Ru
10:46 / 16 Fevral 2022

Oğlanlar evlənməyə qız tapmayacaq, xaricə qaçacaq... - Kişilərin “nəslim davam etsin” problemi

65348
Azərbaycan qadını müdrikliyi, qəhrəmanlığı, cəmiyyətdəki mövqeyi və analıq keyfiyyəti ilə hər zaman seçilib. Qadınlarımız bütün dövrlərdə xalqımızın taleyüklü məsələlərinin həllinə, milli-mənəvi dəyərlərin qorunmasına öz töhfələrini veriblər. Müasir cəmiyyətin bütün sahələrində də qadınların fəaliyyəti və rolu danılmazdır. Ancaq son zamanlar gələcəyin anası, cəmiyyətin bir parçası olacaq qız uşaqlarının sayında azalma müşahidə olunur. Statistik göstəricilərə əsasən, bu hal son illərdə nəzərəçarpacaq dərəcədə artıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ildə Azərbaycanda 73 min 177 körpə doğulub. Doğulanlar arasında oğlanların xüsusi çəkisi 53,4, qızlarınkı isə 46,6 faiz olub. 2018-ci ildə doğulanlardan 74 min 224-ü oğlan, 64 min 758-i qız, 2017-ci ildə doğulanlardan 76 min 584-ü oğlan, 67 min 47-si qız uşaqları olub. 2019 və 2020-ci illərdə yeni doğulan körpələr arasında oğlan say etibarilə üstünlük təşkil edib. Belə ki, yeni doğulan 100 qız uşağına 114 oğlan uşağı düşür. Məlumata görə, artıq bir necə ildir ki, Azərbaycanda qız uşaqlarının sayında azalmalar gözə çarpır. Mütəxəssislərin fikrincə, doğulanlar arasında oğlan uşaqlarının üstünlük təşkil etməsi növbəti illərdə də davam edərsə, gələcəkdə qadınların sayında kəskin azalma yaranacaq. Bu da öz növbəsində davamlı demoqrafik inkişafa mənfi təsir edə bilər.



Həkim-ginekoloq Səbinə Əliyevanın sözlərinə görə, əksər ailələr, xüsusən də evdə bir qızı olanlar ikinci uşağın oğlan olmasını istəyirlər:


“Dəfələrlə şahidi olmuşam ki, qadınlar ikinci hamiləlik zamanı uşağın cinsiyyətinin qız olduğunu öyrənən kimi hamiləliyi yarımçıq saxlayıb. “Bir qızım var, bəsdir” deyib, dölü tələf ediblər. Həkim olaraq bu qadınları fikirlərindən yayındırmağa çalışmışam. Ancaq çox az hallarda nəticə olub. Əksər hallarda qadınları aborta vadar edən həyat yoldaşlarıdır. Çünki kişilərin çoxu ailədə ikinci qızın doğulmasını istəmir. İkinci, üçüncü uşağın qız olması ailələrdə böyük narazılığa, söz-söhbətə səbəb olur. Kişilər nəslin davamçısı kimi oğlan uşağı arzulayırlar. Bu səbəbdən də qadınlar dölün qız olduğunu bilən kimi məcbur olub abort etdirir. Qadınlar bilməlidirlər ki, abort zamanı həyat üçün təhlükəli qanaxmalar, infeksion xəstəliklər ehtimalı yüksəkdir. Nəinki abort zamanı, hətta abortdan sonra da qadınlarda müəyyən fəsadlar, problemlər müşahidə olunur”.

İki qız anası Leyla Gülməmmədova deyir ki, birinci qızının dünyaya gəlişi ailədə normal qarşılandı, “ikinci oğlan olar” deyib hər kəs özünə təskinlik verdi: “İkinci hamiləlik zamanı dölün cinsiyyətini müəyyən etmək mümkün olmadı. Uşaq 5 aylıqkən cinsiyyəti dəqiq bilindi. Qız olduğunu biləndən sonra yoldaşım və qayınanam çox kədərləndi. Bu ayda abort etdirmək təhlükəli idi. Ona görə də mənə “istəmirik, uşağı götüzdür” deyə bilmədilər. Övladım doğuldu. Artıq 5 yaşı var. Ancaq hər dəfə yoldaşım və ailəsi deyir: “Kaş bu, qız yox, oğlan olaydı. Nəslimizin, soyadımızın davamçısı...” Bu müddət ərazində bir neçə dəfə hamiləlik olub. Ancaq qız olduğunu bilən kimi yoldaşımın təkidi ilə hamiləliyi yarımçıq dayandırmaq məcburiyyətində qalmışam. Ailədə heç kəs üçüncü qızın dünyaya gəlişinə razı deyil”.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova qeyd edir ki, ailədə qız uşaqlarının doğulmasına qarşı çıxan və onlara soyuq münasibət bəsləyən daha çox kişilər olur:



“Çünki onlar öz nəslinin, soyadının davamçısı kimi oğlanı görürlər və ailədə qız uşağının doğulması kişilər üçün arzuolunmaz sayılır. Məsələn, ailədə ilk övlad kimi qız uşağı dünyaya gələndə ikincinin oğlan olacağı təsəllisi ilə ailə başçısı bunu qəbul edir. Ancaq ikinci uşaq da qız olanda o, bununla barışmır. Həm həyat yoldaşına, həm də uşaqlarına soyuq münasibət bəsləyir. Ailədə üçüncü, dördüncü qızın doğulması isə ümumiyyətlə belə şəxslər üçün arzuolunan deyil”.

M. Zeynalovanın sözlərinə görə, valideynlərin övladlar arasında ayrıseçkilik yaratması gələcəkdə ciddi fəsadlarla müşahidə olunur: “Əslində, ailələrdə övlada qarşı ayrıseçkilik cinsə görə uşaqlara fərq qoyulduğu andan başlayır. Cinsi fərqə görə qız uşaqları hüquqlardan tam istifadədə əngəllərlə qarşılaşır. Qızlar bu davranışı, yəni hüquqlarının pozulmalarını normal hesab etməyə başlayır. Bu, onları gələcəkdə öz hüquqlarını müdafiə etməkdən çəkindirir. Qız uşaqlarında ciddi komplekslər yaranmaqla yanaşı, stereotiplər baş qaldırır. Qız uşağına qarşı bu ayrıseçkilik onların təhsil, özünüifadə, seçim etmək, sərbəst qərar qəbul etmək kimi hüquqlarını reallaşdırmaqda maneə törədir. Digər bir tərəfdən, ailələrdə qız uşağı dünyaya gətirən anaya da münasibət əksər hallarda birmənalı olmur. Yəni qız uşağı dünyaya gətirən anadan boşanma və bəzi hallarda ona qarşı zorakılığın kəskinləşməsi mövcuddur. Bəzən bu, kifayət qədər açıq görünməsə də, məişət səviyyəsində hələ də özünü qoruyub-saxlayır. Əslində, cinsə görə ayrıseçkiliyi sərgiləyən, yəni bu fikri ortaya atan kişi olur. Lakin onu inkişaf etdirən analar da az deyil. Burada instinktiv olaraq daha çox özünüqoruma halları aşkarlanır – övladını müdafiədən özünümüdafiəyə keçid. Təbii ki, qadının başqa yolu yoxdur, o, özünü müdafiə etmək üçün övladını qurban verir. Mütəxəssislər birmənalı şəkildə bəyan edirlər ki, övladlar arasında ayrıseçkilik onların gələcək davranışlarında ciddi problemlərə yol aça bilər. Ona görə də valideynlər bu məsələdə diqqətli olmalı və cins fərqi qoymadan bütün övladlarının şəxsiyyət kimi formalaşmasına çalışmalıdırlar”.

Millət vəkili Fazil Mustafanın fikrincə, övladlar arasında fərq qoymaq cahillikdir:



“Oğlan uşaqları nəslin davamçısı hesab olunduğundan ailələrdə daha çox oğlan uşaqlarının doğulmasına üstünlük verilir. Ailələrin əksəriyyəti düşünmədən, heç bir məntiqə söykənmədən qız uşaqlarından imtina edirlər. Bəzi ailələrdə övladlar arasında fərq qoyulur, oğlan uşağı əsas, qız həmişə ikinci planda olur. Bu, çox yanlış düşüncədir. Mənim üçün övladlar arasında fərq qoyan insan cahil insandır”.

Millət vəkili Musa Quliyev isə hesab edir ki, ailədə övladlar arasında fərq qoymaq düzgün deyil:



“Qeyrətli, yüz oğlana dəyən qızlarımız var. Təəssüflər olsun ki, bəzi ailələr belə düşünmür və qız uşağına arzuolunmaz övlad kimi baxırlar. “Qız yükü, duz yükü” deyib ailədə qız övladının doğulmasına qarşı çıxırlar. Bu, düzgün yanaşma deyil. Qızlarımız başımızın tacıdır, onlar bizim ana və bacılarımızdır. Oğul düşmən çəpəridirsə, qız da evin sevincidir. Evdə qız uşağı varsa, sevinc daha çox olur”.

Millət vəkili bildirib ki, dünyanın bir çox ölkələrində, xüsusən də Şərq ölkələrində doğulan körpələr arasında oğlanlar üstünlük təşkil edir: "Bu ölkələrdə də qız və oğlan uşaqlarının faiz nisbətində problemi aradan qaldırmaq üçün mübarizə aparılır. Təcrübə göstərir ki, mübarizənin ən uğurlu yolu və forması maarifləndirmədir. İnzibati qaydada tədbirlərin görülməsi də mütləqdir. Amma burada insanların tibbi və dini baxımdan maariflənməsinin böyük əhəmiyyəti var”.

M. Quliyevin dediyinə görə, yenidoğulanlar arasında qızların sayının azlıq təşkil etməsinə səbəb dölün cinsiyyətinin öncədən müəyyən olunmasıdır. Bu da selektiv abortların sayının artmasına səbəb olur: “Selektiv abortunun qarşısı alınmalıdır, bu əməli edənlər haqda ciddi tədbirlər həyata keçirilməlidir. Bir canlı məhv edilirsə, artıq bunu edən həkim də cinayət məsuliyyətinə cəlb olunmalıdır. Övladın istər ana bətnində olsun, istərsə xaricdə olmasının heç bir fərqi yoxdur, o da canlıdır və onu cinsinə görə məhv edən insanlar da cinayət əməli törətmiş olurlar. Mütləq bu əməli törədənlər üçün Cinayət Məcəlləsində dəyişikliklər edilməlidir. Bu cinayəti törədənlər qanun qarşısında cavab verməlidirlər. Belə olduğu halda cinsinə görə abortların sayında ciddi dəyişiklik olar və qız uşaqlarının dünyaya gəlmədən məhv edilməsinin də qarşısı alınmış olar”.



M. Quliyev vurğulayıb ki, qız və oğlan uşaqları arasında faiz nisbətinin pozulması demoqrafik gərginliyə səbəb olur: “Hər il oğlan uşaqlarının sayı artır, qız uşaqlarının sayı isə azalır. Evlənmə yaşına çatanda oğlanların sayı qızlardan çox olacaq. Oğlanlar evlənməyə qız tapmayacaq. Subay qalma halları artacaq, oğlanlar başqa ölkələrdən, başqa millətdən olan qızlarla evlənəcək, nikahların milliliyini qorumaq çətinləşəcək”.



Qüvvədə olan qanuna görə, 12 həftəyə qədər hamiləlik ananın istəyi ilə sonlandırıla bilər. 12 həftədən 22 həftəyə qədər ailənin sosial vəziyyəti nəzərə alınmaqla aborta yol verilir. 22 həftədən sonrakı dövrdə isə yalnız ananın sağlamlığı nəzərə alınaraq tibbi göstərişə əsasən abort icra oluna bilər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, qız uşaqlarının abortu elm və texnologiyanın inkişafından qaynaqlanır. Məsələn, 30-40 il əvvəl heç kim doğulacaq uşağın cinsiyyətini bilmirdi. Texnologiya bu qədər inkişaf etməmişdi. Nəticədə bəzi ailələrdə hətta 4-5 qız uşağından sonra oğlan doğulurdu. Beləcə cins nisbəti sabit qalırdı. Təəssüf ki, bu gün valideynlər əvvəlcədən uşağın cinsini öyrənə bilir və bir çox ailələr qız uşaqlarının olmasını istəmirlər. Qız uşaqları hələ dünyaya gəlməmiş, ana bətnində ayrıseçkiliyə məruz qalır, məhv edilir. Ölkədə daha çox qadın cinsinə məxsus ikinci və növbəti uşaqların abort etdirilməsi müşahidə olunur. Eyni zamanda, bəzən hansısa səbəblərə görə abort edilməyən qız uşaqları ailələrdə münaqişələrə, dava-dalaşların meydana gəlməsinə səbəb olur. Komitə öz növbəsində daim bu istiqamətdə maarifləndirmə tədbirləri həyata keçirdiyini vurğulanıb.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, millət vəkili, professor Hicran Hüseynovanın dediyinə görə, qız uşaqlarına münasibəti ümumiləşdirmək olmaz, çünki bəzi ailələrin övladları ancaq qızlardan ibarətdir. Onlar valideynlərin qayğısı ilə böyüyür, yaxşı təhsil alır, xarici ölkələrdə təkmilləşdirmə kurslarında iştirak edirlər, bir sözlə ailədə onlar üçün bütün imkanlar yaradılır:



“Lakin bununla yanaşı, bir çox ailələrdə problem var, qız uşaqlarına qarşı ayrıseçkilik edilir. Bildiyiniz kimi, bu sahədə müvafiq dövlət qurumları, qeyri-hökumət təşkilatları, eləcə də dövlətin əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlar çoxlu sayda əhəmiyyətli layihələr həyata keçirirlər. Lakin bu sahədə görülən işlər daha da gücləndirilməlidir. Xüsusilə, Ağsaqqallar və Ağbirçəklər şuraları da bu istiqamətdə aktiv fəaliyyət göstərməlidirlər. İctimai qınaq olmalıdır. Bundan əlavə, yaxşı nümunələr KİV, televiziyalar, sosial media vasitəsilə təbliğ olunmalıdır. Uğurlu qızlarımız təşviq olunmalıdır. Bildiyiniz kimi, Nazirlər Kabineti “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nı təsdiq edib. Həmin Tədbirlər Planında uşaqların doğulanadək cins seçiminin qarşısının alınması ilə bağlı müvafiq qurumlar tərəfindən həyata keçirilməli olan tapşırıqlar var. İnanıram ki, aparılan maarifləndirmə işlər nəticəsində qız uşaqlarına qarşı münasibət dəyişəcək”.


BMT-nin Əhali Fondunun proqnozuna görə, əgər doğulan uşaqların cins nisbəti 116 və ya artıq olarsa, 2050-ci ilə qədər bizi ciddi problemlər gözləyir. Oğlan uşaqlarının çox, qızların sayının azlığı cəmiyyət üçün ciddi problemlər yaradacaq.


Millət vəkili Aydın Mirzəzadə deyir ki, son illər doğulan uşaqlar arasında oğlanların sayı üstünlük təşkil edir. Bu isə o deməkdir ki, 5-10 ildən sonra ailə qurmaq istəyən oğlanlar artıq ölkəmizdə qız çatışmazlığı ilə üzləşəcəklər:



“Uşaqların cins nisbətinin pozulması əvvəllər o qədər də hiss olunmayan, lakin hazırda cəmiyyəti düşündürən məsələlər sırasında dayanır. Əgər bu disbalans davam edərsə, demoqrafik prosesə və genofonda mənfi təsir göstərə bilər”.


Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq hazırlanması “gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” mövzusunda hazırlanıb.


Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər