Ru
20:47 / 24 İyun 2024

Məhsul qıtlığı yaranacaq, bahalaşma olacaq - ŞƏRH

3423
“İndiki halda dəymiş zərərin miqyasını ölçmək çox çətindir. Çünki bununla bağlı aidiyyatı qurumların iştirakı ilə hesablamalar aparılmalıdır. Amma ümumilikdə təbii ki, mövsüm hesab edilən dövrdə iqlim şəraitinin qeyri-adekvatlığı kənd təsərrüfatı üçün ciddi neqativ nəticələrə səbəb ola bilir”.




Bunu Bakupost.az -a açıqlamasında iqtisadçı Rəşad Həsənov deyib.

Onun sözlərinə görə, bölgələrdə baş verən sel fəlakəti və dolu düşməsi kənd təsərrüfatı sahələrinə ziyan vurub. Bu da təbii ki, bazardakı məhsulların qiymətinə təsir göstərəcək:

“İlk növbətə məhsuldarlıq aşağı düşür. Bu isə bazara təklif olunan məhsulların həcminin azalmasına, dolayısıyla daxili bazarda qısamüddətli olsa da, qıtlığın yaranmasına və qiymətlərin artmasına gətirib çıxarır. Bunu hər bir ölkə vətəndaşı istehlak prosesində hiss etməkdədir”.

İqtisadçı qeyri-sabit keçən hava şəraiti zamanı pərakəndə ticarət mərkəzlərində kənd təsərrüfatı məhsullarının qiymətlərində əhəmiyyətli səviyyədə artımlar baş verdiyini bildirib:

“2024-cü ilin hazırkı həftələrində də qiymətlər əvvəlki illərlə müqayisədə nəzərə çarpacaq səviyyədə yüksəkdir və mövsüm dövrünə uyğun ucuzlaşmalar baş vermir”.

R.Həsənov bu halların ailə təsərrüfatında maliyyə itkilərinə gətirib çıxardığını deyib:

“Azərbaycanda demək olar ki, əksər təsərrüfatlar fərdidir. Onlar sığorta xidmətlərindən istifadə etmirlər. Bu isə təbii ki, fəlakət zamanı nəinki onların gəlir əldə etməməsinə, hətta istehsal xərclərində belə zərərlə üzləşməsinə səbəb olur. Belə vəziyyət strateji planlamaya da neqativ təsir göstərir. İndiki şərtlər daxilində prosesin miqyasından asılı olaraq, əlbəttə ki, biz qeyri-mövsüm dövründə - 2024-cü ilin son ayları və 2025-ci ilin əvvəllərində aqrar məshullarla bağlı qıtlıq hiss edəcəyik. Yaxud da yerli məhsullar daha çox idxal olunmuş məhsullarla əvəz olunacaq və qiymətlər qalxacaq. Bu isə bütün istiqamətlərdə istehsalçılara, istehlakçılara və eyni zamanda dəyər zəncirinin digər halqalarında iştirak edən bütün tərəflərə neqativ təsir göstərəcək”.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər