Ru
11:59 / 10 May 2022

Heydər Əliyev zəkasının bəhrəsini bu gün hər addımda görürük

369
Elə insanlar var ki, bütün həyatları boyu nəinki bir elin, obanın, heç bir ailənin qayğı yükünə belə çiyin verə bilmirlər. Amma elə insanlar da var ki, onları bu dünyaya gəlməyə sanki tale səsləyir – xalqın, millətin, Vətənin taleyi. Belə dühalar dünyaya tək-tək gəlir və Allah tərəfindən mənsub olduqları xalqa, bütövlükdə bəşəriyyətə bir xilaskar kimi göndərilir.





Xalqımızın tarixində böyük xidmətləri ilə seçilən, onun qan yaddaşında silinməz izləri olan şəxsiyyətlər çoxdur. Ümummilli liderimiz Heydər Əliyev – iyirminci əsrin ikinci yarısından sonra bir qərinədən çox Azərbaycana rəhbərlik edərək ölkənin iqtisadi inkişafına nail olan və xalqın özünüdərkində əvəzsiz xidmətlər göstərən, bütün mənalı ömrünün hər anında xalqına, Vətəninə bağlı dahi şəxsiyyət isə bu mənada əvəzolunmazdır. Onun siyasətdə əvəzolunmazlığı təkcə öz xalqı tərəfindən deyil, həm də dünyanın ən nüfuzlu siyasi xadimləri tərəfindən etiraf edilib və bu gün də edilməkdədir. Xalqımızın üzləşdiyi bütün taleyüklü problemlərin həlli onun fəaliyyətinin əsas qayəsi olub. Bu istiqamətdə göstərdiyi dönməzlik, həyata keçirdiyi ardıcıl və səmərəli siyasət öz bəhrəsini verib.


Ulu öndər, dünya şöhrətli ictimai-siyasi xadim və müdrik dövlət başçısı kimi, bütün şüurlu həyatını canından artıq sevdiyi xalqının xoşbəxt yaşamasına, Azərbaycanın tərəqqisinə həsr edib. Bu gün özü də Azərbaycan tarixinin çox önəmli bir hissəsinə çevrilən Heydər Əliyev tarixi yaradan dahi şəxsiyyətlərdəndir. Təsadüfi deyildir ki, tariximizin bütöv bir epoxası – 34 il bu müdrik insanın adı və fəaliyyəti ilə bağlıdır. Müstəqil Azərbaycan dövlətinin yaradıcısı və memarı kimi o, quruculuq salnaməmizin şanlı səhifələrini yaratmağa müvəffəq olub.





Respublikamızda minlərlə insan var ki, Heydər Əliyevin hakimiyyətdə olduğu birinci dövrdə (1969-1982-ci illərdə) ölkənin qazandığı uğurlar onların gözlərinin qarşısında baş verib. Belə insanlardan biri də bütün həyatı boyu Heydər Əliyev siyasətinə sadiq qalan, hələ sovet dövründə ikən Azərbaycanın tərəqqisi naminə həyata keçirdiyi bütün ideyaları dəstəkləyən və təbliğ edən atam – tarix elmləri doktoru, professor, müstəqillik dövründə Milli Məclisin deputatı olmuş mərhum Zakir Sərdarov idi. O, həm də ulu öndərin ikinci dəfə Azərbaycana rəhbərlik etməsi üçün ona müraciət etmiş məşhur 91-lərdən biridir və inanırdı ki, ölkəmizi o dövrdə üzləşdiyi bəlalardan ancaq özünün uzaqgörən siyasəti ilə Heydər Əliyev xilas edə bilər. Sonradan zaman sübut etdi ki, atam bu qənaətində nə qədər haqlıymış.




Bu gün müstəqil Azərbaycan dövlətinin yaşaması üçün biz hamımız Heydər Əliyevə borcluyuq.


Heydər Əliyev xalqın təkidi ilə yenidən respublikamızın rəhbərliyinə tariximizin olduqca mürəkkəb məqamında qayıdıb. Yalnız siyasi müdrikliyi, polad iradəsi və dövləti idarə etmək istedadı sayəsində o, qarşıya çıxan bütün maneələri dəf edib, xalqı düşdüyü bəlalardan qoruya bilib.


İqtisadiyyatın inkişafı, mili kadrların yetişdirilməsi sovet dönəmində də Heydər Əliyev tərəfindən daim ön plana çəkilib. Bunun nəticəsidir ki, o vaxt inşa edilmiş böyük sənaye müəssisələri indi müstəqil Azərbaycanın iqtisadiyyatının əsasını təşkil edir. Ulu öndər uzaqgörən siyasəti nəticəsində gələcəkdə də Azərbaycanın müstəqil yaşaya bilməsi üçün o illərdə möhkəm zəmin yarada bilmişdi.


Bu gün böyük fəxrlə deyə bilirik ki, istər sovet dövründə, istərsə də müstəqillik illərində respublikamızda elə bir sahə olmayıb ki, orada Heydər Əliyev zəkasından irəli gələn müvəffəqiyyətlər hiss olunmasın, bu dahi şəxsiyyətin gərgin əməyi öz bəhrəsini verməsin.


Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanda yeni bir tarixi mərhələnin əsasını qoydu. Ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi istiqamətində əhəmiyyətli addımlar atıldı və bunun da sayəsində ictimai münasibətlər sistemi təkmil bir strategiya əsasında inkişaf etməyə başladı, iqtisadi tənəzzülə son qoyuldu. Bütün bunlar müstəqil Azərbaycan dövlətinin sosial və siyasi dayaqlarını möhkəmləndirdi və respublikanın ümumi inkişafını təmin etdi.


Heydər Əliyev prezident kimi respublikamızın dövlət müstəqilliyini qorumaq, demokratiyanı inkişaf etdirmək, bazar iqtisadiyyatının inkişafına şərait yaratmaq, erməni təcavüzkarlarına qarşı xalqımızın ədalətli müharibəsini sülh vasitəsi ilə başa çatdırmaq və ərazi bütövlüyümüzü təmin etmək üçün yorulmadan çalışdı.


Heydər Əliyev siyasi kursu Azərbaycana bütün sahələrdə böyük uğurlar gətirib. Onun əsasını qoyduğu müdrik siyasət nəticəsində Azərbaycan artıq dünyada tanınır, nüfuzu durmadan yüksəlir. Bu gün dünya birliyi ölkəmizlə hesablaşır, irimiqyaslı beynəlxalq layihələr Azərbaycanın iştirakı və onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. İqtisadiyyatda aparılan köklü islahatların nəticəsində ölkəmiz qısa müddət ərzində bu sahənin yüksəlişini təmin edib.


Bu gün inamla deyə bilərik ki, Heydər Əliyev dühası ilə tarixinin şanlı səhifələri yazılan Azərbaycanı işıqlı və daha qüdrətli sabahlar gözləyir. Buna heç kəsin şübhəsi yoxdur. Çünki onun başladığı və uğurla həyata keçirdiyi siyasi kursun davam etdirilməsi xalqın ən başlıca arzusudur və bu istəyi də Heydər Əliyev məktəbinin layiqli davamçısı prezident İlham Əliyev uğurla reallaşdırır.



Vüqar SƏRDAROV



Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər