Ru
09:37 / 06 May 2022

Fuad Poladovun son sirri...

13876








Şərif Ağayar



Dünən Fuad Poladovun anım günü idi. Görürəm, azca qımışdınız: anım günü dünən idisə yazını niyə bu gün yazırsan? Dərhal cavab verim: çünki yazı aktyorun özü yox, ona münasibət haqqındadır.



Yad etdilər onu. Dili kəsilmiş jurnalistin dil kəsmək (!) iddiası, aparıcının Əhməd Cavadın nəvəsinə gülməli sual verməsi və Putinin yəhudilərdən üzr istəməsi gündəmin ayağını sürüşdürsə də, Fuad kişini unutdurmağa “duxu” çatmadı. Hamı öz hörmət və ehtiramını ifadə etdi.


Əslində, yad etmək işin hamısı deyil. Baxır səni necə yad edirlər. Fuad Poladovu urvatla xatırladılar. Lap qohum-əqrəbasına, xüsusən övladlarına qısqanclıq ediləcək səviyyədə. Adamın belə qohumu olar. Arxasınca xoş sədalı qohumu...


Fuad Poladov həm də sənət cameəsinə hörmət gətirən kişi olub. O səbəbdən biz də onu minnətdarlıqla yad etdik.


Təbii, mənim də, yaşlı kişilər demiş, xiyalımda bəzi nüanslar canlandı.

Neft pullarının ölkəyə sel kimi axan vaxtı Bakı küçələri tanka bənzəyən nəhəng və vahiməli maşınlarla dolmuşdu. Bir balaca əl-ayağını yığışdıran hər kəs maşın ala bilirdi. Belə bir vaxtda balaca avtobusların birinin lap arxa oturacağında bir adam gördüm. Əynində nimdaş paltar, üzündə qəribə bir aydınlıq... Fuad Poladova oxşatdım. Amma o olmazdı yəqin. Yox o idi. Dəqiq o idi. Necə yəni, on ilin yazarı Fuad Poladovu tanımırdım? O idi, əlbəttə. Buna şübhə ola bilməzdi. Amma içimdə bir az qeyri-müəyyənlik vardı. Məni qınamayın. İlk dəfə xalq artistini xalqın içində görürdüm.

Sonralar tanış-bilişdən öyrəndim, dedilər, əlbəttə düz tanımısan, o, belədir. Lazım olsa işə piyada gələr, lakin özünü heç kimin qarşısında sındırmaz.


“Azdrama”dan sükutu etiraz hayqıran müəmmalı istefasından az sonra cənab Poladovun ağır xəstəliyə tutulması xəbəri yayıldı. Müalicəyə ehtiyacı vardı. Təbii, elə bir ölkədə yaşayırıq ki, kimin müalicə olunub kimin müalicə olunmayacağına kimsə qərar verməlidir. Digər azadlıqlarımız kimi sağlamlıq azadlığımız da icazəlidir. Baxır özümüzü necə aparırıq. Fuad Poladov isə sükutu etiraz hayqıran müəmmalı istefası ilə cəmi teatrların və teatrçıların böyüyü Azər Paşa Nemətin - köhnə dostunun xətrinə dəymişdi. Onu müalicə hüququndan asanca məhrum edə bilərdilər.


Belə bir vaxtda vicdanı amputasiya olunmayan qələm adamları bir kampaniya başladılar. Mən də ünlü mədəniyyət portalının rəhbəri kimi qollarımı çırmaladım. Götürüb həm Teatr Xadimləri İttifaqının sədri, həm də Akademik Milli Dram Teatrının direktoru Azər Paşa Nemətə zəng vurdum. Təbii, telefonu köməkçi xanım götürdü.


Bu həmin vədə idi ki, Bakının milli qəhrəmanı Hacıbala Abutalıbov Azərbaycan Yazıçılar Birliyinin işbazlara icarəyə verdiyi “26” disko-barına hücum çəkmişdi. Sən demə bardan ayda 8 min manat pul alırmışlar. Mətbuat məsələnin üstünə getdi. Quyruğu qapı arasında qalan AYB katibləri belə bir açıqlama verdilər: “Biz o pulu xəstələnmiş yazıçıların müalicəsinə sərf edirik".


Mən Azər Paşa müəllimin zərif səsli köməkçisinə bu hadisəni xatırlatdım və dalınca dedim: “Bir gün Azər Paşa müəllimin də başına belə bir hadisə gələcək. Mütləq gələcək. Ona deyin, həmin vaxt tutarlı bir bəhanə gətirmək üçün bu gün Fuad Poladova kömək eləsin.”

Xanım məndən vaxt istədi və dediklərimi olduğu kimi cəmi teatrların və teatrçıların böyüyünə çatdıracağına söz verdi.


Bir neçə saat sonra Azər Paşa Nemətdən açıqlama gəldi: “Biz Fuad Poladovun müalicəsinə kömək etməyə hazırıq.”

Açıqlamanı sevinə-sevinə yayımladıq.


Az keçməmiş Poladovun ailəsindən zəng elədilər. O, materialın saytdan təcili çıxarılmasını istəyirdi. Dirəniş göstərdim. Bu bizim təşəbbüsdür, onunla əlaqəsi yoxdur dedim. Əl çəkmədilər. Fuad bəyin səhhətini nəzərə alıb yumşaldım və materialı saytdan çıxartdım.

Və qəribə bir boşluğun içinə düşdüm. Həm qəzəblənmişdim, həm kövrəlmişdim, həm də qürur duyurdum. Fuad Poladov ona sədəğə kimi verilən həyatı belə qəbul etməmişdi!


İndi osminoq kimi ətrafı səkkiz əllə qamarlayan sənət möhtəkirlərini görəndə belə bir adamı necə sayğı ilə anmayasan?

Və bu qədər şərəfsizi olan ölkədə Allahın məhz Fuad Poladovun boğazından yapışmasını necə başa düşəsən?

Üzgünəm.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər