Ru
13:12 / 18 Yanvar 2024

İlham Əliyev Volski fobiyamı dağıtdı - Çingiz Özgürün yazısı

11138
Çingiz Özgür

Xalq olaraq özümüz haqda ən çox işlətdiyimiz giley “biz unutqan xalqıq” gileyidir. Bu tip giley-güzara sovetlərin dağıldığı, Qarabağ probleminin başladığı illərdə televiziyalardan meydanlara qədər hər yerdə, o cümlədən ən kiçik məclislərdəki diskussiyalarda rast gəlmək olurdu. Adamlar iddia edirdi ki, başımıza nə gəlirsə, unutqan olmağımızdan, əvvəllər başımıza gələnləri unutmağımızdan gəlir.


Əlqərəz, konkret tapşırıq qoyurdular: unutmamalıyıq! Belə danışan adamların çoxu, gün ərzində bir neçə dəfə yanındakılara “yadıma sal ki, filan işi filan edim” deyən adamlar idi. Öz şəxsi müşahidələrimdən deyirəm ha, uydurmuram. Yəni unutqanlıqdan giley edənlərin özü, xatırladılmasa, planlaşdırdıqları işləri unudacaq adamlar idi. 14-15 yaşlı yeniyetmə olaraq düşünürdün ki, biz hətta bütün bu problemləri həll etsək, ermənilərə yenidən qalib gəlsək, Qarabağımızı qaytarsaq belə, bütün bunları unuda bilərik. Sonda ermənilər və ya digər düşmənlərimiz yenə eyni oyunları başımıza açar. Yaxşıca fobiya yaratmışdım özümə.

Zəfər savaşından bir ildən çox keçmişdi. Şuşada hansısa tədbirə avtobusla gedib–qayıdan tanınmış partiya sədrlərindən biri ilə bir məclisdə idik. Şuşadan qayıdan partiya sədri iddia edirdi ki, vəziyyət heç də yaxşı deyil. Fikrini də belə əsaslandırırdı ki, Şuşanın işğaldan azad edilməyindən bir ildən çox keçməsinə baxmayaraq, heç bir ciddi tikinti işi-filan aparılmır, sanki Şuşayla bağlı heç bir layihə yoxdur və s.

“Səncə, nə baş verə bilər?” sualına, Şuşadan qayıdan bəy: “Çox güman ki, birbaşa Rusiyaya bağlı olan bir qurum yaradılcaq, nəsə belə bir şey olacaq...” deyə izahat verirdi. Amma mən bundan sonrasını eşitmirdim. Beynimdə təkrar-təkrar “Xüsusi Komitə, Volski... Volski, Xüsusi Komitə..” sözləri təkrarlanırdı. Uşaqlıq travması idi, ya nə idisə, düşünürdüm ki, vəssalam. Biz unutqan xalqıq, hər şey bitdi. Biz “Xüsusi Komitə”ni də, Volskini də, bu adla və bu adamla başımıza açılan oyunları da xatırlamırıq artıq. Və bundan istifadə edən düşmən(lər) eyni şeyi yenidən yaşadacaq bizə...

“Xüsusi Komitə” Qarabağ problemi ilə bağlı Sovet dövlətinin bizim başımıza açdığı ən iyrənc oyun idi. Doğrudan unutmusunuzsa, iki-üç kəlmə ilə xatırladım. SSRİ Ali Soveti Rəyasət Heyəti 1989-cu il yanvarın 12-də verdiyi fərmanla muxtar vilayətdə Xüsusi İdarəetmə forması yaratdı. «Azərbaycanın SSR-in DQMV-də xüsusi idarəçilik formasının tətbiqi haqqında» qərar qəbul edildi. Fərmanda göstərilirdi ki, DQMV-nin ərazisində yerləşən bütün müəssisələr, idarələr və təşkilatlar, komitənin tabeliyinə verilir. Beləliklə, ermənipərəst Volskinin başçılığı ilə qeyri-qanuni, birbaşa Moskvaya tabe olan müvəqqəti Xüsusi İdarə Komitəsi (XİK) təşkil edildi və Azərbaycan SSR-in bütün orqanlarının DQMV-dəki səlahiyyətləri dayandırıldı. Volskinin hakimiyyətə başladığı vaxtdan az sonra DQMV-nin 55 yaşayış məntəqəsində azərbaycanlılardan bütün silahlar yığıldı. Laçın-Gorus yolu ilə Ermənistandan gətirilən silahlar isə ermənilərə paylandı.

XİK-in, konkret desək, Volskinin hakimiyyəti dövründə Stepanakert şəhərindən 12 min azərbaycanlı qovuldu, 3 gün ərzində DQMV-nin müəssisələri Ermənistanın müvafiq nazirliklərinin və idarələrinin tabeliyinə verildi. Bu, SSRİ Nazirlər Sovetinin 6 may 1989-cu il tarixli qərarı ilə həyata keçirilirdi. Bütün rayon partiya komitələri Ermənistan KP-nın tərkibinə daxil oldu. Azərbaycanın bayrağı, gerbi, blankı ləğv edildi. DQMV-nin ərazisində Ermənistanın bayrağı və gerbi qaldırıldı. DQMV-nin Ermənistanla birləşməsinə həsr edilmiş «Artsax» medalı meydana çıxdı. 1989-cu il iyunun 13-dən XİK-in yaratdığı imkanlarla azərbaycanlıların yaşadığı məntəqələrin blokadasına başlandı. Volski ona verilən səlahiyyətləri məharətlə həyata keçirərək, Dağlıq Qarabağı faktiki olaraq Azərbaycan SSR-in tabeliyindən çıxarılmasına, eyni zamanda muxtar vilayətin Ermənistan SSR-lə əlaqələrinin genişlənməsinə, birgə müəssisələrin yaradılmasına, qeyri-qanuni tikinti işləri aparılmasına, antiazərbaycan təbliğatının güclənməsinə imkan yaratdı. XİK-in fəaliyyəti dövründə “Stepanakert”də və DQMV-in digər rayon və kəndlərində yüzlərlə cinayət törədildi. Azərbaycanlılar ona yardım üçün müraciət etdikdə: «Buradan tez gedin, bizim vəziyyətimizi mürəkkəbləşdirməyin» cavabını eşidirdilər.

İş o yerə çatmışdı ki, Volskinin erməni nümayəndəsi R.Arakelov yazırdı: «1989-cu il ərzində A.İ.Volskinin komitəsi vəziyyəti nizama salmaqda nəinki əsaslı bir iş görmədi, əksinə, Dağlıq Qarabağda vəziyyəti daha da gərginləşdirdi və bura Azərbaycanın ayrılmaz bir hissəsi olmaqdan uzaqlaşdı». Belə bir şəraitdə "Stepanakert"də təxribat xarakterli «Dağlıq Qarabağ əhalisindən olan nümayəndələrin» qurultayı keçirildi. Qurultay Dağlıq Qarabağın Azərbaycanın tərkibində muxtar vilayət statusunu təsdiq etmədiyini, vilayətin «müstəqil ittifaq ərazisi» olduğunu və burada Azərbaycan SSR-in Konstitusiyasının qüvvədən düşdüyünü bəyan etdi. «Qurultayın» yaratdığı «Milli Şura» DQMV-nin yeganə xalq hakimiyyəti elan edildi...

Bax belə. İki üç kəlmə ilə yazmağa çalışsam da, vəziyyəti tam göstərə bilmək üçün ən az bunları xatırlamaq lazımdır. Şuşadan qayıdan, vəziyyəti “öz gözü ilə görüb təhlil edən” siyasət adamının dediklərinin üstünə Qarabağa yerləşdirilmiş Rusiya sülhməramlılarının bəzi hərəkətlərini gələndə, üstəlik beynəlxalq aləmin, supergüclərin hələ də Qarabağ məsələsi ilə bağlı ikili oynadığına şahid olanda qəribə bir ümidsizliyə düşürdüm. Az qalırdım gördüyüm hər adama XİK haqqında, Volskinin əməlləri haqda danışım, bu iyrənc oyunların xalqımız tərəfindən tamamilə unudulduğuna görə hansısa yeni formatda ortaya çıxa bilmə ehtimalından xəbərdar edim. Adamları cinayətkar Volskini unutmağa qoymayım. Yoxsa...

Sentyabrda şanlı ordumuzun keçirdiyi “antiterror əməliyyatı” ilə ürəklərimizə xeyli su səpildi. Xeyli suallar aydınlığa qovuşdu. Xeyli problemlər həllini tapdı. Buludlar dağıldı və biz günəşi tam aydınlığı ilə görməyə başladıq. İndi kimsə ona sərf etmir deyə, günəşi özünəxas şəkidlə tələffüz edə bilərdi, amma bu nəticəni dəyişməyəcəkdi.


Keçdiyimiz günlərdə dövlət başçısının ölkə televiziyalarına müsahibəsi yayımlandı. Jurnalistin “Xankəndidə Azərbaycanın dövlət bayrağını qaldırarkən hansı hisslər keçirdiniz?” sualına cavab verən Prezident İlham Əliyev həmin anı, Xankəndinin mərkəzi meydanını xatırlayarkən məhz belə dedi:

“Gözümün önünə həmin şəhər, həmin meydan, amma başqa mənzərələr gəldi. O vaxt məhz bu binada, bu meydanda Azərbaycana qarşı çirkin bir oyunun başlanğıcına şahid olduq. O vaxt Qarabağda yaradılmış Xüsusi Komitə faktiki olaraq Qarabağın Azərbaycanın əlindən alınması üçün bir mexanizm idi. Xüsusi Komitə və ona rəhbərlik edən şəxsin bütün addımlarında və hərəkətlərində məqsəd Qarabağı Azərbaycandan qoparıb Ermənistana bağlamaq idi”.
Dövlət başçısı bu cümlələri sanki məni böyük bir qorxudan, travmadan azad etmək üçün deyirdi. Sanki deyirdi ki: “Xeyr, nə Volski, nə onun çirkin əməlləri, nə “SSRİ” adı altında bizə düşmənçilik edən qüvvələr unudulmayıb. Avtobusla Şuşaya gedib gələnlər, politoloqlar, siyasi xadimlər nə deyir desin, fikir vermə, Azərbaycan Dövləti Qarabağın bir daha Azərbaycandan ayrı salınmasına imkan verməz!!!”

“Unutqanlıq” fobiyamla bağlı, onu da anladım ki, bəzən hətta xalqın unutmağının da eybi yox, təki xalqa rəhbərlik edənlər, yol göstərənlər unutmasın. Və vaxtı gələndə xalqa xatırlatsın! Lap o doxsanıncı illərdəki unutqanlıqdan gileylənən kişilərin dediyi kimi, “xalqın yadına salsın ki...”
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər