Ru
17:25 / 28 Yanvar 2022

İndiki nəsillə necə davranmaq lazım olduğunu Təhsil Nazirliyi göstərsin - Əməkdar müəllim

3600
“165 saylı məktəbin sinif otağında tədris prosesinə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı aparılan araşdırmanın nəticəsinə əsasən, dərsin təşkilində yol verdiyi nöqsanlara görə fənn müəlliminə töhmət verilib. Mən müəllimə töhmət verilməsinin, ona bu cür münasibət göstərilməsinin tərəfdarı deyiləm. Bu düzgün deyil. Ona görə ki, müəllim nüfuzunu aşağı salmaq yox, müəllim nüfuzunu qaldırmaq lazımdır. Bu gün əgər müəllim orada olanlara susursa, töhmət alandan sonra da susacaq. Töhmət verməklə o, müəllimi bü gün ictimai şəkildə Azərbaycan ictimaiyyəti qarşısında mənəvi olaraq sındırdılar”.

Bunu Bakupost.az -a açıqlamasında Əməkdar müəllim, siyasi şərhçi Sona Əliyeva deyib.

O bildirib ki, illər öncə də məktəblərdə şüşə sındıran, dava salan, qeyri etik davranışlar nümayiş etdirən şagirdlər var idi. Belə hallar müşahidə olunan zaman direktor işə qarışar, şagirdin valideynini məktəbə çağırtdırar, şagird tənbeh olunardı. Məsələ bununlada qapanardı. Bu bugünün problemi deyil, illər öncə də belə hallarla rastlaşılırdı. Cəmiyyət olduqca bu cəmiyyətdə professor da olacaq, ziyalıda, qatildə, cinayətkarda, tərbiyəlidə, tərbiyəsizdə. Cəmiyyətin bütün zümrələrini formalaşdıran müxtəlif insanlar elə ona rəngarənglik qatır. Heç bir cəmiyyət bundan sığortalanmayıb. Bu bütün dünyada belədir. Sadəcə təhsil müəssisəsindəki mühit nə qədər sağlam olarsa, məktəbi bitirib cəmiyyətə xeyir verən insanların sayı bir o qədər çox olar: “

Məktəb ondan ötəridir ki, kütlələrin həyatına müsbət təsir etsin, dəyərlər formalaşdırsın. Məktəbin əsas vəzifəsi insanlığa xidmət etməkdir. Çünki, təhsilin təməl mövzusu insandır. Məktəb şəxsiyyət yetişdirən qurumdur. Müəllim isə onun aparıcı qüvvəsidir. Bu gün biz müəllimi şagirdin qarşısında köməksiz, əlacsız qoyanda o müəllimi əzəcəklər. Şagirdlərin hüquqlarını qorumaq vacibdir. Ancaq müəllimlərin də hüquqlarını qorumaq, onların arxasında durmaq da vacibdir. Axı o müəllim də kiminsə anasıdır, bacısıdır, həyat yoldaşıdır. Müəllimləri belə linc etmək olmaz. Təhsil Nazirliyi baş verənlərlə bağlı müəllimi cəzalandırdı, ona töhmət verdi. Bu düzgün yanaşma deyil. Müəllimi belə alçatmaq olmaz. Mən Təhsil Nazirliyinin məsələyə yanaşmasını doğru hesab etmirəm. Axı o müəllim nazirliyin bir parçasıdır. Nazirlik bu məsələdə günahkar tərəf kimi müəllimi cəzalandırmalı, töhmət verməli deyildı. Müəllimin cəzalandırılması mövcud problemləri həll etməyəcək. Cəza problemin həlli yolu deyil. Bu gün müəllimi bu vəziyyətə salmaq yaxşı heç nə vəd etmir. Mən buna qarşıyam. Çox təssüf edirəm ki, Azərbaycan müəlliminə qarşı belə sosial lincləmə həyata keçirilir. Bunu Təhsil Nazirliyinin etməsi isə insanı daha çox sarsıdır və incidir”.

Əməkdar müəllim qeyd edib ki, bu gün əgər müəllim əlacsız vəziyyətdə orada baş verənlərə göz yumursa, susursa deməli bunun əsaslı səbəbləri var. Bu səbəbləri müəyyən etmək lazımdır. Müəllimi cəzalandırmaq yox: “Azərbaycan təhsil sistemi qəbul etməlidir ki, indiki uşaqlar texnologiya ilə böyüyən və yaşayan bir nəslidir. Bu nəsillə necə davranmaq lazım olduğunu 40 illik stajı olan və orada susqun vəziyyətdə oturan müəllimə yox, Təhsil Nazirliyi göstərməlidir. Bu müəllim onun nə internetdən, nə də kitabdan öyrənə bilməz. Məsələnin həlli yollarını göstərməli olan qurum Təhsil Nazirliyidir”.

Sona Əliyevanın sözlərinə görə, şagirdlərin sinif otağında tədris prosesinə uyğun olmayan davranışlar nümayiş etdirməsinə görə valideyn də məsuliyyət daşıyır: “O uşaqlar üzərində valideyn nəzarəti olmadığı üçün onlar da məktəbdə elə davranış nümayiş etdirirlər. Uşaq bilir ki, sinifdəki tədris prosesinə uyğun olmayan davranışlarına, müəllimə qarşı hörmətsizlik etdiyinə görə onu valideyni tənbeh etməyəcək, cəzalandırmayacaq. Ona görə də istədiyi kimi, heç bir əxlaq normalarına uyğun olmayan davranışlar nümayiş etdirir. Biz uşaqlara sərbəstlik verməliyik. Ancaq onları nəzarətsiz qoyub tərbiyəsiz, ədəbsiz böyümələrinə icazə verməməliyik”.​

Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər