Ru
17:33 / 12 Yanvar 2022

Ödəmə terminalları dayanacaqlardan “yoxa çıxıb”: qurumlar hara baxır? - Açıqlama

2007
Son günlər paytaxtdakı bir çox avtobus dayanacaqlarından "Bakıkart"a məxsus ödəniş terminallarının götürülməsi müşahidə edilir.

Bununla bağlı sakinlər arasında da şikayətlər artıb:

“Kartın balansında pul olmayanda yükləməyə yer tapmırıq. Məcbur qalıb kimdənsə xahiş edirik ki, bizi keçirin... Onsuzda dayanacaqlardakı terminallarla bağlı çox problemlər yaşayırdıq. Gah işləmirdi, gah pul götürmürdü, gah da o qədər adam sırada dururdu ki, gələn avtobusu belə ötürürdük. Bilmirik, bu terminallar niyə qəhətə çəkilib?!”.


Bəs dayanacaqlardakı ödəmə terminalları nə üçün götürülüb? Həmin aparatlar geri qaytarılacaqmı?


Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev Bakupost.az –a bildirib ki, bu proses "BakıKart"ın balansını artırmaq imkanının məhdudlaşdırılması kimi qiymətləndirilməməlidir:



“Bu terminalların götürülməsi narahatlıq doğurmamalıdır. Çünki sərnişinlərimiz hazırda “BakıKart”ın balansını artıra bilməsi üçün daha çox imkanlara sahibdirlər. Əgər əvvəllər yalnız dayanacaqlardakı 250-ə yaxın terminallar var idisə, hazırda Bakı şəhərinin bütün ərazisində olan 1400 “MilliÖn” ödəmə terminalı “BakıKart” ödənişini qəbul edir. Bundan əlavə “OBA” marketlərin hər birində də bu imkanlar var. Yenidən dayanacaqlara yerləşdirib-yerləşdirilməməi ilə bağlı hər-hansı bir məlumat yoxdur ”.

"MilliÖn"ün müştəri xidmətlərinin rəhbəri Ülviyyə Əfəndiyeva isə Bakupost.az –a açıqlamasında problemin texniki amillərlə bağlı olduğunu deyib:



“Hazırda Bakı şəhəri üzrə bütün “MilliÖn” terminallarında “BakuKart” (iaşə obyektləri, mağazalar, kiosklarda, London tipli terminallarında) ödənişi etmək mümkündür. Bunun üçün dayanacaqlarda ayrılan aparatlardan istifadə etməyə məcburiyyət yoxdur. Yəni marketlərdə, mağazalarda adi terminallarda da artıq “BakıKart” balanslarını bütün müştərilər artıra bilər. Bunu özümüz belə etdik ki, çətinlik yaranmasın. Yalnız dayanacaqlarda ödəniş etməsinlər. Bazarlıqlarını edəndə də orada rahat şəkildə “BakıKart” ödənişlərini həyata keçirsinlər.

Bankomatların dayanacaqlardan yığışdırılması texniki səbəblərdən irəli gəlir. Çünki terminallara müdaxilələr çox olur, insanlar aparatları nasaz vəziyyətə gətirirlər.

Nasaz vəziyyətdə olduğu üçün həmin terminalları yenidən həmin ünvana quraşdırmırıq.

Hazırda terminalların həmin dayanacaqlara qaytarılması ilə bağlı heç bir məlumat yoxdur.

Amma hazırki vəziyyətə əsasən bir terminal texniki nasaz olduğu halda onun yenidən bərpası xeyli vaxt ala bilər. Nəzərə alsaq ki, bu bir deyil, bir neçə ədəddir. Onların yenidən bərpa olunması üçün isə çox vaxt sərf oluna bilər”.




BakuPost
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər