Ru
17:36 / 06 May 2025

"Moskva Azərbaycana qarşı ikiüzlü siyasət yürüdür" - Ekspert

"Moskva Azərbaycana qarşı ikiüzlü siyasət yürüdür" -  Ekspert
Eye

“Rusiya illərdir ki, postsovet ölkələrinə qarşı “xüsusi münasibətlər” ritorikasını irəli sürür. “Tərəfdaşlıq”, “Avrasiya birliyi” kimi pafoslu şüarlar arxasında isə təzyiq, hədə-qorxu və etinasızlıq dayanır. Bu, müstəqillik istəyən ölkələri cəzalandırmağa xidmət edir. Moskvada deputat Azər Badamovla bağlı insident bunu bir daha sübut etdi. Halbuki onun səfəri Rusiyanın təşəbbüsü ilə təşkil olunmuşdu. Deputata giriş yasağının tətbiqi diplomatik protokolun və hörmətin pozulması idi. Əsas səbəb isə Badamovun Rusiya Dövlət Dumasının deputatı Valuyevin Azərbaycan xalqını təhqir edən çıxışına verdiyi cavab idi”.

Bunu Bakupost.az -a politoloq Elçin Alıoğlu bildirib.

O qeyd edib ki, Rusiya postsovet məkanında nəzarəti saxlamaq üçün MDB, KTMT, Aİİ kimi qurumlardan istifadə edir:

"Amma burada tərəfdaşlıq deyil, asılılıq əsas götürülür. Gürcüstan, Ukrayna və Moldova kimi müstəqil yol seçənlərə qarşı hərbi və informasiya hücumları buna sübutdur. Digər tərəfdən, Rusiyada Mərkəzi Asiyadan olan miqrantlara qarşı təzyiqlər artır. 2025-ci ilin martında 12 min miqrant səbəbsiz saxlanıldı. Bu, artıq rasizm yox, siyasi təzyiqdir – Çin, Türkiyə və Qərblə yaxınlaşmaq istəyən ölkələrə xəbərdarlıq. Eyni vaxtda erməni diasporu Rusiyada toxunulmaz statusdadır. Onlara siyasi və maliyyə dəstəyi göstərilir, halbuki Ermənistanın özü Rusiya əleyhinə kurs götürüb. Bu, Moskvanın regionda erməni faktorundan bir təsir aləti kimi istifadə etdiyini göstərir. Azərbaycana qarşı isə kiberhücumlar həyata keçirilir. 2025-ci ilin aprelində dövlət resurslarına edilən genişmiqyaslı hücumların izləri Rusiya hostinqlərinə aparırdı. Bu, informasiya sahəsində dövlətə qarşı açıq təhdid və təxribatdır. Azərbaycan təyyarəsinin vurulması və rəsmi Moskvanın tam səssizliyi də bu siyasətin tərkib hissəsidir".

Ekspert qeid edib ki, bu davranış “strateji tərəfdaş” anlayışını tam mənasızlaşdırır:

"Rusiya sadəcə olaraq, özünü idarə etməyə çalışanları cəzalandırır, itaət edənləri isə mükafatlandırır. Bu fonda patriarx Kirilin səfəri sülh jesti kimi təqdim olunsa da, dərhal sonra baş verən deputat insidenti həmin jestin saxta olduğunu göstərdi. Moskva “yumşaq güc”lə diplomatik təhdidi birləşdirərək ikiüzlü siyasət yürüdür. Nəticə aydındır: Rusiya regionda artıq sabitlik yox, gərginlik mənbəyinə çevrilib. Badamovun saxlanılması – təkcə diplomatik səhv deyil, Kremlin real niyyətinin göstəricisidir. Region artıq bu ikili oyuna qarşı immunitet qazanıb və sözlərə yox, əməllərə əsaslanır. Əgər Moskva bu kursu dəyişməsə – təkcə təsirini deyil, hörmətini də birdəfəlik itirəcək".

Sevinc,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar