Ru
13:04 / 25 Noyabr 2026

Kremlin Trampa olan ümidləri puça çıxır: Dizel anlaşmasından sonra soyuq duş

Kremlin Trampa olan ümidləri puça çıxır: Dizel anlaşmasından sonra soyuq duş
Eye

Donald Tramp administrasiyası (ABŞ) Rusiyanı Ukrayna ilə müharibəni dayandırmağa təşviq etmək üçün birgə biznes layihələrindən istifadə ideyasını açıqlama vermədən təxirə salıb.

“Bakıpost” xəbər verir ki, bu barədə "Financial Times" (FT) amerikalı rəsmilərə istinadən məlumat yayıb.

Təxirə salınma Rusiya tərəfinin energetika və aviasiya sahəsindəki təkliflərə xüsusi maraq göstərməməsindən sonra olub.
Qəzetin məlumatına əsasən, Kuşner mümkün müharibədən sonrakı layihələr sırasında ABŞ şirkətlərinin Rusiyadakı neft layihələrinə və titan istehsalına investisiyalarını qeyd edib.

Qeyd olunub ki, ilkin olaraq Rusiya rəsmiləri ABŞ-nin təşəbbüslərinə müsbət reaksiya veriblər, lakin sonradan Moskvanın onlara marağı zəifləyib.

Niyə Rusiya ABŞ-nin bu təşəbbüsünə maraq göstərməyib?

Siyasi şərhçi Azər Qasımov “Bakupost”a bildirib ki, Tramp adminstrasiyası Putinə hədsiz loyal münasibətin onların özlərinin əleyhinə çevrildiyinin fərqinə varmağa başlayıb:

“Hər vasitədən istifadə etdilər ki, Putini yola gətirsinlər. Nəticə etibarilə heç bir şey əldə etməyən Tramp ikibaşlı oynamaq yolunu seçdi ki, əslində bu, əvvəlcədən belə idi. Bir tərəfdən Putinin üzərinə getmədən onu danışıqlar masasına çəkməyə, digər tərəfdən isə Ukraynaya təzyiq etmək görüntüsü yaratmaqla arxa planda dəstək olmağı davam etdirdilər. Doğrudur, silah-sursat məsələsini Avropanın əli ilə etsə də, kosmik və kəşfiyyat məlumatlarını bilavasitə ABŞ özü etdi. Konqresə aralıq seçkiləri öncəsi dizel anlaşması edib, Rusiyanın özünü ABŞ-nin həyatında "vacib ölkə" rolunda hiss etməsinə şərait yaratsa da, seçkidən sonra bu da əhəmiyyətini itirdi”.

Ekspertin sözlərinə görə, artıq Moskva da ABŞ-nin oyun oynadığını görür:

“Rusiyaya son iki ildə, yəni Tramp hakimiyyətə gələndən sonra dəyən maddi və mənəvi zərbə Bayden dövründə olduğundan daha çoxdur. Putin başa düşür ki, Trampın onunla xoş rəftarının arxasında başqa oyunlar gedir. Bu əsasda da Rusiya ABŞ-nin iqtisadi layihələrinin ciddiliyinə artıq inanmır. Hesab edirəm ki, Moskva ABŞ-nin iqtisadi təşəbbüslərinin mahiyyətini anlayıb. Başa düşüb ki, Tramp istəsə belə, tətbiq edilən sanksiyaların dairəsindən kənara çıxa bilməz”.

Bu əsasda müsahibimizə görə, Rusiya işğalçılıq siyasətinin cəzasız qalacağı fikrinə yenidən baxmalıdır:

“Dünyada nə qədər özünə tərəfdar tapsa belə, onlar da bu oyunun qurbanı olacaq. Bəziləri artıq olub, bəziləri də olmaqdan çəkindikləri üçün geri çəkilirlər”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar