Ru
12:09 / 09 Mart 2023

Gürcüstanda baş verənlərdə Rusiya izi... - ŞƏRH

2457
Xəbər verdiyimiz kimi, Gürcüstan parlamentində "xarici agentlər" haqqında qanunun ilk oxunuşda qəbul olunmasından sonra paytaxt Tbilisidə etiraz aksiyaları baş verib.

Martın 7-də etirazçılarla xüsusi təyinatlılar arasında ciddi toqquşma baş verib. Toqquşma nəticəsində etirazçılar və polislər arasında xeyli yaralananlar var.


Qeyd edək ki, sözügedən qanun layihəsi xarici institutlardan maliyyə yardımı və qrantlar alan qurumların agent elan edilməsi ilə bağlıdır.


Hakimiyyət nədən belə bir qanunun qəbuluna qərar verib? Gürcüstanda baş verən hadisələr necə inkişaf edə bilər?




Mövzu ilə bağlı Bakupost.az -a açıqlama verən politoloq Oqtay Qasımov deyib ki, müxalifətin etiraz və ittihamları daha çox Gürcüstan hakimiyyətinin Rusiya ilə gizli əlaqələrinə yönəlib:

"Gürcüstanda baş verən hadisələr son illər hakimiyyət və müxalifət arasında baş verən gərginliyin nəticəsi idi. Hakimiyyət bu qanunu qəbul etməklə Avropa və beynəlxalq strukturlardan maliyyələşən media və qeyri- hökumət təşkilatlarının nümayəndələrini nəzarətdə saxlamağa çalışır. Bu isə müxalifət və vətəndaş cəmiyyəti nümayəndələrini qane etmədiyinə görə aksiyalar keçirilib".

Oqtay Qasımovun sözlərinə görə, hazırda Qərb və Rusiya arasında gedən geopolitik savaşın baş verdiyi məkanlardan biri də Gürcüstandır:


“Bu baxımdan Gürcüstanda yaşananlar hazırda dünyada baş verən geopolitik rəqabətin daha bir savaş müstəvisi kimi də götürülə bilər. Avropa Birliyi, ABŞ, bir sıra beynəlxalq təşkilatlar Gürcüstan hakimiyyətini son dövrlər ölkədə söz və mətbuat azadlığının sıxışdırılması, məhdudiyyətlərə gedilməsi, o cümlədən müxalifətə qarşı təzyiqlərin artmasına görə tənqid edir. Həmçinin müxalifətin lideri olaraq Mixail Saakaşvilinin uzun müddətdən bəri həbsdə saxlanılması və onun sağlamlığı üçün ciddi təhlükənin yaranması ilə bağlı məsələləri gündəmə gətirməklə Gürcüstan hakimiyyətini müəyyən qədər yumşalmalara getməyə təşviq etmək istəyir”.


Qeyd edək ki, hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyası ölkədə baş verən etirazlar fonunda “xarici agentlər” haqqında qanun layihəsini ölkə parlamentindən geri götürmək qərarına gəlib.

Bu barədə qanun layihəsinin təşəbbüskarı - “Xalqın Gücü” ictimai hərəkatının birgə bəyanatında deyilir.


Əfsanə Rəcəb
BakuPost



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər