Ru
23:50 / 14 Sentyabr 2026

"Şəki yaylası"ndakı faciənin pərdəarxası: Qanundakı boşluq can aldı?

"Şəki yaylası"ndakı faciənin pərdəarxası:  Qanundakı boşluq can aldı?
Eye

"Şəki yaylası"nda iki nəfərin ölümü ilə nəticələnən faciədən sonra hadisənin səbəbləri və məsuliyyət məsələsi ətrafında müxtəlif fikirlər səsləndirilir. Hadisənin texniki nasazlıqla əlaqələndirilməsi ilə yanaşı, obyektin təhlükəsizlik qaydalarına əməl edib-etmədiyi ilə bağlı da ciddi suallar yaranıb. Həmçinin ümumilikdə bu qurğulara kimin nəzarət etməsi də müzakirə olunan məsələlərdəndir.

"Bakupost" xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-a danışan hüquqşünas Əliməmməd Nuriyev Şəkidə insan ölümü ilə nəticələnən hadisənin texniki nasazlıq kimi də qiymətləndirilməməli olduğunu bildirib.

O bildirib ki, burada əsas hüquqi sual odur ki, insanların həyatı və sağlamlığı üçün risk yaradan qurğu hansı qaydada istismara buraxılıb və onun təhlükəsizliyinə kim cavabdehdir:

"Fövqəladə Hallar Nazirliyinin (FHN) hadisə ilə bağlı açıqlamasında qeyd olunub ki, sözügedən qurğu mexanikləşdirilmiş, yəni elektrik mühərriki və ya ötürücü bucurqad vasitəsilə hərəkət etdirilən qurğu olmadığından təhlükə potensiallı obyektlərin siyahısına daxil deyildir və bu səbəbdən FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin nəzarət sahəsinə aid deyil.

Bu açıqlama daha ciddi sual yaradır. Əgər insan həyatına birbaşa təsir edən belə qurğu nəzarət rejiminə düşmürsə, buna kim nəzarət edir?

Sahibkarın fəaliyyət göstərməsinə dair sənədlərin olması həmin qurğunun təhlükəsiz olduğu demək deyil. Burada qurğunun mənşəyi, istehsalçısı, texniki sənədləri, layihəsi və montajı, kanat və dayaqların daşıma qabiliyyətini və texniki nəzarəti kimsə araşdırmalıdır. Bu suallara cavab vermək lazımdır. İstintaq həm də bunun baş verməməsinə kimin cavabdeh olduğuna da cavab tapmalıdır. Ekspertizalar məsuliyyəti konkret müəyyənləşdirməlidir.

Hadisənin ortaya çıxardığı daha böyük problem var. İnsanları hündürlükdə kanatla hərəkət etdirən qurğu texniki təsnifatına görə nəzarətdən kənarda qalırsa, qanunvericilikdə boşluğa baxmaq lazımdır. Bu qurğunun təhlükəsizliyinə kim zəmanət verib? Qurğunu kim yoxlayıb, nə vaxt? Nasazlıq əvvəldən olubmu və dövlət nəzarətinin konkret mexanizmi varmı?

Bu suallara aydın hüquqi cavab yoxdursa, bu, boşluğun araşdırılması deməkdir".

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq FHN-dən bildirilib ki, əyləncə mərkəzlərində, o cümlədən rayon və şəhərlərdə quraşdırılan mexanikləşdirilmiş attraksionların istismarı üçün lisenziya müvafiq qurum tərəfindən verilir.

Nazirlikdən əlavə edilib ki, mexanikləşdirilmiş attraksionların texniki vəziyyətinə və təhlükəsiz istismarına nəzarət məqsədilə yoxlamalar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən 12 aydan gec olmayaraq həyata keçirilir:


"Yoxlama zamanı aşkar edilmiş nöqsanların aradan qaldırılması barədə həmin agentliyə 30 gün ərzində məlumat verilməlidir. İnsan həyatı və sağlamlığı üçün birbaşa təhlükə yaradan ciddi nöqsanlar aşkar edildikdə isə mexanikləşdirilmiş attraksionun istismarı nöqsanlar tam aradan qaldırılanadək qadağan edilir. Eyni zamanda, mexanikləşdirilmiş attraksionların təhlükəsiz istismarının təmin edilməsi üçün mühəndis-texniki işçilərin və xidmət heyətinin attestasiyadan keçirilməsi vacibdir.

Həmçinin mexanikləşdirilmiş attraksionların təhlükəsiz istismarına cavabdeh şəxs sahibkar tərəfindən müvafiq əmrlə təyin edilməlidir.

Bununla yanaşı, bir daha vurğulayırıq ki, son günlər müzakirə predmeti olan bəzi qurğular müvafiq normativ-hüquqi sənədlərə əsasən, təhlükə potensiallı obyektlərin siyahısına daxil olmadığından onlara nəzarət agentliyin səlahiyyətlərinə daxil deyil.

Buna misal olaraq iki stasionar dirək arasında bağlanılmış burazın üzərində quraşdırılmış, heç bir təhlükəsizlik cihazı və ya sığortalayıcı trosu olmayan diyircəklər üzərində öz ağırlığı, sərbəstdüşmə təcili və ətalət sürəti ilə hərəkət edən əyləncə qurğularını göstərmək olar. Bu tip qurğular mexanikləşdirilmiş, yəni elektrik mühərriki və ya ötürücü bucurqad vasitəsilə hərəkət etdirilən qurğu olmadığından təhlükə potensiallı obyektlərin siyahısına daxil deyildir və bu səbəbdən həmin qurğulara nəzarətin həyata keçirilməsi FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin səlahiyyətlərinə aid deyil".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar