“Azərbaycan xalqı artıq bizə gülür. Kimin kim olduğunu çox yaxşı anlayırlar. Azərbaycanda Paşinyana "bizim adam" deyilir. Yəni artıq Azərbaycanda hamı başa düşür ki, kim kimdir. Ermənistanda isə hələ də nə baş verdiyini anlamayan, ya da hər şeyin özləri üçün dəyişmədiyini düşünən insanlar var.”
Bakupost.az xəbər verir ki, bu sözləri erməni türkoloq Tiran Lokmaqozyan deyib.
Lokmaqozyan Paşinyanın türklərə yol verməkdən yox, "Turan yolu"nu açmaqdan danışdığını qeyd edib. Türkoloqun sözlərinə görə, bu yol onlar üçün (red: Azərbaycan və Türkiyə) ideoloji mirasdır:
“Bu gün Türkiyədə bu koridora "Tələt Paşa koridoru" deməyi təklif edənlər var. Paşinyan hökuməti Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyan ilk erməni hökuməti olduğu üçün "Turan yolu"nu açdığını da ilk o elan etmiş oldu.”
O vurğulayıb ki, bu planlar sadəcə nəqliyyat layihəsi deyil, türklərin yüzillik arzusu olan "Turan"ı qurmağa yardım etmək anlamına gəlir.
Erməni türkoloq həmçinin son diplomatik görüşlərin ardıcıllığını təsadüfi saymır:
“Siyasətdə təsadüf yoxdur. Ardıcıllığına baxsaq – əvvəl Əliyev Ərdoğanla görüşdü, sonra Paşinyan Ərdoğanla danışdı, indi isə Paşinyan Əliyevlə görüşür. Bütün bunlar bir-biri ilə bağlıdır. Əgər Qərb Ermənistanın mövqeyini konstruktiv adlandırırsa, bu o deməkdir ki, hər şey artıq türklərə verilib.”
Aysel,
BakuPost