Ru
14:25 / 08 İyun 2022

Azərbaycanda İŞİD təhlükəsi - Məscidlərdə yoxlamalar aparıla bilər

33326
“Azərbaycanda xaricdəki radikal qruplara simpatiyası olan şəxsləri daim nəzarətdə saxlamalıyıq. Məscidlərdə monitorinqlər keçirilməli, kəndlərdə, qəsəbələrdə olan həmin şəxslərin siyahısı hazırlanmalıdır”.


Bu sözləri Bakupost.az -a Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov İŞİD və bənzər təşkilatlara yaranan meyillərlə bağlı danışarkən deyib.






Onun sözlərinə görə, bu, dünya praktikasıdır: “Yerlərdə hüquq-mühafizə orqanları, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri, Qafqaz Müsəlmanları İdarəsinin müvafiq bölgələrdə olan nümayəndələri aktiv iş aparmalı və ayıq-sayıq olmalıdırlar. Bu gün azərbaycanlıların Suriyaya gedib döyüşdüyünü, onların övladlarının və həyat yoldaşlarının orada hansı məşəqqətlər çəkdiyini görürük.


Ona görə də biz ölkə daxilində bu radikal qruplara simpatiyası olan şəxsləri daim diqqət və nəzarətdə saxlamalıyıq. Əvvəlki dövrlərdə bu şəxslərlə bağlı müəyyən monitorinqlər olub. Sadəcə bu prosesə nəzarəti daha da gücləndirməliyik. Burada dünya praktikası var. Bu proses daim diqqətdə saxlanmalıdır. Məscidlərdə monitorinqlər keçirilməli, kəndlərdə, qəsəbələrdə olan həmin şəxslərin siyahısı hazırlanmalıdır”.


C. Məmmədov bu növ qruplaşmaların gələcək hədəflərinin olduğunu düşünür: “Bu gün Azərbaycanda sabitlikdir. Amma bu qrupların gələcək məqsədləri, hədəfləri var. Düşünürlər ki, nə vaxtsa Suriya və İraqda etdikləri kimi mütəşəkkil formada ortaya çıxacaqlar. Ona görə də tədbirləri daha güclü və diqqətli formada aparmalıyıq. Bu şəxslərin sayının artıb-artmadığı ilə bağlı təhlillər aparılmalıdır. Regionlar üzrə dini xəritələr çıxarılmalıdır. Həmin insanların sosial şəbəkə hesabları, telefonları, ətrafdakı insanlarla münasibətləri izlənməlidir. Bununla bağlı son illər xeyli işlər görülüb. Amma hər zaman diqqətdə saxlamalıyıq ki, gələcəkdə bundan əziyyət çəkməyək”.


Millət vəkili bildirib ki, bu gün Azərbaycanda da İŞİD-ə simpatiyası olan insanlar var: “Onlar həm xaricdən, həm də daxildən idarə olunur. Din həssas məsələdir. Hər insan belinə qumbara bağlayıb özünü partlatmır, öz canına qıymır, amma bu qruplar bunu edir. Ona görə də ciddi inzibati işlər görülməli, maarifləndirmə aparılmalı, dini dəyərlər təbliğ olunmalı, din sahəsindəki problemlər aradan qaldırılmaldır. Dövlətin bu istiqamətdə çox yaxşı ənənə və təcrübələri var. Bu təcrübələri qorumalıyıq ki, gələcəkdə problem yaranmasın. Mən uzun müddət Suriyada təhsil aldım, həmin prosesləri təhlil etdim, hadisələrin hansı ardıcıllıqla getdiyini gördüm. Ona görə bu məsələlərə çox diqqətlə, operativ şəkildə yanaşmalıyıq. Gələcəkdə bizim üçün təhdid və təhlükə yarada biləcək proseslərin qarşısını indidən almalıyıq”.

Fərid
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər