Bakıda əvvəl 3 manata başa gələn taksi səfərlərinin qiyməti hazırda 9 manata qədər yüksəlib.
Taksi sürücüləri qiymət artımının səbəbini
“Bakupost”a açıqlayıblar.
Onların sözlərinə görə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən buraxılış vəsiqəsi və buraxılış kartı olmayan sürücülərin “Bolt”, “Uber/Yango” kimi platformalardakı profilləri bloklanıb.
Nəticədə paytaxtda taksilərin sayı kəskin azalıb. Tələbatın yüksək, taksi sayının az olması qiymətlərin artmasına səbəb olub.
Mövcud vəziyyətin yaxın günlərdə də davam edəcəyi gözlənilir.
Qeyd edək ki, son günlər mediada "20 Yanvar" və "Moskva prospekti" ərazilərində “manatlıq taksi” kimi tanınan xidmətlə məşğul olan avtomobillərin fəaliyyətinin dayandırıldığı barədə məlumatlar yayılıb. Bildirilib ki, bu səbəbdən xüsusilə Ceyranbatan, Sumqayıt, Saray, Xırdalan və Masazır istiqamətində yaşayanlar nəqliyyat problemi ilə üzləşiblər.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) isə bildirilib ki, bu iddialar reallığı əks etdirmir. Qurum qeyd edib ki, aidiyyəti qurumlar tərəfindən Bakı və qeyd olunan istiqamətlərdə fəaliyyət göstərən həmin nəqliyyat vasitələrinə qarşı hər hansı birgə və ya xüsusi tədbir keçirilməyib.
Lalə Novruz,
BakuPost