Ru
11:03 / 26 Oktyabr 2023

Göygöldə ayılar kəndlərə hücum etdi - Təsərrüfata zərər vurdu - FOTO

18876
Göygöl rayonunun Quşçu və Qarabulaq kəndlərində ayılar təsərrüfata hücum edərək zərər vurublar.

Kənd sakinlərinin Bakupost.az –a verdiyi məlumata görə, son günlərdə dəfələrə onlara məxsus arı yeşikləri, mal-qara və meyvə ağacları ayılar tərəfindən zərər görüb.

Sakinlər bildiriblər ki, bir neçə gün öncə həm Quşçu kəndində, həm də qonşu kəndlər olan Qarabulaq və Sarısu kəndlərində bir neçə nəfərin təsərrüfatına ayılar tərəfindən ciddi zərər yetirilib.






Belə ki, ayılar Quşçu kənd sakini Y.Qarayevaya, həmçinin Qarabulaq kənd sakini M.Haqveridyevaya məxsus arı təsərrüfatına zərər vurub, bir neçə pətək dağılıb, arı ailələri tələf olub.

Ayılar Qarabulaq kənd sakini E.Məmmədova məxsus meyvə və qoz ağaclarını da sındırıb. Qarabulaq kənd sakini S.Alışanova məxsus 2 baş mal-qara isə ayılar tərəfindən parçalanıb.

Sakinlər oxşar halın qonşu kənd olan Sarısu kəndində də baş verdiyini deyiblər.

Onların sözlərinə görə, ayılar bir neçə dəfə kəndin içərisində də görünüb. Sakinlər ayıların nəinki təsərrüfatlara, hətta özlərinə də zərər vuracağından ehtiyat edirlər.





Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunub. Nazirliyin 10 saylı Regional idarəsinin əməkdaşları ərazidə olub, faktlarla bağlı qeydlər alıblar.

“İdarədən bildirdilər ki, rəsmi ov tüfəngi olan bir neçə kənd sakini ayıların kəndə, təsərrüfata hücum etməməsi üçün növbə çəksinlər, əgər ayılar gələrsə, havaya atəş açaraq onları qorxudub ərazidən uzaqlaşdırsınlar. Qeyd etdilər ki, ayını öldürmək olmaz, əgər ayını öldürsələr, küllü miqdarda cərimə ödəməli olacaqlar", - deyə sakinlər qeyd ediblər.
Kəndlilər heç bir sakində ov tüfəngi olmadığını və növbə çəkə bilməyəcəklərini deyiblər.

Qeyd edək ki, hər iki kənd meşəlik və dağlıq ərazidə yerləşir. Kənd sakinləri maldarlıq, arıçılıq və əkinçiliklə məşğul olurlar.




Zahir Məmmədov
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər