Ru
14:39 / 19 Fevral 2024

Mövlud Süleymanlının məktubu...

6941
Şair Alik Əlioğlu



Mövlud Süleymanlı yazılarında da, münasibətdə də, dostluqda da çox təbii adamdır, özüdür, amma indi süni nəfəs aparatına qoşulub.

Dua edirəm ki, ayağa qalxsın, bir 10 il də yaşasın.
Ustadla məktublaşmalarımız var.

Mənə yazdığı məktublardan birini sizinlə paylaşıram:

Alik, lap səhər tezdəndir, sabahın xeyir! Xeyli müddətdir, hər yerdə, hər şeydə özümüzü gecikmiş hesab edirəm, daha çox BÖYÜK SÖZÜN yer üzünə çatdırılmasında. Biz özümüzü yığışdırıb səsimizi çıxardanacan dünya yerini dəyişir, qalxırmı, enirmi? Bunun indilikdə fərqi yoxdur... Alik, öncədən əsas bildiyim bir şeyi deyim, yaddaşsız yaşamaq mümkün olsa da, nələrdəsə uğur qazanmaq mümkün deyil. Bu gün bizim “nəcabətli nəsil” dediyimiz ifadə doğrudur. Belə nəsillər və adamlar olub və var. Bunu bu cür də demək doğru olardı: yaddaşı olan nəsil... Ən böyük uğurları da bu nəsil olanda və yarananda qazanır. Söz milli yaddaşdan, özündə olan böyüklüyü və kiçikliyi anlamaqdan gedir. Bütün bu dediklərimin sənin də anladığını hiss etdim, belə gəncliyin də olduğunu bilirəm və böyük uğurlar qazanacağına da arxayınam... Bayaq dedim, yaddaşsız da yaşamaq olar, amma bil ki, bu yaşamın ömrü uzun olmur, çünki bilmirsən kimin ömrünü yaşayırsan. Ömür əslində yaddaşla yaşamaqdı. Yaxşı ki, yaddaş bəzilərimizin düşündüyü kimi şəxsi olmur, nə qədər özəlləşdirmək istəsək də. Ona görə ki, ot olmur, çəmənlik olur, hər çəmənlik də hər yerdə bitmir. Bu, yaddaşa görədir... Bizim güclü milli yaddaşımız həmişə bizim XİLASKARIMIZ olub. Necə ki, o boyda Güneyimiz yalnız yaddaşına görə yaşayır, mübarizəsi də güclü yaddaşına görədir. Yanındakı millətin də yaddaşı var, amma bilərəkdən və ya bilməyərəkdən yaddaşına yalanlar doldurub, bu onun gücsüzlüyü və böyük günahıdır. Indi çox yerlərdə yaddaş savaşı gedir, bunu bilməliyik. Alik, bilirsənmi, ermənilərin bu gün böyük ermənistan arayıb axtarmaqları nəyə görədir? Yaddaşlarındakı yalana görə və yaxud yaddaşsız olduqlarına görə. Onların yaddaşlarındakı Ermənistan heç vaxt olmayıb, ancaq onlara elə deməyiblər. Bu yalançı yaddaşın yaşamağı da uzun çəkmir. Deyirsən, Qafqazdakı yer adlarının mənim dilimdə olmağına niyə sevinməliyəm? Onda soruşuram, yaxşı, o yer adlarının sənin dilində olduğuna erməni dığası niyə əsəbiləşir, kədərlənir, özünə dərd eləyir, yalançı tədqiqatlarına başlayır, dünyanı aldatmağa çalışır: yox bu, o dildə deyil, nə dilində olur olsun, türkcə olmasın... Çox zaman da yalana hazır olan dünyanı inandıra bilir. Hamısı ona görədir ki, sən öz yaddaşına sevinmək istəmirsən. Deyirsən babama oxşayıb özüm olmaq istəyirəm. Bunu doğru deyirsən, elə də olmalıdır. Bir şey var ki, babaya oxşamaq elə ona bənzəməkdir. Sənə uğurlar diləyərəkdən, Mövlud...




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər