REAL partiyası 16 Saylı Yasamal İkinci Seçki Dairəsində 6 məntəqənin nəticələrinin ləğvi üçün Dairə Seçki Komissiyasına müraciət edib. Qeyd edək ki, bu dairədən REAL-ın namizədi Erkin Qədirli qalıb gəlib.
Bakupost.az xəbər verir ki, məsələ ilə bağlı Erkin Qədirli haqqin.az-a açıqlamasında xəbəri təsdiq edib. O, 6 seçki məntəqəsi üzrə nəticələrlə bağlı Mərkəzi Seçki Komissiyasına şikayət göndərdiyini bildirib:
"Müşahidəçilərim əlimizdə olan səslərin sayılması ilə komissiyanın protokolları arasında uyğunsuzluqlar qeydə aldılar. Dairə seçki komissiyasından mənə verilən protokollarda, səs verənlərin sayı şişirdilib.
Görünür, bu, seçici fəallığını artırmaq üçün edilib. Səsvermə prosesi və seçki fəallığı ilə bağlı heç bir illüziyam yoxdur. Bəli, mən seçkilərdə qalib gəldim, lakin protokollarda göstərilən üstünlüklə yox”.
Deputat 2020-ci il seçkiləri zamanı da eyni hadisəni xatırladıb. Həmin vaxt E.Qədirli şikayət verib və beş məntəqədə səsvermənin nəticələri ləğv edilib.
Millət vəkili onu da bildirib ki, MSK-nın protokollarına əsasən, təmsil etdiyi məntəqələrdə seçki fəallığı 22 faiz təşkil edib, baxmayaraq ki, reallıqda seçicilərin cəmi 14 faizi seçkiyə gəlib.
“Mən Mərkəzi Seçki Komissiyasına müraciət etmişəm ki, həmin məntəqələrdə səsvermənin nəticələri ləğv edilsin”, - deyə deputat əlavə edib.