İsrailin Qüds İvrit Universiteti və Veytsman Elmlər İnstitutunun alimləri döş xərçəngini erkən mərhələdə 95% dəqiqliklə aşkarlaya bilən yeni qan analizi hazırlayıblar.
"Bakupost" Yeniavaz.com-a istinadla xəbər verir ki, tədqiqatın nəticələri “Nature” jurnalında dərc olunub.
Bildirilir ki, yeni test yalnız xərçəngin aşkarlanmasına deyil, həm də müalicədən sonra xəstəliyin təkrarlanma riskinin müəyyən edilməsinə kömək edə bilər.
Metodun əsasını hüceyrələrdə genlərin fəaliyyətini tənzimləyən epigenetik dəyişikliklərin araşdırılması təşkil edir. Alimlər bu dəyişikliklərin izlərini qanda taparaq xərçəng hüceyrələrini müəyyən edə bilirlər.
Tədqiqat çərçivəsində döş xərçəngi olan 77 pasiyentin və 30 sağlam qadının qan nümunələri araşdırılıb. Süni intellekt modellərinin köməyi ilə aparılan analizlər nəticəsində şişin ölçüsü 2 santimetrdən çox olmadıqda və hələ döş toxumasının hüdudlarından kənara yayılmadıqda belə, xərçəngin aşkarlanma dəqiqliyi 95%-ə çatıb.
Araşdırmanın digər mühüm nəticəsi xərçəngin təkrarlanması ilə bağlıdır. Alimlər müəyyən ediblər ki, zahirən aqressiv olmayan şişlərdə belə ətraf toxumalara yayılma qabiliyyətinə malik azsaylı hüceyrələr ola bilər. Müalicə zamanı şişin əsas hissəsi məhv edilsə də, bu hüceyrələr sağ qalaraq xəstəliyin yenidən yaranmasına səbəb ola bilər.
Tədqiqatçılar hesab edirlər ki, yeni qan analizi həm döş xərçənginin erkən aşkarlanması, həm də müalicədən sonra residiv riskinin qiymətləndirilməsi üçün perspektivli üsuldur.