Monqolustan səfərimdən hər gün sizinlə şəkillər, videolar paylaşdım. Yazılar yazdım. Fəxr hissimi, qürurumu, sevgimi, hörmətimi ifadə etdim. Amma bu səfərin dərin qatında bir də böyük giley, böyük narazılıq, ürək ağrısı vardı.
Çünki gördüyüm torpaqlar, tarixi məkanlar, qədim türk abidələrinin yerləşdiyi ərazilər, təəssüf ki, çox acınacaqlı vəziyyətdə idi.
Bizim üçün müqəddəs, qutsal sayıla biləcək o daşlar - balballar, dikili daşlar, yazılı abidələr, kurqan qalıqları qoyunların, atların, heyvanların tapdağı altındadır. Yağışın, qarın, küləyin, zamanın insafına buraxılıb. Nə qədər balbal yox olur, nə qədər daş sınır, nə qədər iz itib gedir. Tarix gözümüzün qabağında torpağa qarışır.
Bəlkə də ən səliqəli görünən yer Bilgə Xaqan və Kül Tigin abidələri üçün ayrılmış muzey ərazisidir. Amma onun da həyəti, bağçası, ümumi təqdimatı bu abidələrin ruhuna, böyüklüyünə uyğun deyil. Digər yerlər isə daha ağır vəziyyətdədir. Normal yol belə yoxdur, yönləndirmə yoxdur, qoruma yoxdur, təqdimat yoxdur. Tarixin yarısı çölün ortasında sahibsiz, yiyəsiz, baxımsız qalıb.
Burada Monqolistanın təkcə iqtisadi yox, həm də mədəni baxımdan kiçikliyi görünür.
Sanki Monqolustan bu abidələri dünyaya tanıtmaqdan, reklam etməkdən, təbliğ etməkdən çəkinir. Elə bil kiminsə bu tarixə sahib çıxacağından, kiminsə bu torpaqlara iddia edəcəyindən qorxur. Bu nədir - qısqanclıqdır, ehtiyatdır, siyasi kompleksdir, bilmirəm. Amma bir şeyi bilirəm: dünya artıq o dünya deyil. Dünya ağıl dünyasıdır. Tarixi gizlətməklə, baxımsız buraxmaqla, çöldə çürütməklə heç kim güclü olmur.
Əksinə, ağıllı dövlətlər tarixi abidələrini qoruyur, təqdim edir, dünyaya açır. Məsələn, Türkiyə kimi Bizansdan, Roma dövründən, ondan da qədim zamanlardan qalan abidələrə sahib çıxan ölkələr bu mirası həm mədəniyyətə, həm turizmə, həm də iqtisadi gücə çevirirlər. İnsanlar o yerlərə axın edir, baxır, öyrənir, mənəvi qida alır, ölkə də bundan qazanır.
Monqolustan isə qədim türk abidələrini ucu-bucağı görünməyən çöllərin ortasında məhv olmağa buraxıb.
Bu, yalnız bizim tariximizə qarşı laqeydlik deyil. Bu, həm də Monqolustanın öz gələcəyinə vurduğu baltadır. Çünki həmin abidələr təkcə türk xalqlarının deyil, Monqolustanın da yerləşdiyi coğrafiyanın dünya mədəniyyət xəzinəsinə verdiyi böyük töhfədir. Onları qorumaq Monqolustanın özünə də şərəf gətirərdi.
Amma təəssüf ki, nə bu abidələrdən düzgün yararlana bilirlər, nə də onları layiqincə qoruyurlar.
Yeni tapılan, artıq bir neçə ildir elm aləminin məlumatında olan abidələr var. Məsələn, Küli Çur abidəsi və digər önəmli daşlar heç də Bilgə Xaqan, Kül Tigin, Tonyukuk abidələrindən geri qalan tarixi nümunələr deyil. Amma onların da vəziyyəti ürəkağrıdıcıdır. Bu laqeydlik sadəcə diqqətsizlik deyil, tarixə qarşı hörmətsizlikdir. Daha sərt desəm, tarixə xəyanətdir.
Monqolustan dünyaya özünü yalnız Çingiz xanla tanıtmağa çalışır. Əlbəttə, Çingiz xan onların tarixində böyük fiqurdur. Amma Monqolustanın mədəni təqdimatı yalnız Çingiz xan heykəlləri, gerlər, yaylaq düşərgələri və turistlər üçün qurulmuş səthi çöl romantikasından ibarət olmamalıdır. Bu torpaqlarda dünya tarixinin ən qədim dövlətçilik, yazı, inanc və yaddaş qatları yatır. Onların mühüm bir hissəsi türk tarixidir. Və bu tarix bu gün çöldə, küləyin, heyvanların, laqeydliyin altında can verir.
Tonyukuk abidəsi ilə bağlı da ürəkağrıdan vəziyyət var. Deyilənə görə, Türkiyənin dəstəyi ilə orada qoruma və muzeyləşdirmə işi aparılır. Amma illərdir açılıb qurtarmır. Siyasi problemlərdən danışırlar, dəqiq bilmirəm. Daşın yanına heç kəsi buraxmadılar. Abidə qapalı binanın içindədir, amma o bina da sanki tarixə açılan qapı yox, tarixi gizlədən bir səddə çevrilib. Sanki bir qısqanclığın əziyyətini tarix çəkir. Sanki kimlərinsə kompleksi daşlara cəza kimi kəsilib.
Bu mənzərəni görmək çox ağır idi.
Çünki biz o daşlara sadəcə daş kimi baxmırıq. O daşlarda dilimiz var, yaddaşımız var, dövlətçilik ağlımız var, Tanrı anlayışımız var, savaşımız var, yasımız var, qürurumuz var. Orada bir millətin özünü daşla zamana yazmaq cəsarəti var.
Amma bu gün həmin daşlar sahibsiz görünür.
Ən çətini də budur: bu abidələr başqa bir dövlətin ərazisindədir. Biz gedib birbaşa sahib çıxa bilmirik. Amma susmaq da doğru deyil. Türk dövlətləri, elmi qurumlar, mədəniyyət təşkilatları, UNESCO səviyyəsində çalışan strukturlar bu məsələyə ciddi yanaşmalıdır. Bu abidələrin qorunması üçün beynəlxalq əməkdaşlıq mexanizmi qurulmalıdır. Yol çəkilməli, ərazi hasarlanmalı, məlumat lövhələri qoyulmalı, rəqəmsal arxiv yaradılmalı, 3D modellər hazırlanmalı, mütəxəssis nəzarəti təmin edilməlidir. Bunlar fantastik işlər deyil. Sadəcə istək, ağıl və məsuliyyət tələb edir.
Tarixə sahib çıxmaq yalnız şeir yazmaqla, qürurlu sözlər deməklə olmur. Bəzən bir daşı qorumaq min pafoslu çıxışdan daha qiymətlidir.
Monqolustan bu məsələdə yanlış edir. Həm bizim tariximizə, həm də öz gələcəyinə zərbə vurur.
Mən bu səfərdə fəxr etdim, qürur duydum, kövrəldim. Amma eyni zamanda çox üzüldüm. Çünki gördüm ki, min il əvvəl daşlara yazılan tarix bu gün laqeydliyin qarşısında köməksiz qalıb.
Və ən ağrılısı budur: bəzən tarixi düşmənlər yox, sahibsizlik öldürür.
Təhsil texnoloqu,
dosent Şəmil Sadiq