Ru
15:00 / 05 İyul 2024

Məktəblərdə adambaşına maliyyələşmə: yeni sistemin hansı üstünlükləri var? - Araşdırma

9063

Azərbaycanda ümumtəhsil məktəblərində adambaşı maliyyələşmə sisteminə keçid planlaşdırılır. İlk olaraq bu, bir neçə orta məktəbdə pilot layihə kimi həyata keçiriləcək.





Elm və Təhsil naziri Emin Əmrullayev bildirib ki, sınaq uğurlu olsa, sözügedən layihənin əhatə dairəsi genişləndiriləcək. Bununla da məktəb muxtariyyəti, məktəbin müəllimlər tərəfindən idarə olunması üçün yaxşı zəmin yaranacaq.

Adambaşına maliyyələşmə dünyanın bir çox ölkələrində tətbiq olunan yeni sistemdir. Belə ki, məktəbdə təhsil alan şagirdlərin bütün illik xərci hesablanır, onların sayına bölünür və məktəbə maliyyə ayrılması bu prinsipə uyğun həyata keçirilir. Maliyyələşmənin həcmi təhsilalanların sayı ilə birbaşa bağlıdır. Ayrılan vəsaitin miqdarı hər bir təhsilalanın keyfiyyətli təminatı üçün təhsil ocağının ehtiyaclarından asılı olmalıdır.

Amerikada baza maliyyələşməsi təhsilin səviyyəsinə uyğun olaraq təhsilalanın ehtiyaclarından irəli gələrək müəyyən edilir. ABŞ-da ilkin məktəbdə intensiv tədrisə üstünlük verilir. Bu, gələcəkdə digər mərhələlərdə maliyyələşmənin azaldılmasına şərait yaradır. Hər bir ştat təhsilalanların uçotunun aparılması üsulunu özü müəyyən edir. Maliyyələşmə formulu həmçinin əlavə ehtiyacları, ayrı-ayrı fənlərin daha dərindən tədrisi, məktəb binalarının yerləşməsi və xüsusiyyətlərindən irəli gələn amilləri də nəzərə alır. Amerikada məktəblər maliyyənin bölünməsi prosesində iştirak etmirlər, onların heç bank hesabları da yoxdur. Direktorun işi müəssisənin fəaliyyətini, yəni binanın saxlanılması, maddi bazanın qorunması kimi məsələlərə nəzarət etməkdən ibarətdir. Maliyyələşmə tam olaraq dairə instansiyaları vasitəsilə həyata keçirilir.




Kanadada məktəblərin maliyyələşməsi məktəb dairələrini yan keçməklə birbaşa ştatın büdcəsindən həyata keçirilir. Ancaq məktəblər onlara ayrılan büdcənin idarə olunmasında müstəqildirlər. Ayrılmış vəsait tədris prosesinin mərhələsindən asılı olaraq, təhsilalana nisbətən müəyyən edilir. İlkin məktəblərə ayrılan vəsait daha böyükdür. Bu maliyyələşmə modeli tədris prosesində əlavə ehtiyacları da nəzərə alır.




Rusiyada isə adambaşı maliyyələşmə mexanizmi məktəb işçilərinin əməkhaqlarının yeni ödənmə sistemi və təhsil müəssisələrinə verilən maliyyə-təsərrüfat müstəqilliyi ilə paralel həyata keçirilir. Orada məktəblər büdcə və muxtar təhsil müəssisələridirlər. Müşahidə və idarəetmə şuraları var. Bu məktəblərin müstəqil fəaliyyətləri üçün geniş imkanlar mövcuddur. Rusiya məktəblərinin tədris prosesinin maliyyələşməsi mərkəzi büdcədən həyata keçirilir, təhsil mühiti isə yerli büdcələrdən qaynaqlanır.



Təhsil nazirinin müşaviri Elnur Əliyev bildirib ki, adambaşına maliyyələşmə modelinin tətbiq olunması üçün böyük məktəblər seçiləcək:

“Hazırda konkret bir məktəb seçilməyib. Təcrübəyə baxdıqda bu tip adambaşına maliyyələşmə layihəsinin məktəblərin rasionallaşmasına gətirib çıxardığını görürük. Kiçik məktəblərdə ayrılan maliyyə vəsaiti şagird sayının az olmasına görə az olur. Belə olan hallarda yaxın məktəblər birləşdirilə bilər”.

O əlavə edib ki, adambaşına maliyyələşmə məktəblərin muxtariyyatını, lakin eyni zamanda onların məsuliyyətini də artırır:


"Bu məsələ məktəb rəhbərlərindən büdcə idarəetməsi kimi bacarıqlar tələb edir. Bu, pilot layihənin gedişində onlara müvafiq təlimlər mütləq veriləcək".




Təhsil eksperti Elşən Qafarovun sözlərinə görə, adambaşına maliyyələşmə sistemində şagird sayına görə dövlət tərəfindən müvafiq ödəniş ayrılacaq və həmin ödəniş hesabına müəllimlərin əməkhaqqı hesablanacaq:

“100 məktəbdə adambaşına maliyyələşmə sisteminə 2026-cı ildən başlanılmalı idi. Ancaq, görünür, proses sürətləndirilir. 2011-ci ildən ölkədəki ali təhsil və orta ixtisas təhsil müəssisələri, 2019-cu ildən isə peşə təhsil müəssisləri bu sistemlə idarə olunur. 13 iyun 2024-cü ildə isə publik hüquqi şəxs olan ümumtəhsil məktəblərinin nümunəvi nizamnaməsi təsdiq olundu. Proses kifayət qədər ciddi və ağırdır. Prosesə əsasən, dövlət hər bir təhsilalana ayırdığı maliyyəni təhsil müəssisəsinin hesabına köçürür, qanunvericiliyə uyğun olaraq təhsil müəssisəsi həmin maliyyəni idarə edir. Bu məsələ 20 il öncə ölkənin bir neçə regionunda tətbiq olundu. Nəticədə məktəblərdə izafi xərclərin azaldığı müşahidə olundu.

Adambaşına düşən maliyyə sisteminə görə, məktəbdə neçə şagird oxuyursa, o şagirdə uyğun olaraq maliyyə ayrılırdı. Məktəb də ona uyğun davranırdı. Çalışırdı ki, tədrisi daha yaxşı təşkil etsin. Uşaqlar digər məktəblərə axın etməsinlər. Bu sistemə görə məktəbdən gedən hər uşaq artıq məktəb üçün maliyyə itkisi sayılır. Ona görə məktəb daha yaxşı nizam-intizamı qurmağa çalışır".

Ekspert bildirib ki, uğurlu nəticə əldə etmək üçün adambaşına maliyyə sisteminə keçiddən öncə bir sıra məsələlər həll edilməlidir:

“Əvvəla, hər bir ümumtəhsil məktəbinə görə maliyyə normativləri açıqlanmalıdır – adambaşına nə qədər xərc düşür? Ardınca məktəb rəhbərləri bu maliyyəni idarə edə biləcək qədər bilik və bacarıqlara malik olmalıdır. Qarşıda rentabelli olması üçün isə kiçik məktəblərin daha böyük məktəblərlə birləşdirilməsi, ardınca məktəblərin tam orta təhsil səviyyəsinin ayrılması kimi xeyli işlər durur. Ona görə də bu məsələdə tələsmək daha böyük fəsadlar törədə bilər”.

Təhsil eksperti hesab edir ki, bu sistem şəhər yerlərində daha effektiv olacaq:

“Şagird sayı 1000-dən çox olan məktəblərin böyük hissəsi Bakı və Abşeron yarmadasında yerləşir. Eyni zamanda şagird sayı 500-dən çox olan məktəblər də şəhərlərdə yerləşir. Kənd yerlərində şagird sayı azdır. Hətta bizim ölkədə 7 məktəbin cəmi 1 şagirdi var. Bu məktəblərdə adambaşına düşən maliyyələşmənin tətbiqi effektiv olmayacaq. Əksinə nazirlik həmin məktəblərin saxlanılması üçün əlavə vəsaitlər xərcləməli olacaq. Şəhər yerlərində şagird sayı 1000 nəfər olan məktəblərdə tətbiq etmək olar. Ölkədə hazırda 4431 məktəb var. Onun 32-si özəl sektorun payına düşür. Hər 4 məktəbdən biri şagird sayı 1000 nəfər olan məktəblərdir. Şagird sayı 1000 nəfərdən çox olan məktəblərdə tətbiq etmək effektiv olacaq. Digər mərhələdə yeni sistemi şagird sayı 500-dən çox olan məktəblərdə tətbiq etmək olar”.

Elşən Qafarovun dediyinə görə, adambaşına düşən maliyyələşmə sisteminin məktəblərdə tətbiq edilməsi bir sıra izafi xərclərin azalmasına, o cümlədən tədrisin təşkilində təkcə məktəb direktorunun yox, bütün məktəb kollektivin marağı olmasına gətirib çıxara bilər:

“Burada məktəbdən gedən hər şagird məktəbin büdcəsinə dəyən zərər kimi hesablanır. Nəticə etibarilə bütün kollektiv maraqlı olur ki, heç bir şagird getməsin, məktəbdə nizam-intizam olsun. Dünyada çox geniş yayılmış sistemidir. Düşünürəm ki, Azərbaycan təhsilində tətbiq olunarsa, şəhər məktəblərində uğurlu nəticə əldə etmək olar”.




Təhsil eksperti Elmin Nuri hesab edir ki, məktəblərdə adambaşına maliyyələşmə sisteminə keçid müəyyən dəqiqləşmələrə səbəb olacaq:

“Adətən, belə sistemlərin tətbiqi qismən ali təhsil məktəblərində, eləcə də orta təhsildə rəqabətin yaradılması, müəssisələr arasındakı rəqabətliliyin artırlması, ayrılan vəsaitin tam və məqsədli şəkildə istifadəsi, vəsaitin ayrılması prosesində subyektivliyə yol verilməməsinə səbəb olur”.

Ekspertin sözlərinə görə, Kanada, Böyük Britaniya, Fransa, Yaponiya, İsveç, Norveç, ABŞ-da orta təhsil müəssisələrində adambaşı maliyyələşməyə mərhələli şəkildə keçilir. Burada kəmiyyət müstəvisində şəffaflığı qorumaq mümkündür.

Ölkəmizdə bu sistemin tətbiqi müəyyən dəqiqləşmələrə səbəb olacaq. Əvvəlki nəticələrlə bərabər məktəb gələcək nəticələri proqnozlaşdırmaqla maliyyə ilə təmin olunmasını istəyəcək. Məktəblər öz maliyyə ehtiyacları ilə bağlı hesabat yazanda orda öz uğurlarını qeyd edəcək, xərclərin də bunlara görə nizamlanmasını istəyəcək. Lakin bu göstəricilər tam yerinə yetirilməyəndə büdcədən ora ayrılan məbləğin bir hissəsi silinir.

Sevinc,
BakuPost

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusunda hazırlanıb.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar