Ru
21:09 / 08 Fevral 2024

İlham Əliyev bu nazirləri yola salır - FOTO

268741
Bütün normal ölkələrdə prezident və parlament seçkilərindən sonra nəticələrdən asılı olaraq, Nazirlər Kabineti bütövlükdə istefaya göndərilir, siyasi rəhbərlikdə heç nə dəyişməyibsə, nazirlərin sırasında müəyyən dəyişikliklər edilir və sair. Seçicilər isə bu dəyişiklikləri əksər hallarda müsbət, bəzən isə mənfi mənada öz həyatlarında hiss edirlər. Yəni, verdikləri səsin, etdikləri seçimin nəticəsini görürlər...

Azərbaycanda da hər seçkidən sonra Nazirlər Kabinetinin tərkibində müəyyən dəyişikliklər edilib. Lakin təəssüf ki, bəzi hallarda nazirlərin, komitə sədrlərinin istefaya göndərilərək, yeniləri ilə əvəzlənməsi heç də gözlənilən nəticələri verməyib. Görünür, bu da ümumilikdə idarəetmə sisteminin fəlsəfəsində və strukturundakı qüsurlardan, köklü çatışmazlıqlardan irəli gəlir.

Hər necə olsa, seçkidən sonra Nazirlər Kabinetində müəyyən dəyişiklikləri görəcəyimiz realdır. Azərbaycanın sosial-iqtisadi göstəriciləri heç də ürəkaçan deyil. Ən azından ona görə ki, Azərbaycan ötən ili MDB məkanında ən aşağı ÜDM-in artım tempinə malik ölkə kimi yekunlaşdırıb. İqtisadiyyatda, sosial təminat sahəsində, səhiyyədə, təhsildə, hüquq-mühafizə orqanlarında və s. sahələrdə idarəetmədən irəli gələn ciddi problemlər qalmaqdadır. İdarəetmə sistemində və kadr seçimində ciddi dəyişikliklər etməklə, bəlkə də hansısa müsbət nəticələr əldə etmək mümkündür...

Hazırkı Nazirlər Kabinetinin tərkibində nisbətən cavan və yeni üzvlər kimi, on illərdir(!) vəzifədə olan “qədim” nazirlər və digər yüksək vəzifəlilər də var. Məsələn, yaşı 80-ni haqlamış Baş nazirin birinci müavini Yaqub Eyyubov 25(!) ildir ki, müavindir. Bu 25 ildən 21 ilini, yəni 2003-cü ildən bu günədək birinci müavindir.


Digər müavin – Əli Əhmədov 2013-cü ildən bu vəzifədədir – 71 yaşı var.


Ədliyyə naziri Fikrət Məmmədov - “ən qədim” nazirlərdəndir. 2000-ci ildən bəri, yəni 24 ildir ki, nazirdir və deməzdik ki, Ədliyyə Nazirliyi ölkənin ən mükəmməl, nümunəvi nazirliyidir...


Elçin Quliyev - 2001-ci ildən Sərhəd Qoşunları komandanı, 2017-ci ildən Dövlət Sərhəd Xidmətinin rəisidir. Yəni, 23 ildir eyni vəzifəni daşıyır.


Maliyyə naziri Samir Şərifov və Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov 2006-cı ildən, yəni, 18 ildir nazir vəsifəsindədirlər.


Zakir Həsənov isə 11 ildir Müdafiə naziri postundadır...

Bütün nazir və komitə sədrlərinin “stajı”nı nəzərdən keçirsək, bu, xeyli vaxt aparar. Yalnız onu birmənalı olaraq deyə bilərik ki, “qədim” nazirlərimizin çoxu rəhbərlik etdikləri sahələrin uğurları, nailiyyətlərindən daha çox öz şəxsi varidatları, biznesləri ilə tanınıblar...

Nisbətən cavan və yeni təyin olunmuş nazir və komitə sədrləri də var. Ancaq təəssüf ki, onların da arasında özündən əvvəlkilərin “atasına rəhmət oxutduran”lar az deyil. Belə ki, nazirlərin dəyişməsinə baxmayaraq, nə sosial təminat, nə səhiyyə, nə təhsil, nə mədəniyyət, nə hüquq-mühafizə sistemi, nə rabitə, nə də digər bir çox sahələrdə köklü, əhalinin tam mənada razı qaldığı irəliləyiş nəzərə çarpmır. Ona görə də nisbətən yeni təyin olunmalarına baxmayaraq, artıq “yetişmiş” nazir və komitə sədrləri, xidmət və agentlik rəhbərləri də var. Bu sıraya digərləri ilə yanaşı, məsələn, Nazirlər Kabinetinin tərkibinə daxil olan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlini də aid etmək olar. O, agentliyin yarandığı 2017-ci ildən bəri ona rəhbərlik edir. Bu müddət ərzində bu qurum sahibkarların ən çox şikayət etdikləri orqanlardan biri kimi ad çıxarıb.


Əlbəttə, əhalinin narazı qaldığı nazirlik və nazirlərin, Nazirlər Kabinetinə aid olan digər qurumların rəhbərlərinin sırasını uzatdıqca uzatmaq olar. Təcrübə göstərir ki, əhalinin bu qurumlara münasibəti heç də hər zaman onlarla bağlı kadr siyasətinə təsir etmir, onlarda aparılan kadr dəyişiklikləri isə gözlənilən ümidləri doğrultmur. Ancaq hər halda, idarəçilikdə hər zaman yeni nəfəsə, yeni, müasir yanaşmaya ehtiyac olub və bu gün də var...

Hələlik isə 30 il bundan əvvəl olduğu kimi, bu gün də nazir, icra başçısı və digər yüksək ranqlı məmurlar adi azərbaycanlı üçün əlçatmaz, süni, “yad materialdan olan” özgələşmiş personaj obrazında görünür.

Deməli, yeni idarəetmə sistemi qurulmalı və bu sistem korrupsiyadan, qanunsuzluqdan, ayrıseçkilikdən, inhisarçılıqdan, süründürməçilikdən, saymazlıqdan, yekəxanalıqdan və s. uzaq bir mahiyyətə, fəlsəfəyə malik olmalıdır ki, vətəndaş özünü “rəiyyət” kimi yox, hüquqi dövlətin tam hüquqlu, sərbəst bir parçası kimi hiss etsin. Görünür, bütün bunların tam mənada təmin edilməsi üçün isə hələ bir qədər də gözləmək lazımdır...

Cəlal Məmmədov
“AzPolitika.info”
Şərhlər
  • Ruslan

    Bu şərhləri oxuyanda insanı fikir götürür.Mgər ölkədə baş verən haqsızlıqları,vəziflilərin özbaşınalığnı, baş alıb gedən rüşvətxorluğu.Korrupsiyanı,talançılığı,xaricə daşımaları mögtərəm Prezident bilmir və ya ona məlumat verilmir? Bəs niyə nəticə görünmür? Belə hal sübut etmirmi ki,su başdan bulandırılır.Bəs sıravi vətəndaş nə etsin?Eybəcərliyə,haqsızlığa dözə-dözə yaşasın,yoxsa ölkədən köçsün7Təyin edələn gənclər də köhnə qanqsterlərin quyruqları olduğundan vəziyyət dözülməz olaraq qalır.

  • S,Ənvərqızı

    Rəqəmsal inkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevə saysız-hesabsız müraciət etməyimə baxmayaraq onun qəbuluna düşə bilmədim. Bu da cavan kadr ? Qəbuluna düşmək qeyri-mümkündür. Hətta dəfələrlə PA -da müraciət edərək R.Nəbiyev tərəfindən qəbul olunmağıma köməklik göstərməsini xahiş etməyimə baxmayaraq heç bir nəticəsi olmamışdır.

  • Dövlətini sevən

    Rabitə keçmiş Kolxoz idarəsinə dönüb. Bakıdan - Şəkiyə 10 günə məktub gəlib çatır. Rabitə dövlətin bel sütunudur. Rabitəni bu günə qoymaq olmaz. Oğuzdan Şəki Poçt filialına korrupsioner Elçin Bəkirovu təyin ediblər. Biz hara gedirik ??? Rabitə naziri özündən əvvəlki nazirlərin ölənlərinə rəhmət oxutdurur...... Rabitə əldən gedir............................! Rabitə At-Eşşək dövründən pis işləyir.

  • N.Seyfeli.

    Ay millet, icra bashcisi, nazirler ve sairler kidirler ki, pul yigalar? Sistem bele qurulub, helelik belede olacaq!O, adlarini cekdiklerime yazigim gelir, bedbaxtdirlar, dunyagorushleri yoxdur, hamisi qul kimi sitayeshe mehkumdurlar, gedin sebebkari axtarin, tapmaq cetin deyil, bildinizmi?

  • surxay

    Şərhlərə baxıram "Ölülər"dəki kefli İskəndərin bir sözü yadıma düşür -o deyirdi ki,elə hamı deyir oxu alim ol,ancaq bir nəfər demir ki,oxu adam ol.Burda deyildi ki,vəzifəyə gənclər gəlsin çox gənclər tanıyıram ki, orta əsr düşüncəsindədir.Fərqi yoxdur,Oksfordu,Sarbonnanı -haranı bitirir -bitirsin.Fikri-zikri qamarlamaq,yükünü tutmaqdır.Qabusnamədə deyliir ki,oğul şah olsan acı heç vaxt vəzifəyə qoyma,o özü doyub yükünü tutmayınca sənə bir iş görməyəcək.İslahatdan,o cümlədən kadr islahatından çox danışırlar.Ancaq indi kim bir nəfər naziri və ya başqa yüksək vəzifəli şəxsi nümunə gətirə bilər ki,o, özündən əvvəlkindən azacıq da olsa yaxşı,təmiz işləsin.Və ya sovet terminiylə desək vəzifəyə gələndən sonra geridə qalmış sahəni dirçəltsin,irəli aparsın.Elə götürək Sahil Babayevı gəncdir,özü də bəh-bəhlə vəzifəyə gətirilib.Ancaq bu adam Səlim Müslümovdan azacıq da olsa fərqləndimi.Sadəcə əyiş-düyüş əməliyyatı gedir.Nə qədər ki,ümumi idarə etmə sistemi sovetsayağıdır,kim olursa olsun,ya acından ölməli,ya da oğurlamalıdır.Çox hörmət etdiyim bir nəfər vəzifəli dostum əl çəkmədi,məni məsul kiçik bir təsərrüfat işinə qoydu.Son dərəcə dəqiq işlədim,cəmi on ay.İşdən çıxanda cəmi kassada 39 manat var idi,ona ümidim gəldi.Aradan bir qədər keçdi vergidən gəldilər.Ora-bura baxdılar,nəisə cızma-qara edib çıxıb getdilər.Bir neçə gündən sonra vergi idarəsinə dəvət etdilər.On min manat istədilər,döy-sındır 4 minə razılaşdıq.Naxcıvandan gələndə anamın evini satmışdım,həmin puldan aparıb,verdim əl çəkdilər.Elçin adlı əməkdaş idi nə qədər dedim axı mənim hər şeyim düzdür,bu da müsahibim yanımdadır.Dedii elə etmə ki,sonra 4 minə razılaşmadığıva görə peşiman olasan.Sonradan həmin dostumla təkrar görüşdüm,dedim ki,qardaş özünü qoru,mən belə olanda gör sən nə çəkirsən.Necə deyərlər bəzənsən xanım döyəcək,bəzənməsən ağam

  • Rəşad

    Hansısa naziri vəzifədən azad etsələr belə başqa yerdə başqa vəzifəyə təyin edəcəklər. Bunu köhnə daxili işlər naziri və digər şəxslərin timsalında çox görmüşük. Sanki ölkədə müəyyən şəxslərdən başqa layiqli adam yoxdur ki, onların yerinə gətirilə. Mən özüm 2 universitet bitirmişəm amma öz diplomuma uyğun hələ normal bir iş tapıb işləyə bilmirəm. Çünki hamı öz qohumunu, öz tanışını yığır ətrafına. Bu ölkədə rəhbər vəzifə tutan şəxslərin savadlı və cavan kadra ehtiyacı yoxdur. İşlədiyi yerdə özü ilə əlbir olub dövlətin sərvətini talayan kadrlara ehtiyacı var.

  • Nurlan Sultanov

    Salam Biz Bütün nazirlərin dəyişilməsine ve Gənc kadrların vəzifəyə gəlməsini İstəyirik ve Dövlətmizden Tələb edirik ki bu yerlerini evlerini qizildan Hazırlayan Nazirləri dəyişiklik olunsun. Millətin Haqqını yeyen İşçilərin ildə iki dəfə iki qat maaşların yeyen Məsğulluqdan İnsanlara verilən 2000 Azn lik Heyvanlar əvəzinə 500 Azn lik ayaq üstə ölü duran İnənkərin pullarin yeyenləri Rədd eləsinlər . Xaiş edirik Biri çıxsın Bu dələduzlərı rədd eləsin ve Himayələrinde olan var dövlətlərin Dövlətmize millətmize Müsadirə etsinlər. Bizim millət Prezidenti sevir amma bu eclaflar Milləti Dövlətə məcburən xəyanət etdirenlerdir

  • Müşfiq Atakişiyev

    Müdafiə naziri Zakir Həsənov bu nazirlərin içində ən səmimi ən yaxşı və işini düzgün aparan insandi

  • Rəhimov İsrafil.

    Vəzifələrə ixtisaslı və insanlara qulluq etmək istəyən kadrlar yerləşdirilməlidir. İndiki kadrların heçbir iş qabiliyyətli deyillər.

  • Mikayılova Günel.

    Ağacı içindən qurd yeyər.Yeyən yeyib,yığan yığıb.Nə olar ki,bir az da xalqı,milləti düşünün.Hər il ötdükcə yaxşı olacaq deyərək, özümüzü aldadırıq.Vicdan duyğusu olan hər bir nazirə aiddir.Arada bir,vicdanın səsinə də qulaq asın.

  • Nasir israfilov

    Yuxarıdakı şərhlərlə tam razıyam. Heçbir nazir, məmur o vəzifəni evindən gətirməyib. Və bütün nazirlərin hamısının gözü acdır. Gələn bu dövləti talayır. Heç biri də məsuliyyətə cəlb olunmur. Amma kasıb 1 kibrit qutusunu ogurlasa onu tutub həbs edirlər və ən ciddi cəzaçəkmə müəssisəsinə göndərirlər. Belə şey olar?

  • baba

    Canaata az nömrə gəlin

  • Bəhruz Muradov

    Ümumilikdə bütün nazirlər kabineti istefaya getməli yerlərinə isə gənc kadrlar gəlməlidir, köhnə nazirlər artıq curuyublər.

  • Ağamêmmədov Rəcəb

    Yenisini də təyin etsələr həmən həməndir.Yazığ millət əziyyət çəkir.Cənab prezident özü təyin etdiyi naziri götürsün müəyyən vaxtdan sonra gedib həmin nazirə tapşırdığı işi təhvil alsın.Göz gördüyünə inanar.Mən şəxsən heç kimə inanmıram.Bu dəfə gözüm gördü ki, bu xalq cənab İ.Əliyevə sevgi dolu ürəklə səs verdi.Zaqatala ipək yolunda neçə ildir prezident pul ayırıb ki,asvalt açılsın.Hanı?Şəxsən birdəfə o yoldan keçib o yola İ.Əliyev görsəydi biləcəkdi ki onun təyin etdiyi başçı necə insandı.Atalar deyib .Göz gördüyünə inanar.Bir,iki üç dəfə məmurları izlədikdə onların necə işləməyi aşkara çıxacaq.İndi məmurlar doyublar,yığmasını yığıblar.Nə faydası var.Onları çıxarsalar da nə veclərinə.Nəzarət faktlar üzərində tutularaq aşkarlansa Azərbaycan koruksiyaya son qoyulacaq.

  • Tahir ismayılov

    Hər bir nazirlik,dövlət qurumları korrupsiya girdabında boğulur.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər