Ru
15:20 / 01 Avqust 2022

“Meymunçiçəyinin inkubasiya dövrü 21 günə qədər ola bilər” - SN

946
“Meymunçiçəyinə yoluxma ilə simptomların başlanmasına qədər olan müddət, yəni inkubasiya dövrü 6-13 gün arasında, bəzən 21 günə qədər ola bilər”.


Bakupost.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin direktor müavini Rita İsmayılova deyib.


O qeyd edib ki, meymunçiçəyi - zoonoz virus xəstəliyidir, yəni heyvandan insana keçən infeksiyadır. Simptomları təbii çiçəyin kliniki təzahürləri ilə oxşardır, lakin meymunçiçəyində xəstəliyin kliniki gedişi nisbətən yüngül olur. İlk dəfə 1958-ci ildə laboratoriyada sınaq aparmaq üçün nəzərdə tutulmuş meymunlarda aşkar olunub, ona görə də virusa rəsmi olaraq “Monkeypox virus”u adı verilib. Virusun zoonoz ötürülməsi (heyvandan insana) xəstəliyə yoluxmuş heyvanın qanı, bioloji mayeləri və ya zədələnmiş dəri və selikli qişaları ilə bilavasitə təmas yolu ilə baş verir.


Meymunçiçəyi ilə təbii çiçəyinin fərqinə gəlincə isə, həkim qeyd edib ki, təbii çiçək yüksək yoluxuculuğu və yüksək ölüm faizi ilə (hadisələrin 30 faizi) fərqlənir: “Təbii çiçəyə son təbii yoluxma 1977-ci ildə baş verib.1980-cı ildə isə vaksinasiya üzrə qlobal kampaniya aparıldıqdan sonra təbii çiçək tamamilə ləğv olunub. İnək çiçəyi virusu əsasında hazırlanmış təbii çiçək vaksini ilə peyvəndləmə bütün ölkələrdə 40 il bundan əvvəl dayandırılıb. Təbii çiçək virusuna yoluxmanın qarşısının alınması məqsədilə qlobal səviyyədə yeni vaksinlər, diaqnostika üsulları və virus əleyhinə preparatlar işlənib hazırlanır. Bütün bu hazırlıq işləri sayəsində meymunçiçəyi virusunun nəzarəti və profilaktikası üçün faydalı ola bilər”.


Həkimin sözlərinə görə, meymunçiçəyinin ilkin əlamətləri bunlardır: “İlk olaraq qeyd edim ki, dəridə səpkilərin əmələ gəlməsi bədən hərarətinin yüksəlməsindən 1-3 gün sonra başlayır. Səpkilər üzdə və ətraflarda nisbətən çox olur. 95 faizi əsasən üzdə müşahidə olunur. 75 faiz hallarda isə əlin içi və ayaqların altını zədələyir. Bundan başqa, ağızın selikli qişasında (70 faiz), cinsiyyət üzvlərində (30 faiz), konyunktivalarda (20 faiz), eləcə də gözün buynuz qişasında səpkilər əmələ gəlir.


Meymunçiçəyinə yoluxma ilə simptomların başlanmasına qədər olan müddət, yəni inkubasiya dövrü 6-13 gün arasında, bəzən 21 günə qədər ola bilər. Yoluxma dövrü (müddəti 0-5 gün), yüksək hərarət, güclü baş ağrısı, limfoadenopatiya (limfa düyünlərinin böyüməsi), kürəkdə ağrılar, mialgiya (əzələ ağrısı), güclü asteniya (zəiflik). Limfoadenopatiyaya oxşar ilkin simptomları olan digər xəstəliklərlə (su çiçəyi, qızılca, təbii çiçək) müqayisədə meymunçiçəyinin patoqnomik simptomu sayılır.


R. İsmayılovanın sözlərinə görə, bu gün üçün meymunçiçəyi ilə bağlı Azərbaycanda yoluxma faktı qeydə alınmayıb.


Proses ölkənin səhiyyə qurumları tərəfindən diqqətlə izlənilir və epidemioloji vəziyyət nəzarət altındadır. Vətəndaşlara qapalı məkanlarda tibbi maskalardan istifadə və gigiyena qaydalarına riayət etmələri tövsiyə olunur.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər