Ru
12:00 / 06 Sentyabr 2022

"Oğlanları döydüyümə görə atamı məktəbə çağırırdılar..." - MMA döyüşçüsü xanımla MÜSAHİBƏ

60097
Adətən, idmanla bağlı müsahiblərim kişilər olur. Xüsusən də söhbət qaydasız döyüş növlərindən gedirsə... Bu dəfə isə Azərbaycanı xarici yarışlarda təmsil edən yeganə MMA döyüşçümüz Tünzalə İmanlı ilə söhbət etməyi qərara aldıq.


Tünzalə xanım təyyarədən düşər-düşməz müsahibimiz olmaq təklifini qəbul etdi. Sahil boyu söhbətimiz o qədər maraqlı oldu ki, müsahibəni çay süfrəsi ətrafında davam etdirdik.

Beləliklə, Azərbaycanlı qadın MMA döyüşçüsü Tünzalə İmanlının Bakupost.az saytına müsahibəsini təqdim edirik:


Tanıtım:

Tünzalə İmanlı Biləsuvar rayonunda doğulub. Valideynləri Lerik rayonundandır. 3 yaşından ailəsi ilə birlikdə Rusiyanın Buryatiya, daha sonra Novosibirsk şəhərinə köçüb. Orada 11-ci sinfi bitirdikdən sonra Buryatiya Dövlət Universitetinin iqtisadiyyat fakültəsini, eyni zamanda həmin universitetin Riyaziyyat-İnformatika fakültəsini qırmızı diplomla bitirib. Hazırda MMA qaydasız döyüş növü ilə məşğuldur.





- Tünzalə xanım, idmana gəlişiniz necə oldu?


- Heç vaxt idmançı olacağımı düşünmürdüm. Bir gün məktəbdə qol güləşilə (arm-wrestling) bağlı elan asmışdılar. Təsadüfən qatıldığım yarışda oğlanları məğlub etməyə başladım. 7-ci sinifdə oxuyurdum, hətta özümdən böyük oğlanları məğlub edirdim. Daha sonra böyük yarışlara qatılmağa qərar verdim. Valideynlərim idmanla məşğul olduğumu bilmirdilər. Çünki heç yerə getməyə icazəm yox idi. Bunu bir az da Azərbaycan ailə mentaliteti ilə əlaqələndirə bilərəm. (gülür) Fikirləşdim ki, artıq ilk medalı qazanmışam və atama göstərməliyəm. Medalı göstərəndə atam gözləmədiyim reaksiya verdi. Çox müsbət qarşıladı və məni təbrik etdi. Daha sonra atam məni digər yarışlara da göndərirdi. Beləliklə, 10 il qol güləşilə məşğul oldum.


- Adətən, xanımların seçimi idmanın daha yüngül, estetik növləri olur. Amma siz idmanın ən çətin növlərindən birini seçmisiniz. Nədən MMA döyüşçüsü olmaq istədiniz?


- Həyatımda heç gözləmədiyim bir hadisə oldu. 2016-cı ildə bir kişi tərəfindən çox pis döyüldüm. Bu həmin insanın səhvi uсbatından yaranan mübahisəyə görə oldu. Bu hadisədən sonra özümə söz verdim ki, artıq heç kim mənə barmağını belə toxundura və yaxud məni üzə bilməz. Sağalandan sonra hadisənin yaratdığı psixoloji gərginliyi dəf etmək üçün Azərbaycana gəldim. Azərbaycanda illərin dostu, bir nömrəli MMA müəllimi Aqşin Babayev mənə dəstək oldu. İllərlə qol güləşilə məşğul olduğum üçün MMA döyüşünə başlamaq çətin görünsə də, qarşıma qoyduğum məqsəd məni irəli apardı. İlk dəfə Aqşin Babayev mənə döyüş əlcəklərini verdi və zala daxil oldum. Günlərlə dayanmadan məşq edirdim. İlk döyüşüm Bakıda Respublika çempionatında oldu və 2-ci yeri qazandım. Çünki hələ bir-iki ay olardı məşq edirdim. İnsanlar MMA-ya ya kikboksinq, ya güləş, ya da cüdodan başlayır, amma mən birbaşa gəldim. Bir neçə həvəskar yarışlardan sonra Rusiyaya qayıtdım. Artıq Rusiyada MMA-nın içində olan pankration və digər növlər üzrə döyüşməyə başladım. Pankrationda beynəlxalq turnirlərin, Braziliya ciu-citsusu üzrə 4 qat dünya çempionu oldum. Hazırda Rusiya vətəndaşı olsam da, bütün döyüşlərə Azərbaycan bayrağı ilə çıxıram və Azərbaycanı təmsil edirəm.


- Hiss olunur ki, təkcə fiziki cəhətdən deyil, daxilən də güclü birisiniz. Bu gücü haradan alırsız?


- Bu fiziki və mənəvi güc gendən gəlir. Həmçinin həyatda baş verən hadisələr mənə psixoloji təsir edib və daha sonra bu hadisələrdən güc almışam. Həmişə deyirlər ki, səni “sındırmaq” olmur. Düz nədirsə, onu qorxmadan deyirsən. Gücümün sirri həm də atamdır. Çünki Atam Nurağa İmanov sovet dövründə Azərbaycanda sərbəst güləş üzrə milli komandada 1 nömrəli idmançı olub. Gücümün atamdan qaynaqlandığını deyə bilərəm.






- Hansı şəhərlərdə döyüşmüsüz?


- Rusiyada Sibirdən başlamış Moskvaya qədər bütün şəhərlərdə döyüşlərim olub. Eyni zamanda Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Moldova və digər ölkələrdə böyük nailiyyətlərim olub.


- Ən güclü rəqibləriniz hansı ölkədən olub?


- Rəqibə zəif demək olmaz. Bütün rəqibləri güclü rəqib kim qəbul edirik. Lakin bir-iki dəfə döyüşlərdə haqsızlıq olub. Çünki mən uduzanda bəhanə axtarmıram, sakit dayanıram və bundan nəticə çıxarıram. Ötən il dekabrda Qazaxıstanda bir rəqibimlə qeyri-bərabər çəkidə döyüşməli oldum. Hər bir döyüşdə idmançıların çəkisi eyni olmalıdır. Lakin rəqibimin çəkisi məndən bir neçə kq çox idi. Məndə 51 kq, onda isə 54 kq idi. Lakin çəkilərin bərabər olması üçün vaxt verdilər. Lakin döyüş günü mənim 54 kq, onun 60 kq çəkisi vardı. Beləliklə, döyüşdən imtina etmək şansım olsa da, etmədim. Lakin aramızda olan çəki fərqi döyüşdə özünü göstərdi. Onun çəkisi artıq olduğu üçün zərbələri də ağır idi. Yəni, haqsızlıqlara rəğmən, güclü rəqibimin Qazaxıstanda olduğunu deyə bilərəm.


- Ümumiyyətlə, döyüşlərə çıxarkən, vaxtından əvvəl qələbəni hədəfləyirsiz, yoxsa bu görüşün gedişində yaranır?


- İlk vaxtlarda deyirdim ki, mən heç vaxt uduza bilmərəm. Amma idmanda bu mövqe düzgün deyil. Artıq bir neçə dəfə döyüşəndən sonra dedim ki, əvvəl gözəl döyüş göstərməli, daha sonra udmağı hədəfləməliyəm. Ondan sonra döyüşlərə məhz bu fikirlə çıxmağa başladım. Bəzi döyüşlərdə uduzsam da, çox gözəl və axıra qədər döyüşmüşəm. Rəqiblərimi nə vəziyyətə saldığım bütün döyüş videolarımda var. Sadəcə uduzmağım 1 xal fərqilə olub. Halbuki, uduzanda da gözəl döyüş nümayiş etdirmişəm.


- Niyə Azərbaycanda MMA-ya münasibət istənilən səviyyədə deyil. Bəlkə təbliğat cəhətdən problemlər var və ya olimpiya növü olmadığı üçündür?


- Hazırda MMA daha çox məşhur olub. Mən başlayanda elə də tanınmış idman növü deyildi. Çünki MMA həm də kommersiya idman növüdür. Azərbaycanı xaricdə MMA üzrə təmsil edən ilk peşəkar döyüşçü mən oldum. Düzdür, məndən əvvəl başlayan qızlar var idi. Onlar ancaq Azərbaycanda və Gürcüstanda döyüşürdülər. Xüsusilə peşəkar səviyyədə xaricdə MMA üzrə döyüşən yox idi. Xaricdə Azərbaycanı MMA üzrə ilk təmsil edən və ən çox nəticə verən mənəm.




- MMA-nın kommersiya tərəfi barədə nə deyə bilərsiniz?

- Döyüşə getməzdən əvvəl təşkilatçı bizim bütün xərcləri ödəyir. Artıq göstərdiyin döyüşə, məşhurluğa görə digər təşkilatçılardan təkliflər daxil olur və döyüşçülər bunu dəyərləndirir. Gözəl döyüşün və məşhurluğun, reytinqin olmalıdır ki, yeni döyüş təklifləri gəlsin. Yəni, bir neçə yarışda ad qazanırsan, ondan sonra həmin ad sənə irəli getməyə kömək edir.


- Rusiya vətəndaşı olsanız da, bütün döyüşlərə Azərbaycan bayrağı, musiqisi ilə çıxırsız. Bayrağımızı yüksəyə qaldırmaq hissi necədir?


- Bu idmana çox bağlıyam. Bayrağımızı qaldırmaq sevinci bu idmanı davam etdirməyə güc və stimul verir. İstəyirəm hər şeyi Vətənim üçün edim. Şəhidlərimiz, qazilərimiz, əsgərlərimiz Vətən üçün canından keçiblər. Mən də idmançı kimi Vətənim üçün qələbə qazanmalıyam. Mən bu idmanla Rusiya deyil, Azərbaycan naminə məşğul oluram. Vətənimə olan sevgi məni bu idmanda irəli aparıb. Azərbaycanı xaricdə təmsil etmək, üçrəngli bayrağımızı yüksəklərə qaldırmaq qürurverici hissdir.





- Rusiyada ermənilər hədsiz çoxdur. Onların qarşısında Azərbaycan bayrağını qaldırarkən hansısa təxribatlarla rastlaşmısınız?


- Rusiya vətəndaşıyam, amma Vətəndən danışılanda həmişə mənə deyirlər ki, sən dəhşət millətçisən. Cavabım bu olur ki, hər bir millətlə mehribanam. Lakin şəhidlərimizi yada salanda, erməni ilə heç vaxt dost ola bilmərəm. Bəzən Rusiyada elə olurdu ki, azərbaycanlı ilə ermənini qəsdən döyüşə salırdılar və yarışlarda qırğın olurdu. Ancaq İkinci Qarabağ Müharibəsindən sonra çalışırlar bunu etməsinlər. Yəqin, daha çox qorxurlar bizdən.


- Erməni rəqibiniz olubmu?


- Bəli, Rusiyada həvəskar yarışda erməni rəqibim olub və böyük üstünlüklə qələbə qazanmışam.


- Xaricdə çox vaxt Azərbaycan, Qarabağa aid musiqilərlə döyüşə çıxırsınız. Bu ermənilərin etirazına səbəb olubmu?


- 2019-cu ildə Sofiya adlı xanım döyüşçünü Gürcüstanda yarışda udmuşdum. 2022-ci ildə revanş görüşündə bərabərlik oldu. Deməli, ermənilər Gürcüstanda çoxdur. Mən də Alim Qasımovun oxuduğu Qarabağ mahnısı ilə döyüşə çıxdım. Həmin vaxt ermənilər mahnını eşidib dəli oldular. Onlar bəzi sözləri başa düşürdülər. Döyüşdən sonra da heç nə demədilər. Çünki məqsədimiz dava etmək yox, Vətənimizə sevgi göstərmək idi. Həmin döyüşdə də mən qalib oldum. Qeyd edim ki, Sofiya ilə üçüncü döyüşümüz də olacaq.


- MMA ilə məşğul olmağa başlayanda məşhur döyüşçü olacağınızı düşünürdüz?


- İdmana məşhurluq üçün başamamışam. Heç məşhur idmançıları belə tanımırdım. Məktəbə gedib-gələn qız idim. Hətta oğlanları döydüyümə görə atamı, anamı məktəbə çağırırdılar. Xüsusilə əvvəllər talış ailəsində qızların məşhur olması, tanınması kimi məsələlər arxa planda olurdu.(gülür). Düzdür, indi artıq o stereotiplər yoxdur. Görünür, mən də bu stereotipi qırmışam. Qələbə qazananda düşünürəm ki, Vətəndə qələbəmə və bayrağımızın zirvəyə qaldırmağıma çox sevinəcəklər. 6 ildir peşəkar döyüşdəyəm.10 döyüşüm olub, 5 qələbə və 5 məğlubiyyətim var. Digərlərini məğlubiyyət hesab etmirəm. Çünki hər döyüşdə var gücümlə döyüşmüşəm, sadəcə 1 xal fərqilə məğlub olmuşam.






- Qələbənizin sirri varmı?


- Hər bir döyüşdə rəqibə uyğun texnika seçirəm. Birinci növbədə gözəl döyüş göstərmək üçün psixoloji cəhətdən özümü hazırlayıram. Artıq gözəl döyüşdüyümü görəndə qələbəyə daha da yaxınlaşdığımı anlayıram. Bəzi vaxtlarda döyüş zamanı hansısa hadisəni yadıma salıram və bu, mənə güc verir, udmağıma kömək edir. Ən əsası bilirəm ki, bütün Azərbaycan mənə baxır və ən birinci növbədə Azərbaycanı utandırmamalıyam. Bu idmanda bütün əziyyəti özüm çəkmişəm. Hər bir qələbənin arxasında böyük əziyyət dayanır.


- UFC-yə daxil olmaq hər döyüşçünün arzusudur. Belə bir arzunuz varmı?


- Əlbəttə, UFC-də döyüşmək ən böyük arzum və hədəfimdir. Doğrudur, ora düşmək çətindir. Əvvəl yalnız güclüləri seçirdilər. Dünya artıq müasirləşib, inkişaf edib. Ona görə də indi media adamı axtarırlar. Yəni, həm güclü, həm də məşhur olsun. Bir sözlə, fenomen biri olması daha məqsədəuyğun sayılır. Çünki UFC üçün reytinq çox vacibdir. Mənim məşhurluğum, reytinqim var. İndi qalıb ki, Avropada təşkilatının kəmərini götürüm. Ondan sonra UFC-də döyüşə bilərəm .Azərbaycandan Nəriman Abbasov və Amerikada yaşayan daha bir azərbaycanlı UFC-yə düşüb, amma hələ döyüşməyiblər. Rəfail Fiziyev isə UFC-də çoxdandır var və Qırğızıstanın adı ilə vuruşurdu. Amma bundan sonra Azərbaycan adı ilə vuruşacaq. Azərbaycandan UFC-də döyüşən xanım yoxdur. Ona görə inşallah hədəfim UFC-dir.


- Çox vaxt deyirlər ki, qadın evdə oturmalı, ailəsi ilə məşğul olmalıdı, nə idman? Xanıma evdarlıq yaraşır və s. Sizin fikrinizcə, necə?


- Bəzi qızlarımız məhz bu fikirlərə görə qabağa gedə bilmir. Valideynlərdən çox şey asılıdır. Ona görə bu barədə özümü çox şanslı hesab edirəm. Həmişə döyüşə çıxanda atam və anam mənə dəstək mesajları yazır. Atam mənə döyüşlə bağlı taktikalar verir. Arada elə olub ki, atamın verdiyi taktikalarla qələbə qazanmışam. Qələbə qazananda anam deyir ki, davam elə, daha da irəli. Elə ki uduzuram, anam deyir, qızım, at bunu, evlən. Daha şikəst eləmə özünü (gülür).


- Birdən qarşınıza kimsə çıxdı və sizi elə ovsunladı ki, idmanı unutdunuz...


- Düzdür, qarşımda UFC kimi məqsəd var. Çalışacağam sevdiyim insanla elə danışım ki, bunun mənim sənətim olduğunu analasın. Həyatımda elə bir insan var, qəbul edir və biz bu barədə danışmışıq. Haçansa bunu atacağam. Çünki evlənəndən sonra övlad da düşünmək lazımdır. Döyüşçü qızın xüsusi xarakteri var. Lakin idmanda olan xarakteri münasibətdə göstərmək lazım deyil. Təhlükəli məqamlarda idmançı xarakterim ortaya çıxa bilər. Həyatda hamı məni kişi xasiyyətli qız kimi tanıyır. Bəzən məndən qorxduqlarını deyirlər. Amma qorxmaq lazım deyil, mənim də özüməməxsus zərifliyim var. Çox vaxt mənə deyirlər ki, yəqin sən oğlanı döyərsən, yaxud cavab qaytararsan. Həmişə demişəm ki, siz mənim digər tərəfimi görməmisiniz. Döyüşçü qızın da incə, uşaq kimi davranışları var. İdmanda burnum 5 dəfə sınıb canım elə də ağramayıb. Amma mənə yaxın insan bir az xətrimə dəysə, özümü pis hiss etməyə başlayıram. Hətta elə olur ki, kövrəlirəm.

- Sizə "Qara pantera" deyirlər. Necə oldu bu ləqəbi götürdünüz?


- Qara pantera mənim ləqəbimdir. Bunu özüm qoymuşam(gülür). Pantera barədə oxumuşam. Onun xasiyyəti mənimkinə oxşayır. Hətta bu heyvanın psixologiyasını da araşdırdım və həqiqətən bunun mən olduğunu qəbul etdim. Pantera dişilərin yanında özünü qız kimi, erkəklərin yanında isə kişi kimi aparmağı bacarır. Həyatda elə situasiya olur ki, özünü oğlan kimi aparmalısan. Amma çox vaxt çalışıram ki, xanımlığımı qoruyum.





- Azərbaycan xanımları üçün qaydasız döyüş növləri üzrə sizin də olduğunuz bir məkan var. Bir qədər bu haqda...


- Azərbaycanda sponsorlarımız MMA zalı açıb. MMA, kikboksinq, fitnes zalımız Nərimanovda yerləşir və sırf xanımlar üçündür. Artıq sosial media üzərindən çoxlu xanımlar müraciət edib. Oğlanlarla bir yerdə məşq etmək istəməyən xanımlar məhz Nərimanovda yerləşən "Pink fitnes" zalına gələ bilərlər. Çünki burada xanımlara özünümüdafiədən başlamış peşəkar döyüşə qədər çox şey öyrədilir. Əvvəl qaydasız döyüşə yazılan az idi, amma yarışlarımı görəndən sonra xanımlarda bu idmana qarşı sevgi daha da çoxalıb. İrəlidə döyüşlərim olduğu üçün həm də hazırlaşıram.

- Növbəti döyüşünüz kiminlə və nə vaxtdır?


- Növbəti döyüşüm iranlı xanımla oktyabr ayında, digər bir döyüşüm isə qazaxıstanlı xanımla dekabrda baş tutacaq. Əminəm ki, maraqlı döyüş olacaq.


- İdmançı xanımın yemək bişirməklə arası necədir? Yeməklərimizi bişirə bilirsiniz?


- Əlbəttə, yemək bişirməyi gözəl bacarıram. Bilirsiz ki, cənub deyəndə ilk növbədə ləvəngi yada düşür. Sizin də dediyiniz kimi zəngin mətbəximiz var. Milli mətbəximizlə yanaşı, xarici yeməkləri bişirməyi də bacarıram. Xüsusilə ən yaxşı şirniyyatlar hazırlamağı sevirəm. Ailəmlə olanda mətbəxdə yemək bişirməyə vaxt ayırıram. Lakin çox vaxt məşqlərdə oluram.


- İdmana marağı olan xanımlarımıza tövsiyəniz…


- Düşünürəm ki, bəzən boş-bekar gəzməkdənsə, idmanla məşğul olsunlar. Bəziləri deyir ki, idmançılar savadsız olur. Mənim iki qırmızı diplomum var, amma mən yenə də idmanla məşğul olmağı seçdim. İdmanda da ağıl və savad önəmlidir. Qızlar həm təhsil alsınlar, həm də idmanla məşğul olsunlar. Həmçinin qarşıya məqsəd qoyaraq irəli getsinlər.



- Çox sağ olun Tünzalə xanım. Müsahibəyə görə təşəkkür edirik.





Fəridə
Baku Post


Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusunda hazırlanıb.





Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər