Ru
15:00 / 03 İyul 2024

Hələ “Beşinci kolon”dan azad olmamışıq, təhlükələr var - Sabir Rüstəmxanlı - VİDEO

3815
"Bakupost" TV millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının müəllifliyi ilə "Vətəndaşlığın əlifbası" adlı yeni silsilə verilişlərin nümayişinə başlayır.


Verilişin ilk buraxılışında millət vəkili Azərbaycan insanının həm özü, həm də cəmiyyət və dövlət haqqında düşüncələri, xalqın bu günü, gələcəyi ilə bağlı narahatlıqlarından bəhs edib.


S.Rüstəmxanlının sözlərinə görə, daim bu iki yolla irəliləyən insan doğuluşdan ölümə kimi şəraitin, sistemin verdiyi azadlığı və özünü ifadə etmək imkanlarını genişləndirməyə çalışır. Cəmiyyətdə insanın azadlığı, şəxsiyyəti və bacarığına verilən qiymət vətəndaşın əbədi qayğılarındandır. O, həmişə bu imkanlarını genişləndirməyə çalışır, özünü daha yaxşı ifadə etmək imkanı axtarır:


"Fəlsəfədə geniş yayılmış bir fikir var, onun mahiyyəti budur ki, insan və dünya yaranandan bəşəriyyət daim inkişaf edir, bir mərhələdən başqa mərhələyə keçir. Yeni texnologiyalar, yeni kəşflər onu zirvələrə aparır. Bu zirvələrin sonu nədir, hələ məlum deyil. Bəlkə də sivilizasiyanın məhvir, yenidən doğulmasıdır. Bununla bağlı çoxlu düşüncələr var. Amma dini inanclara görə, insanlığın tarixi, əvvəli və sonu olan bir prosesidir. Sonda bir Qiyamət günü var və həmin gün bütün insanlar Allah qarşısında hesabat verəcəklər. Dinin yanaşması budur. Bunlar fərqli yanaşmalardır, amma hər halda ikisində də məsuliyyət insanın boynundadır. Ancaq əsas məsələ mənim düşüncəmə görə, insanın özüdür. Hər şey onun özündən başlayır və məncə, biz daha çox bu məsələnin üzərində dayanmalıyıq".


Cəmiyyət-insan münasibətləri, bəzən də münaqişələri necə qurulmalıdır ki, insan daha kamil bir səviyyəyə çatsın? Vətəndaşlıq nədir? Biz heç olmasa, vətəndaşlığın nə olduğunu əlifba səviyyəsində bilirikmi?


Bu suallar ətrafında mühakimələr yürüdən S.Rüstəmxanlı hesab edir ki, vətəndaşlığın əlifbası ilk növbədə milli ruhu və onun övladı olan milli mədəniyyəti düşünməkdir. Çünki milli mədəniyyət elə o ruhdan doğulur.


Kommunist ideologiyası iflasa uğradıqdan sonra liberal dəyərlərin hələ də oturuşmadığına diqqət çəkən millət vəkilinin fikrincə, bir vəziyyətdə cəmiyyətdə ideoloji boşluq yaradır:


"Bu boşluğu nə ilə doldurmaq olar? Əlbəttə, dövlətin öz ideologiyası ilə. Amma bu ideologiyanın təməlində milli mədəniyyət, mənəvi dəyərlər və onların təcrübəsi əsasında yaranan milli ideya dayanmalıdır. Bu ideologiya xaricdən idxal edilən "izm"lərdən ibarət ola bilməz. Bu "izm"lərdən fərqli olaraq, milli ideya dünya təcrübəsinə söykənən, milliətin öz keçdiyi yola, onu tarix boyu qoruyub-saxlayan dəyərlərə uyğun olmalıdır. Biz bu yola azərbaycançılıq, vətəndaş həmrəyliyi deyirik. Amma bu sözlərin içi doldurulmalıdır".

Millət vəkili Azərbaycanın hələ də "Beşinci kolon"dan xilas olmadığını, dövlətçiliyimiz üçün təhlükənin tam aradan qalxmadığını da vurğulayıb.

Ətraflı videoda...




BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər