“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun qardaşı, veteran futbolçu Musa Qurbanov maraqlı açıqlaması ilə diqqət çəkib.
Bakupost.az xəbər verir ki, Futbolinfo.az saytına müsahibəsində qardaşı oğlu və adaşı Musa Qurbanlının böyük istedada malik olmadığını bildirib.
“Hələ ki yolun başlanğıcındadır. Bilirsiniz, bir var fitri istedad, bir də var mənim kimi, Qurban kimi əməksevərliklə bu səviyyəyə ucalmaq. Elə Musada da uşaqlıqdan böyük istedad olmayıb. Amma o qədər futbola həvəsi olub ki... Musa, bəlkə də, günün yarısını məşqdə keçirib. Elə indi də belədir. Güc və sürət cəhətdən elə uşaqlıqdan onda çatışmazlıqlar olub. Amma oyun zəkası və futbol biliyi yaxşıdır. Mən inanıram ki, onun karyerasının parlaq dövrləri hələ qabaqdadır”, – deyə o söyləyib.
İstedadlar müxtəlif olur: o cümlədən, əmək istedadı. Həqiqətən şahidi olmuşam Musa və Qurban Qurbanovların 90-cı illərin əvəzində Tovuzun "Turan"ında oynadıqları vaxt: hər ikisi məşqdən sonra meydanda qalırdılar, hansısa elementlər üzərində işləyirdilər. Məsələn, Musa Q-un ayaqlarını dəyişərək tək ayaqda uzunluğuna tullanmağı beynimdə həkk olunub. Bu halda ayağa olduqca böyük güc düşür (ağırlıq yaranır), hətta zədə almaq ehtimalı çox olur. Əvəzində isə sıçrayışla rəqibi qabaqlamaq, müdafiədə topu almaq qabiliyyəti artır.