Türkiyədə dövrünün məşhur seriallarından olan "Ezel”də baş qəhrəmanın gəncliyini canlandıran tanınmış aktyor İsmail Filiz Bakıya gəlib.
BakuPost xəbər verir ki, aktyoru Bakıya Türkiyənin ən iribüdcəli filmi sayılan "Dəlilər”dəki tərəf müqabili, dostu Namiq Rüstəmxanlı dəvət edib. İsmayıl Filiz "Dəlilər”də baş rollardan biri - "Aşkar”ı canlandırıb.
İ. Filiz Azərbaycana həyat yoldaşı Nurana Filizlə birlikdə gəlib. Əldə etdiyimiz məlumata görə, onun xanımı Azərbaycanın korifey sənətkarlarından olan, mərhum aktyor Siyavuş Aslanın qohumudur. Xanım özü də Türkiyə seriallarında bir neçə dəfə rol alıb. O hazırda seriallar üçün ssenarilər yazır.
Qeyd edək ki, Türkiyədə "Angel Yapım” şirkətinin istehsalı ilə Osmanlı İmperiyasının dünyanı titrədən ordusunun, ən öndə gedən mərd döyüşçülərinin qəhrəmanlıqlarından bəhs edən "Dəlilər” filmi 20 milyon TL-yə başa gəlib. İddia edilir ki, ekran işi "Game of Thrones” və "Vikings” kimi layihələrlə rəqabət aparacaq.
Möhtəşəm səhnələrin yer aldığı və təsirli ssenarisi olan film 15-ci əsrdə Fateh Sultan Mehmetin Eflak Voyvodalığına təyin etdiyi Vlad Tepeşin xalqa etdiyi zülmdən danışır. Tepeş vəzifəsinin ilk illərində Osmanlıya sadiq qalsa da, sonralar əhaliyə qarşı dəhşətli qəddarlıqlar etməyə başlayır. Fatih Sultan Mehmet isə dinindən və millətindən asılı olmayaraq, insanlara edilən bu zülmə səssiz qalmır. Fatih Sultan əvvəlcə Vlad Tepeşə elçisiylə xəbərdarlıq yollayır. Vlad elçinin sarığısını başına mismarlayıb İstanbula göndərəndə Osmanlı sultanın səbri daşır və onun cinayətlərinə son qoymağa qərar verir.
Fatih bu zülmə tezliklə son vermək üçün Baba Sultana əmr verir. Baba Sultan "Dəlilər Birliyi" nin ən cəsur igidlərdən yeddisini Vladın hökm sürdüyü Targoviçdeye göndərir. Bu yeddi qəhrəman: Gökkurt, Aşkar, Mübariz, Çebi, Suskun, Kongar və Adsızdır.
Filmdə baş rollardan olan "Mübariz” obrazını azərbaycanlı aktyor Namiq Rüstəmxanlı canlandırıb.
Qeyd: İsmail Filiz BakuPost-a geniş müsahibə verib. Sabah həmin müsahibə yayımlanacaq.