Ru
08:00 / 11 Sentyabr 2026

Çeçenlər dəyişir: Kadırov niyə uzun saqqalla qısa şalvara qarşı çıxır?

Çeçenlər dəyişir: Kadırov niyə uzun saqqalla qısa şalvara qarşı çıxır?
Eye

Çeçenistan rəhbəri Ramzan Kadırov regionun güc strukturlarının rəhbərləri ilə keçirdiyi iclasda kişiləri uzun saqqal və qısaldılmış şalvar geyinməyi dəb halına gətirməməyə çağırıb.

“Bakupost” TASS-a istinadla xəbər verir ki, Kadırov bu cür geyim və xarici görünüş tərzinin gənclər arasında yanlış meyl yaratdığını bildirib.

Kadırov qeyd edib ki, uzun saqqal saxlayanların əksəriyyəti cümə namazlarına və məscidlərə getmir, əvəzində küçələrdə vaxt keçirib avaraçılıqla məşğul olurlar.

Çeçenistan lideri həmçinin çadra geyinməyə başlayan çeçen qadınlarına da müraciət edib. O, qadınları milli və dini dəyərlərə uyğun geyinməyə səsləyərək Çeçenistanda heç vaxt çadra örtmək ənənəsinin olmadığını vurğulayıb.

Kadırov bu bəyanatla nə məqsəd güdür?

Konfliktoloq Üzeyir Şəfiyev “Bakupost”a bildirib ki, Kadırovun sözügedən bəyanatı ənənəvi çeçen cəmiyyətinin davamlılığının qorunmasına hesablanmış addımdır:

“O, bu açıqlamaları ilə əhalinin, xüsusən də gənclərin dini mahiyyətdən irəli gələrək geyinmələrini istəyir, nəinki bunu dəb, trend halına salmalarını. Yəni o istəyir ki, gənclər dinə köklənsin. Eyni zamanda, xanımlara münasibətdə də çeçen qadın geyim tərzini təşviq edir. Bu çağırışla milli kimliyi, daha konservativ və ənənəvi cəmiyyəti qoruyub saxlamaq və onu gələcək nəsillərə ötürmək məqsədi daşıyır”.

Həmsöhbətimizə görə, bununla da Kadırov dəyişikliklərə açıq olmadığını göstərir:

"O göstərir ki, idarə olunması asan olan ənənəvi cəmiyyətin davamlılığında maraqlıdır. Çünki yeni meyllənmələrdən qorxur”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar