamentinin bir sıra üzvləri Avropa Komissiyasının rəhbəri Ursula von der Leyenə müraciət edərək qurum ölkələrini Azərbaycandan qaz almamağa çağırıblar. Bu məsələdə Avroparlamentin Fransadan olan deputatları xüsusi canfəşanlıq göstərib. O cümlədən, Bolqarıstanı təmsil edən bəzi deputatlar da buna qoşulub.


Avropa Azərbaycandan qazın alışını dayandıra bilərmi?


Məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az -a açıqlamasında bildirib ki, Avropanın Rusiya ilə münasibətləri gərgin olduğu dövrdə Azərbaycanın enerji daşıyıcılarından imtina etməsi mümkün deyil.


Ekspert qeyd edib ki, Avropa Parlamentində Azərbaycana qarşı çıxış edən deputatların əksəriyyəti Rusiyanın mövqeyini müdafiə edənlərdir:




“Avropa Parlamentinin 750 deputatı, eyni zamanda müxtəlif maraq qrupları da var. Orada prosedur qaydaları çox rahatdır deyə hətta bir neçə deputat birləşərək, hansısa bir təkliflə çıxış edə bilir. Əsas məsələ onun plenar iclasa gəlməsi və səsverməyə çıxarılmasıdır ki, bunun olacağına inanmıram. Çünki Avropa Birliyilə Azərbaycan yeni qaz sazişi imzalayıb. Hazırda Avropa Birliyi əlində çıraqla qaz axtarır. Ona görə də ermənilərə xoş gələn deputatların hansısa formada Azərbaycanla Avropa Birliyi münasibətlərinə təsir göstərə biləcəyini düşünmürəm”.


N.Cəfərli vurğulayıb ki, Rusiya Avropanın daha az qaz almasında və qiymətlərin baha olmasında maraqlıdır:


“Avropa Parlamentində tanıdığımız deputatlara bizim də müraciətimiz olacaq ki, belə təkliflə çıxış edən deputatlar araşdırılsın. Çox güman ki, həmin deputatlar ermənipərəstlikdən daha çox Rusiyanın mövqeyini müdafiə edənlərdir. Rusiya narahatdır ki, Azərbaycan qazı Avropaya qədər çatacaq və həcmləri artacaq. Bu isə Avropada qazın qiymətinin kəskin bahalaşmasının qarşısını alan amillərdən birinə çevriləcək. Rusiya hazırda Avropaya daha az və daha baha qiymətə qaz satır. Əvvəllər 170-180 milyard kubmetr qaz satırdı, 1000 kubmetrini 300-400 dollara. Lakin indi ilin sonuna kimi 90 milyard kubmetrə endirə bilər. Burada Rusiya daha çox qazanır, çünki qazın qiyməti 1000 kubmetrə görə 2000-3000 dollar civarında dəyişir”.


İqtisadçı hesab edir ki, Azərbaycanla Avropa Birliyi arasında münasibətlərin ən yüksək həddə qalxması dövrü yaşanır:


“Avropa ilə Azərbaycan arasında bağlanan qaz sazişi və Azərbaycan Prezidentinin Avropa Biriliyinin sammitinə dəvəti onu deməyə əsas verir ki, bu təşəbbüslərin heç bir nəticəsi olmayacaq. Sadəcə, boş söz yığınıdır. Amma Azərbaycan tərəfi əlini əlinin üstünə qoyub oturmamalı, lobbi fəaliyyətilə daha ciddi məşğul olmalıdır. Eyni zamanda informasiya müharibəsində də daha çox aktivlik göstərmək lazımdır. Bununla yanaşı, Avropa Parlamentində Azərbaycanın tərəfdaşları olan və ölkəmizə simpatiya ilə baxan yüzlərlə deputat var. Azərbaycan tərəfinin daha aktiv olması lazımdır. Bu məsələlərdə həm dünya mediası, həm Avropa deputatları ilə yaxından işləməliyik. Müxalif partiyası olaraq biz də üzərimizə düşən işi görürük. Son 4-5 gündə dünyanın bir çox media qurumlarına müsahibələr vermişik, açıqılamalar göndərmişik. Hətta Rusiya mediasında belə Azərbaycanın mövqeyini və haqlı olduğunu müdafiə edən açıqlamalar olub. Amma bu yetərli deyil. Dövlət və hökumət orqanlar da Azərbaycanın haqlı mövqeyini dünya ictimaiyyətinə çıxartmaqda daha aktiv olmalıdır”.


Fəridə
Baku Post

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar