“İyulun 1-dən artıq qohum evlilikləri ilə bağlı məsələ qüvvəyə minir. Amma bəzən elə faktlar aşkar olunur ki, insanlar heç də hamısı bu dəyişikliyə hazır deyil”.
Bakupost.az xəbər verir ki, bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatının müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, elə qanun qüvvəyə minənə qədər bir çox insan sürətli şəkildə evlənib: “Qeyri-rəsmi nikah hallarının olması faktları da var. Bu faktlar o zaman geniş ictimaiyyətə bəlli olur ki, məişət zorakılığı zəminində cinayət hadisəsi törədilsin. Bu günlərdə Sabirabadda gənc bir qızın qeyri-rəsmi nikahda olduğu şəxs tərəfindən öldürülüb Kür çayına atılması ilə bağlı dəhşətli fakt oldu. O qız 15 yaşından qeyri-rəsmi nikahda yaşayırdı, 16 yaşında isə həyata vida etdi.
Çox təəssüfedici haldır, valideynlər cinayətin fabulasından danışırlar ki, ailədə hər şey baş verə bilər. Lakin əsas məqama toxunmurlar ki, qanuna 1 ilə yaxındır, belə bir dəyişiklik olunub, amma 15 yaşında qız qeyri-rəsmi nikahda olur. Dövlət Komitəsi yerlərdə bu məsələlərlə bağlı çox ciddi işlər görüb. Amma şüurda inqilab məsələsi deyilən anlayış var. Düşünürəm ki, bizim mental dəyərlərimizdə problem var”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova isə A. Vəliyevə cavab olaraq bildirib ki, bu istiqamətdə maarifləndirmə işləri aparırlar: “Genderə məsul şəxslərlə hər il bu istiqamətdə seminarlar keçiririk ki, yerlərdə bu işi edə bilsinlər. Bələdiyyələri daha çox bu işə cəlb etmək istəyirik. Ona görə də bələdiyyələrdə gender komissiyaları yaratmışıq. Necə fəaliyyət göstərirlər, bu, sualdır. Yerli icra hakimiyyətləri bu istiqamətdə maraqlı olmalıdırlar. Məsələn, məişət zorakılığı ilə bağlı hesabat alanda dəhşətə gəlirik. Yazırlar ki, rayonda məişət zorakılığı faktı qeydə alınmayıb. Bu göstərir ki, dönə-dönə işləməliyik. Əsas məqam ondan ibarətdir ki, yerli icra hakimiyyətləri maraqlanmalıdırlar".