Ru
11:25 / 06 İyul 2024

Oğlu və xanımını qəzada itirdi, müharibədə döyüşdü... - Məsud Pezeşkian kimdir?

3543
Xəbər verdiyimiz kimi, iyulun 5-də İranda keçirilən növbədənkənar prezident seçkilərinin ikinci turunda əslən azərbaycanlı namizəd Məsud Pezeşkian qalib gəlib. Belə ki, o, 16.384.403 səs, rəqibi Səid Cəlili isə 13.538.179 səs toplayıb.

İranın 9-cu prezidenti olan Məsud Pezeşkian təkcə siyasi keçmişi ilə deyil, həm də özünəməxsus mövqeyi ilə də seçilir.

Bakupost.az Məsud Pezeşkianın bioqrafiyasından bəzi maraqlı məlumatları təqdim edir:



İslahatçı siyasətçi Məsud Pezeşkian 29 sentyabr 1954-cü ildə Mahabad şəhərində azərbaycanlı ailəsində anadan olub. O, hər fürsətdə türk olması ilə qürur duyduğunu dilə gətirib. Yol qəzasında həyat yoldaşını və oğlunu itirən Pezeşkian mərhəmətli və dözümlü şəxsiyyət kimi ölkədə rəğbət qazanıb.

Soyadı farscadan tərcümədə "həkimlər" mənasını verən Pezeşkian Təbriz Universitetinin tibb fakültəsini bitirib. O, 1980-1988-ci illər arasında İran-İraq müharibəsi zamanı həm döyüşçü, həm də həkim kimi xidmət edib. 1985-ci ildə ümumi praktika həkimliyi kursunu bitirən Pezeşkian müharibədən sonra Təbriz Səhiyyə Elmləri Universitetində ümumi cərrahiyyə ixtisası üzrə təhsilini davam etdirib.

1993-cü ildə Təbriz Səhiyyə Elmləri Universitetində ürək cərrahiyyəsi ixtisasına yiyələnən Pezeşkian 1994-1999-cu illərdə Təbriz Səhiyyə Elmləri Universitetinin rektoru vəzifəsində çalışıb.


Pezeşkiyan 1994-cü ildə həyat yoldaşı Fatma Məcidi və bir oğlunu yol qəzasında itirib, qalan iki oğlu və bir qızını tək böyüdüb. O, bu faciədən sonra bir daha ailə qurmayıb. Pezeşkianın itkisi və fədakarlığı ilə bağlı bu hekayə İran cəmiyyətində onu mərhəmətli və möhkəm şəxsiyyət kimi tanıdıb. Bu cəhətləri bir çox insanlar tərəfindən ona rəğbət və hörmət qazandırıb.

Pezeşkianın siyasi həyatı onun 1997-ci ildə, keçmiş prezident Məhəmməd Hatəminin dövründə səhiyyə nazirinin müavini təyin edilməsi ilə başlayıb. Daha sonra 2001-ci ildə Hatəmi dövründə səhiyyə naziri təyin edilib və 2005-ci ilə qədər bu vəzifədə qalıb.

2008-ci ildə ölkədə keçirilən seçkilərdə Təbrizdən millət vəkili kimi parlamentə daxil olub. Pezeşkian o vaxtdan bəri deputat kimi beş dəfə Təbrizi təmsil edib.

O, heç vaxt hakimiyyətin müxalifətə münasibətini sərt tənqid etməkdən çəkinməyib. 2009-cu ildə prezident seçkilərindən sonra baş verən hadisələr zamanı təhlükəsizlik qüvvələrinin müdaxiləsini parlamentdə sərt tənqid etdiyi üçün mühafizəkar millət vəkilləri ilə gərginlik yaşayıb.

2013-cü ildə İranda keçiriləcən prezident seçkilərində iştirak üçün namizəd kimi müraciət edən, lakin sonradan namizədliyini geri götürən Pezeşkian 2016-cı ildə 4 il İran parlamentinin sədr müavini vəzifəsində çalışıb. Bu müddət ərzində o, nüvə sazişini və Qərblə münasibətləri müdafiə edib.



Pezeşkiyanın 2021-ci il seçkiləri üçün namizədlik ərizəsi Konstitusiyanın Mühafizəçilər Şurası tərəfindən rədd edilib. O, martın 1-də keçirilən parlament seçkilərində Təbrizin deputatı kimi yenidən parlamentə daxil olub.

2022-ci ilin sentyabrında İranda Məhsə Əmini adlı gənc qadının polis zorakılığı nəticəsində ölməsindən sonra dövlət televiziyasında iştirak etdiyi proqramdaPezeşkian qadınlar üçün məcburi hicab qanunu ilə bağlı müdaxilələrin vəziyyəti daha da pisləşdirdiyini və buna son qoyulmalı olduğunu bildirib.

O, "Uşaqlarımızın iffətli olmasını istəyirik, lakin bu davranışlar onları dindən uzaqlaşdırırsa, bu üsulu davam etdirməməliyik" deyib.

Keçmiş prezidentlər Məhəmməd Hatəmi, Həsən Ruhani və keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərifin açıq dəstəyini alan Pezeşkian seçki kampaniyalarında ölkədə “etnik və məzhəb ayrı-seçkiliyi” və məcburi hicab probleminə diqqət çəkib. O, iqtisadiyyat və ədalətlə bağlı problemləri həll edəcəyinə söz verib.




İnternet qadağalarını böyük ölçüdə qaldıracağına söz verən Pezeşkian daxili və xarici siyasətdə mühüm islahatların aparılmasının və Qərblə daha yaxşı əlaqələrin qurulmasının lazım olduğunu bildirib.

Pezeşkian 2005-ci ildən sonra İranda prezident seçilən ilk islahatçı şəxsdir.



Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər